Cümə , Noyabr 27 2020
Ana səhifə / Aktual / 6 il həbs cəzası alan jurnalistin həyat yoldaşı danışdı

6 il həbs cəzası alan jurnalistin həyat yoldaşı danışdı

Lamiyə Orucova: “… Çox ağır oldu”

Ötən həftə “Kanal 13″ İnternet Televiziyasının rəhbəri Əziz Orucov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətində azadlıqdan məhrum edildi. ”Kanal 13″ rəhbəri hökmdən narazıdır və yaxın günlərdə qərardan apelyasiya şikayəti veriləcək.

Bu barədə “Yeni Müsavat”a Ə.Orucovun həyat yoldaşı Lamiyə Orucova məlumat verdi: “Azərbaycan reallıqlarını nəzərə alsaq, bu qərar tam gözlənilən idi. Heç bir halda hakim Əziz bəyə nə bəraət, nə şərti azadlıq, nə də az il verə bilərdi. İndiyə qədər görmüsünüzmü ki, hakim bunlardan hansısa birini etsin? Mən öz təcrübəmdə bunun şahidi olmamışam. Bu qərarı nə qədər gözləsək də, Əzizin həbsi çox ağır oldu. İnsan qəbullana bilmir. Bu qədər faktın göz ardına vurulması, dəlillərlə sanki onlar yoxmuş kimi davranılması insanı çərçivədən çıxardır. Ancaq əlimizdən başqa bir şey gəlmir, yazıb pozmaqdan, etiraz etməkdən başqa. İnsan kimdən hara şikayət edəcəyini bilmir. Çünki bilirsən ki, onsuz da baxılmayacaq. Hakim qəbul etmək istəməsə də, ona dəyər verməsə də, bütün Azərbaycan, bütün kolleqalarımız bilir ki, Əziz bəy suçsuzdur. Onun alnıaçıq, başı dikdir, hər kəsin yanında. Bütün bu qərarlar, jurnalistlərin həbsi hər şeydən öncə Azərbaycana təzyiqlərə səbəb olur, ölkəmizə başucalığı gətirmir.

Düşünün ki, vətəndaş müraciət edir ki, ona kömək edilsin və görür ki, həmin jurnalistin özünü həbs ediblər. Sizcə, bu hadisələrdən sonra vətəndaşda kiməsə inam qalarmı?”.

L.Orucova həyat yoldaşı ilə hökmdən sonra telefonla danışdığını söylədi: “Əzizlə dünən telefonla danışdım. Hamıya salamları var. O da zatən qərarın belə olacağını bilirdi. Təbii ki, mübarizəyə davam edəcəyik. Qarşıda apelyasiya məhkəməsi var, ora müraciət edəcəyik. Ümid edək ki, bəlkə orada cüzi olsa da, müsbət qərar çıxar. Bir jurnalistin susdurulması cəmiyyətin susdurulması deməkdir. Biz hər birimiz bu xalqa, vətənə xidmət edirik”.

Qeyd edək ki, Əziz Orucov 2014-cü ildə QHT-lərə qarşı başladılmış cinayət işindən ayrıca icraata götürülmüş istintaq üzrə ittiham edilib.

O, Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq; külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308.2-ci (vəzifə saxtarakarlığı; ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilir. Onun barəsində üçün Nəsimi rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Ə.Orucov ittihamları qəbul etmir və təqsirsiz olduğunu bildirir.

***

Həbsdə olan REAL sədri İlqar Məmmədovun azadlığa buraxılması barədə Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycana qarşı başlatdığı proseduradan isə hələ bir xəbər yoxdur. Dekabrın 11-də başladılan xüsusi prosedura da hələ işin gedişində müsbət rol oynamır. Bu ayın sonuna qədər müəmmalı vəziyyətin davam edəcəyi, ya ilin sonunda, ya da gələn ilin əvvəllərində İ.Məmmədovla bağlı “yaşıl işıq”ın yandırılacağı bildirilir.

Həmçinin oxuyun

“Onun psixi problemləri var” – Erməni generaldan Paşinyana CAVAB

“Nikol Paşinyan psixi pozuntulardan əziyyət çəkir. O, ordunun, müharibənin, nəyin nə vaxt olduğunu bilmir”. Azinforum.az …