Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Aktual / 30 il sonrakı həbs – Elçibəy iqtidarını “Qaranquş” dəstəsi ilə nə bağlayır?

30 il sonrakı həbs – Elçibəy iqtidarını “Qaranquş” dəstəsi ilə nə bağlayır?

1992-93-cü illərdə prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı postunu tutmuş Elxan Nuriyev Polşada saxlanılıb. O, 1992-ci ilin sentyabrından 1993-cü il avqustun 22-dək Qubadlı rayonunun başçısı vəzifəsində çalışıb. Həmin ilin sentyabrında Azərbaycanı tərk edib. 90-cı illərdə Nuriyev Ukraynaya köçüb və orada vətəndaşlıq alıb.

Bəzi məlumatlara görə, Ali Radanın Hüquq komitəsinin əməkdaşı, Ukrayna Zabitlər Birliyi Nəzarət-Təftiş Komissiyasının sədri olub. İttihama görə, Elxan Nuriyev icra başçısı işləyərkən faktiki rəhbərlik etdiyi “Qaranquş” dəstəsinin üzvləri ilə birgə Qubadlı şəhərinin işğalının kökündə xəyanətin durduğunu iddia edərək rayonun polis rəisi Evarist Paşayevi, polis rəisinin sürücüsü Xanlar Nuriyevi, rayon prokuroru Nazim Ağayevi, prokurorluğun müstəntiqi Əyyub Vəliyevi, rayon məhkəməsinin hakimi Sərdar Hüseynovu qətlə yetiriblər. Bundan başqa, Elxan Nuriyev daha bir vəzifəli şəxsi öldürməyə cəhddə ittiham olunur. O, həmçinin Qubadlının işğalı dövründə vəzifə səlahiyyətlərini aşaraq icra hakimiyyətinə məxsus sənədləri yandırmaqda təqsirləndirilir. Azərbaycanın Baş Prokurorluğu onun ekstradisiyası üçün Polşanın müvafiq orqanlarına sorğu göndərib.

1995-ci ildə “Qaranquş” dəstəsinin 9 üzvü ölüm cəzasına məhkum edilib, lakin ölüm hökmünün ləğvi ilə əlaqədar ölüm cəzası ömürlük həbslə əvəz edilib. Məhkəmə prosesi zamanı müttəhimlər bildiriblər ki, qətllər ona görə törədilib ki, məmurlar rayonun müdafiəsini təşkil etmək əvəzinə qaçmağa cəhd ediblər.

Fazil Mustafa: “Biz şəhidimizə qarşı ermənilərə öz cavabımızı verməliyik...”

 Fazil Mustafa

Elçibəy hakimiyyətində təmsil olunmuş deputat Fazil Mustafanın E.Nuriyevlə bağlı paylaşımı maraq doğurur. Deputat vaxtilə Elxan Nuriyevin işi ilə bağlı hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri ilə müzakirələr apardığını bildirib:  “Vətənpərvər soydaşımız Elxan Nuriyevin Polşada saxlanması haqlı olaraq hamımızda narahatlıq yaradıb. Axtarışa Azərbaycan tərəfindən verilib, 1993-cü ildə baş verən hadisələrlə bağlı ittiham olunduğu maddələr var. Bu barədə vaxtilə hüquq-mühafizə orqanlarının rəhbərliyi ilə müzakirə də aparmışam. Əminəm ki, onun təqsirsizliyi haçansa məhkəmədə sübuta yetiriləcək. Elxan bəy Ukraynada Azərbaycanı təbliğ edən tanınmış simalardan biridir. Ümid edirəm ki, hüquq-mühafizə orqanlarımız xeyirxahlıq addımı ataraq bu problemin çözülməsinə çalışacaq və Elxan bəy Ukrayna üçün bu ağır günlərdə öz fədakar çalışmalarına davam edəcək”. AXCP sədri Əli Kərimli isə deyib ki, onu 1992-ci ildən tanıyır, icra başçısı təyin olunana qədər isə Qarabağ müharibəsində vuruşub: “Polşaya işgüzar səfərə gedəndə tutulan Elxan bəyə qarşı cinayət işinin saxta olmasına heç bir şübhəm yoxdur”.

Milli Dirçəliş günündə ayağa qalxan ataların oğulları bayrağımızı Qarabağa  sancdılar” - Pənah Hüseyn

Pənah Hüseyn

Elçibəy hakimiyyəti dövründə dövlət katibi və baş nazir vəzifələrində təmsil olunan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Yeni Müsavat”a bildirdi ki, Elxan Nuriyevin həbsi gözlənilməz xəbər oldu: “Sözün doğrusu, Elxan Nuriyevlə mənim əlaqəm olmayıb, çünki 30 ilə yaxın idi Azərbaycanda deyildi. Mənə məlumdur ki, o, Ukraynaya gedərkən Əbülfəz Elçibəyin bir tövsiyə məktubu ilə getmişdi. Bu tövsiyə məktubu onu göstərir ki, o zaman istər Xalq Cəbhəsi, istər prezident Əbülfəz Elçibəy hakimiyyəti xətti ilə etimad göstərilmişdi. Qubadlı cəbhə bölgələrindən biri idi. Elxan Nuriyev icra başçısı işlədiyi dövrdə onun haqqında hər hansı narazılığın olduğunu xatırlamıram. Ümumiyyətlə, mən Elxan Nuriyevin ağır cinayətlərdə ittiham edildiyi və barəsində beynəlxalq axtarış verildiyini o, həbs olunanadək bilmirdim. “Qaranquş” dəstəsi işində onun əlaqəli olduğu haqqında da informasiyam olmayıb. İndi onun barəsində ittihamın dəqiq nəyə əsaslandığı da məlum deyil. Elxan Nuriyev bilirsiniz ki, Ukrayna vətəndaşıdır və Ukraynanın ictimai-siyasi həyatında aktivlik göstərən azərbaycanlılardan biri kimi tanınırdı. Onun nəyin əsasında saxlandığı yəqin ki, hüquq-mühafizə orqanlarına aydındır. Prinsip etibarilə Elxan Nuriyevi Azərbaycan üçün ictimai təhlükəli şəxs hesab etmirəm və onun haqqında müsbət rəy olub. Hər halda, bu məsələyə çox diqqətlə yanaşılmalıdır. Onun 30 il sonra İnterpol tərəfindən saxlanması bir qədər maraqlı görünür. Çünki biz bilirik ki, Azərbaycan xalqına çox ciddi cinayətlər işlətmiş məşhur ermənilər haqqında beynəlxalq axtarış verilib. Amma İnterpol onları indiyə qədər saxlamayıb və onlar da sərbəst şəkildə bütün dünyada gəzirlər. Elxan Nuriyev Ukraynada yaşadığı bəlli idi, gizlənmirdi, lakin 30 ilə yaxın müddətdə İnterpolun onu saxlamayıb, məhz indi, özü də Polşada saxlaması da maraqlıdır və suallar yaradır. Bu çox qəribədir”.  

Prezident Əbülfəz Elçibəyin köməkçisi işləmiş Oqtay Qasımov isə bildirdi ki, Elxan Nuriyev hakimiyyətə gələndən dərhal sonra yox,  bir neçə ay sonra Qubadlıya icra başçısı təyin olunmuşdu. O, həmin vəzifədə Baxış Hüseynovu əvəz edib və yaxşı işləyən icra başçısı kimi tanınıb: “Elxan Nuriyev vəzifədə olduğu müddətdə təbii ki, onu tanımışam. Qubadlı cəbhə xəttində yerləşən rayon idi. Biz hər gün cəbhə xəttindəki rayonlarla, o cümlədən Qubadlı Rayon İcra Hakimiyyəti ilə əlaqələr saxlayırdıq və vəziyyət haqqında məlumatlar alırdıq, bu məlumatlar əsasında da Prezidentə məruzələr edilirdi. Elxan Nuriyev işlədiyi dövrdə Qubadlının müdafiəsi etiraf etmək lazımdır ki, kifayət qədər ciddi işlər görüb, fədakarlıqlar edib. Rayon ictimaiyyəti tərəfindən də normal icra başçısı kimi qəbul olunub. Haqqında o zamanlar mənfi yöndə məlumatlar olmayıb. Onun indi Polşada tutulması və barəsində ağır ittihamlar elan olunmasına gəlincə, inanıram ki, hüquq-mühafizə orqanları obyektiv araşdırmalar aparacaq. İttihamlar sübut olunacaqsa, bu artıq başqa mövzu olacaq. “Qaranquş” dəstəsinin törətdiyi qətllərlə bağlı o zamankı məlumatları biz də almışdıq. Onu da deyim ki, o zaman artıq Xalq Cəbhəsi hakimiyyətdə deyildi. Bu hadisələr 1993-cü ilin avqust ayında baş vermişdi. Elxan Nuriyevin həmin dəstə ilə nə qədər bağlı olub-olmadığı əlbət ki, istintaq orqanlarının araşdıracağı və müəyyən edəcəyi məsələdir”.  

Bəs bu qədər müddət sonra cinayət işinin vaxtı ötmüş sayılır, yoxsa hüquqda tətbiq olunan bu qayda ağır cinayətlərə aid edilmir?

Çingiz Qənizadə hakim partiyanın rəhbər orqanlarında təmsil olunacaq?!

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə isə bildirdi ki, şəxsin barəsində vaxtılə cinayət işi başlanılıbsa və barəsində İnterpol vasitəsilə axtarış elan olunubsa, burada müddətin keçməsi anlayışı artıq öz qüvvəsini itirir. Çünki şəxs tutulmayıb, axtarışdadır. Bu baxımdan onun yeri müəyyən edildiyi və tutulduğu andan cinayət işinin istintaqı davam etdirilə bilər: “Mən ömürlük məhkumluq cəzası alan “Qaranquş” dəstəsinin üzvləri ilə illər öncə Qobustan qapalı həbsxanasında görüşmüşəm. Məsələn, onların içərisində Nadir adlı bir nəfər var, o həmin cinayət hadisəsindən sonra 8 il Rusiyada yaşayıb və Rusiya bayrağı altında beynəlxalq idman yarışlarında iştirak edib. Bu adamın haqqında əvvəl axtarış verilməyib, 8 il keçdikdən sonra hansısa əsaslara görə o da bu cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunub və saxlanılaraq Bakıya gətirilib, məhkəmənin hökmü ilə ömürlük cəzaya məhkum edilib. Nadir mənə and-aman etdi ki, haqqında söhbət gedən cinayət hadisəsi zamanı sıravi əsgər olub və hadisə yerində olmayıb, qardaşı orada olub. O, hətta “Qaranquş” dəstəsinin üzvü belə, olmadığını, qardaşının həmin dəstədə olduğunu deyir. Bu məsələ onu göstərir ki, həmin hadisə ilə bağlı aparılan istintaq zamanında bir az tələm-tələsik aparılıb. Ölkədə vəziyyət çox gərgin idi, rayonlarımız ard-arda işğal olunmuşdu, çox ciddi gərginliklər yaşanırdı. “Qaranquş” dəstəsinin törətdiyi deyilən hadisədə öldürlən müstəntiq Əyyub Vəliyev mənim şəxsən tanıdığım, yaxşı münasibətimiz olan şəxslərdən idi. İnsanların qətlə yetirilməsi, xüsusilə rəsmi şəxslərin öldürülməsi təbii ki, cinayət əməlidir. O dəstənin üzvləri həmin cinayəti törədiblərsə, məsuliyyətə də cəlb olunmalıydılar. “Qaranquş” dəstəsinin üzvlərinin bir hissəsi həmin dövrdə həbs edilmişdilər, bir hissəsinin saxlanılması üçün Sumqayıtda keçirilən əməliyyatda atışmada öldürülmüşdülər. Nadir dediyim adamın qardaşı da həmin atışmada öldürülüb. Amma məncə, indi Respublika Prokurorluğundakı yeni rəhbərliyin, yeni təyinatların olması imkan verir ki, Elxan Nuriyevin işini ədalətli aparsınlar. Düzdür, istintaqın aparılmasında müəyyən hüquqi prosedur çətinlikləri olacaq. Elxan Nuriyev Ukrayna vətəndaşıdır, onun Azərbaycana verilməsi ilə bağlı problemlər üzə çıxa bilər.  Əgər Elxan Nuriyev Azərbaycana ekstradisiya olunacaqsa, onunla bağlı aparılan istintaq obyektiv və ədalətli olacaq. Biz də hüquq müdafiəçiləri olaraq, istintaqın sözün əsl mənasında obyektiv aparılmasını xahiş edəcəyik”.   

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …