Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Aktual / 400 nəfərdən çox şəxs Zakir Fərəcovu məhkəməyə verdi

400 nəfərdən çox şəxs Zakir Fərəcovu məhkəməyə verdi

Xəbər verdiyimiz kimi, bir qrup iş adamı ilə Sumqayıtın icra başçısı Zakir Fərəcov arasında borc qalmaqalı davam edir. JAMAZ.İNFO xəbər verir ki, Sumqayıtda giriş hissənin və Bulvarın tikintisini həyata keçirmiş şirkətlər və 400-dən çox fəhlənin indiyə qədər pullarının verilməməsi narazılığı pik həddə çatdırıb.  

Belə ki, 2016-cı ildə başa çatmış işlərlə əlaqədar 12 milyon manat pul ayrılsa da, Zakir Fərəcov həmin vəsaitin yalnız 4 milyon manalıq hissəsini ödəyib. Yerdə qalan 8 milyon manata yaxın pulu isə ödəməkdən imtina edir.

Bununla bağlı, dəfələrlə Prezident Admnistrasiyasında olmuş iş adamları və fəhlələr xahiş ediblər ki, həmin pulun alınmasına onlara yardımçı olsunlar. Bundan başqa, Prezident İlham Əliyevdən də yardımçı olmasını xahiş ediblər. İndiyə qədər sahibkarlara ödənilməli olan vəsaitdən heç nə verilməyib. Əksinə, Zakir Fərəcov onlara çatacaq pulun 30 faizinin ona verilməsini tələb edib ki, bu da böyük qalmaqala səbəb olmuşdu. Belə ki, Sumqayıtın meri pulunu tələb edən sahibkar və fəhlələri təhdid edərək, onları polis və prokurorla qorxudaraq, həbs etdirəcəyini söyləyib.

Hazırda münasibətlərin daha gərgin səviyyəyə gəlib çatdığı bildirilir. Bu barədə JAMAZ.İNFO-ya açıqlama verən sahibkarlar bildiriblər ki, onlar artıq dözə bilmirlər. “Zakir Fərəcovun vermək istəmədiyi pulun heç də hamısı bizə çatmır. Biz Bulvarın və şəhərdəki tikinti işlərinə görə, mal və materialları başaqalarından almışıq. Hazırda da onlara borclu qalmışıq. Onlar da haqlı olaraq öz pullarını tələb edirlər”.

Sahibkarlar onu da bildiriblər ki, Zakir Fərəcov həmin pulu verməmək üçün müxtəlif bəhanələr gətirir. “Bir ara bizdən həmin pulun 30 faizini tələb edirdi. Üstəlik, tələbi yerinə yetirilməyəcəyi təqdirdə, bizi həbs etdirəcəyi ilə hədələyirdi. Bu işə yaramayanda, başqa vasitəyə əl atdı. Sumqayıt İcra Hakimiyyəti Tikinti və Memarlıq şöbəsinin müdiri Adil Xudadatovu qabağa verdi və dedi ki, pulumuzu o verəcək. O da gah dedi, pul yığmayıb, gah dedi işçiləri hələ ərazidən qayıtmayıb, gah da dedi ki, onluq məsələ yoxdur. İndi də Fərəcov başlayıb ki, tikitinin smetasını araşdırır, həm də görülən işlərlə bağlı araşdırma aparır. Nəyin araşdırmasını aparacaq? Vaxtında bir dəfə qiymətləndirmə təşkil elədi, məlum oldu ki, həmin işlərin real dəyəri ayrılan puldan 4 milyon manat çoxdur. İndi durub təkrar araşdırma aparmaq eşqinə düşmək, vaxt udmaq, borcu qaytarmamaq istəyindən başaqa bir şeydir”.

Sahibkarlar JAMAZ.İNFO-ya onu da bildiriblər ki, Zakir Fərəcovdan pullarını ala bilmədikləri üçün hüquqi müstəvidə mübarizəyə başlayıblar. Onların dediyinə görə, borc sahibləri olan iş adamları bütün dəlil və sübutları, habelə zəruri sənədləri toplayaraq, məhkəməyə müraciət ediblər. “Bütün sənədləri qaydasına salıb, məhkəməyə müraciət etdik. Sonradan bizimlə birlikdə əziyyət və zəhmət çəkmiş 400 nəfərdən çox fəhlə də iddiaçı kimi bizə qoşuldu. Onlar həm məhkəməyə, həm də Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etdilər. Ümid edirik ki, məhkəmə Zakir Fərəcovun qanunsuz əməllərini təsdiqləyib, bizim qanuni haqqımızın geri qaytarılmasında yardım edəcək”.

Sahibkarlar onu da bildiriblər ki, onların haqqı olan pullarını alana qədər mübarizələrinə davam edəcəklər. Onlar hımçinin qeyd ediblər ki, məsələ ilə bağlı təkrar Prezident Admnistrasiyasına müraciət edəcəklər. Eyni zamanda, Prezident İlham Əliyevdən də dəstək istədiklərini bəyan ediblər.

Xatırladaq ki, sahibkarlar və işçilər təkcə Zakir Fərəcovu deyil, həmçinin müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Hüseynov Fəzail Ağar oğlunu da məhkəməyə veriblər. Belə ki, bu işlərdə onun da böyük rolunun olduğu vurğulanır. Bununla bağlı, yaxın günlərdə geniş məlumat verəcəyik. 

Həmçinin oxuyun

İran Ermənistanın PUA-sını vurdu

İran öz dövlət sərhədlərini pozan Ermənistana məxsus pilotsuz uçuş aparatını (PUA) vurub. Bildirilir ki, səhər …