Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / 4 saylı cəzaçəkmə müəssisəsində Azərbaycan xalçaçılıq məktəbinin ənənələri təbliğ olunur

4 saylı cəzaçəkmə müəssisəsində Azərbaycan xalçaçılıq məktəbinin ənənələri təbliğ olunur

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı bu prosesin daha da genişləndirilməsi və növbəti mərhələyə keçməsi üçün zəmin yaratmışdır.

Cəza-icra siyasətinin humanistləşdirilməsi, məhkumların hüquq və imtiyazlarının genişləndirilməsi, onların saxlanma şəraitinin, tibb, ərzaq və digər təminatlarının yaxşılaşdırılması, ictimai faydalı əməyə cəlb olunmaları son illərdə penitensiar sistemdə aparılan vüsətli yeniləşmə prosesinin mühüm nəticələridir.

Ölkəmizdə davamlı olaraq aparılan humanist siyasətin yeni təzahürü kimi mühüm əhəmiyyət kəsb edən Sərəncamla müəyyənləşdirilmiş tədbirlər kompleksi cəzanı icra edən orqan və müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsinə, onların fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına güclü təkan vermişdir. Məhkumlar üçün həm maddi, həm də mənəvi-psixoloji əhəmiyyət daşıyan ictimai faydalı əməyin təşkili məqsədilə mövcud istehsalat sahələrinin bərpası və yeni iş yerlərinin yaradılması prosesi sürətlənmişdir. Təsadüfi deyil ki, son bir neçə ay ərzində cəzaçəkmə müəssisələrində məhkumların əməyə cəlb olunması məqsədilə həmin müəssisələrdə yeni istehsal sahələrinin yaradılmasına və bu işə sahibkarların cəlb edilməsinə dair zəruri tədbirlər həyata keçirilmişdir.

Penitensiar xidmətin 4 saylı qadın cəzaçəkmə müəssisəsində toxuculuq, tikiş və xalçaçılıq üzrə istehsalat sahələrini inkişaf etdirmək məqsədilə yeni xana dəzgahları quraşdırılmış və işləyən məhkumların sayı artırılmışdır. Xalçaçılıq 4 saylı cəzaçəkmə müəssisəsində artıq ənənəvi peşə sahəsinə çevrilmişdir. Mövcud imkanlar hesabına xalça toxunuşunda istifadə olunan müasir məmulatların əldə edilməsi, xüsusi tələblərə cavab verən xanaların istehsalı bu sahəni daha da genişləndirməyə, müxtəlif çeşidli xalçaların toxunmasına imkan verir.

Cəzaçəkmə müəssisəsində toxuculuq sahəsinin təkmilləşdirilməsi, xalçaçılıqla məşğul olan qadınların fəaliyyətinin düzgün istiqamətləndirilməsi məqsədilə xidmət rəhbərliyinin təşəbbüsü ilə müəssisəyə Azərbaycanın xalq rəssamı Lətif Kərimovun tələbəsi, Azərbaycan Respublikasının Rəssamlar İttifaqının üzvü, xalçaçı-rəssam Eldar Hacıyev dəvət olunmuş və onun rəhbərliyi altında dünya sivilizasiyasının maddi-mədəni sərvətlər xəzinəsinə əvəzsiz töhvələr vermiş, UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, xalqımızın məişətində özünə möhkəm yer tutmuş və az qala xalqın rəmzinə çevrilmiş Azərbaycan xalça sənəti ənənələri daha yüksək səviyyədə təbliğ olunmağa başlamışdır. Hazırda məhkum qadınlar tərəfindən Azərbaycanın dünya şöhrətli şairi və mütəfəkkiri Nizami Gəncəvinin ölməz əsərlərindəki motivlərin və obrazların əks olunduğu xalçalar toxunmağa başlanmışdır. Milli naxış elementləri və qədim adət-ənənələrimizi əks etdirən təsvirlərlə zəngin həmin xalçalar görünüşü, keyfiyyəti, həm də orijinallığı ilə əvvəlkilərdən fərqlənir. Xalçaçılığı daha da inkişaf etdirmək və daha böyük uğurlar qazanmaq üçün zəruri tədbirlər davam etdirilir.

4 saylı cəzaçəkmə müəssisəsində Azərbaycan xalçaçılıq məktəbinin ənənələri təbliğ olunur

 

4 saylı cəzaçəkmə müəssisəsində Azərbaycan xalçaçılıq məktəbinin ənənələri təbliğ olunur

 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …