Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Avropa və Mərkəzi Asiya ölkələri üzrə Azərbaycan diaspor quruculuğu problemləri

Avropa və Mərkəzi Asiya ölkələri üzrə Azərbaycan diaspor quruculuğu problemləri

Məlum olduğu kimi, Azərbaycanda diaspor quruculuğunun əsası Ümummilli lider Heydər Əliyev  tərəfindən qoyulub. O, 2001-ci ildə Dünya Azərbaycanlılarının I qurultayındakı parlaq tarixi çıxışında Azərbaycanın Şərqlə Qərb arasında dostluq körpüsü rolu oynamasını, bu geosiyasi məkanların yaxınlaşması prosesinin tərkib hissəsi olmasını xüsusi qeyd edib.

Heydər Əliyev siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının indiki Prezidenti İlham Əliyev özünün fəaliyyəti sayəsində dövlətimizin daha da inkişaf etməsinə nail olur, ölkəmizin bütün sahələrdə sanballı uğurlar qazanmasını, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda mübarizənin fəallaşmasını, həmvətənlərimizin beynəlxalq aləmdə müsbət reputasiyasının formalaşmasını təmin edir. Qloballaşma şəraitində dünyada yaranmış vəziyyət həmvətənlərimizdən ictimai şüurda Azərbaycanın güclü ölkə imicinin geniş yayılmasına kömək edən daha adekvat fəaliyyət tələb olunur. Həmvətənlərimizin yaşadıqları ölkənin ictimai-siyasi həyatında diasporun rolunun artması ilə əlaqədar problemlərin həlli üçün, soydaşlarımızın mülki hüquqlarının və onların tarixi vətəni Azərbaycanın milli mənafelərinin qorunması məqsədilə ilk növbədə ziyalıların nümayəndələrinin iştirakı ilə təşkilati-hüquqi işi gücləndirmək lazımdır. Ancaq biz təəssüflə qeyd etməliyik ki, bu sahədə ciddi problemlər nəzərə çarpır.

  • Son vaxtlar digər ölkələrə mühacirət edən radikal meylli soydaşlarımız bu prosesə  maneçilik göstərir

Bəzi ölkələrdəki diasporun ictimai fəaliyyəti zamanın tələblərinə tam cavab vermir. Soydaşlarımızın intellektual səviyyəsindən yetərincə istifadə edilmir, bəzən isə bu amil inkar edilir. Bu problemin həlli xaricdəki diaspor təşkilatlarının və dövlət siyasətinin diqqət mərkəzində olmalıdır. Bu halda Azərbaycan diasporunun inkişafı və ümdə problemlərin həlli barəsində səmərəli diskussiya aparmaq olar. Azərbaycan diasporunun inkişafına mane olan sahələrlə bağlı ötən yazılarımızda qeydlər etmişik. Bura, xüsusilə diaspor təşkilatlarının bir-biri ilə yola gedə bilməməsini, səfirliklərimizlə koordinasiyanın düzgün qurulmaması və ən əsası da, son vaxtlar digər ölkələrə mühacirət edən radikal meylli soydaşlarımızın bu prosesə göstərdiyi maneçilik aiddir. Ölkə başçısı da dəfələrlə çıxışlarında diasporumuzda olan axsaqlıqların ünvanlarını konkret göstərib, həmin problemlərin aradan necə qaldırılmasına dair yol xəritələri təqdim edib. Ölkə başçısı çıxışlarından birində Mərkəzi Asiya və Avropa ölkələrində diasporumuzun fəaliyyətinin qənaətbəxş olmadığını qeyd edib. Digər bir çıxışında isə cənab İlham Əliyev diplomatiyamızla diaspor siyasətimizin birgə koordinasiya edilməsinə böyük ehtiyacın olduğunu bildirib:

  • “Diaspor təşkilatları ilə əlaqədar səmərəli işləri necə aparmalısınız…”

“Mən hesab edirəm ki, bizim diplomatik fəaliyyətimiz daha səmərəli ola bilərdi. Mən dəfələrlə demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır. Kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır. Mən bunu dəfələrlə demişəm, həm müxtəlif tədbirlərdə, həm Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə yol göstərmişəm ki, nə etməlisiniz. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı addımları atmalısınız. Xarici ölkələrdə fəaliyyət göstərən mətbuatla necə işləməlisiniz. Azərbaycanın iqtisadi maraqlarını necə müdafiə etməlisiniz, Azərbaycan vətəndaşlarının hüquqlarını necə qorumalısınız. Diaspor təşkilatları ilə əlaqədar səmərəli işləri necə aparmalısınız. Beynəlxalq təşkilatlarda Azərbaycana bəzi hallarda ünvanlanan əsassız ittihamlara necə cavab verməlisiniz. Düşməni necə susdurmalısınız. Demişəm, hər bir məsələ ilə bağlı yol göstərmişəm. Amma biz bu göstərişlərin həyatda öz əksini tapmasını görürükmü? Bir çox hallarda görmürük. Əfsuslar olsun ki, son vaxtlar bizim diplomatiyamız ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır, bəzi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğuldur”.

  • “Hansısa ölkədə səfirliyin diasporla sıx əlaqəsi varsa, orada ciddi nəticələr əldə olunur”

Bizim üçün maraqlıdır, ölkə rəhbərliyinin qeyd etdiyi coğrafiyalarda diasporumuzun fəaliyyətinə mane olan hansı amillər var?

Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu və “Dünya azərbaycanlıları və digər türkdilli xalqların Ittifaqı” İctimai Birliyinin prezidenti Nüsrət Məmmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, doğrudan da, deyilən ərazilərdə, hətta ondan da xaric yerlərdə diasporumuzun fəaliyyətində ciddi problemlər mövcuddur:“Bir az təvazökarlıqdan uzaq olsa da, deyəcəm. Ən güclü işləyən təşkilatlardan biri bizik, zorla fəaliyyət göstəririk. Mən uzun illərdir bizə yaradılan maneələrdən yazıram, bu barədə müsahibələr verirəm. Biz Azərbaycan mütəfəkkirlərinin əsərlərindən ibarət 114 kitabı öz şəxsi maliyyələmizlə tərcümə və nəşr etdirib, sonra pulsuz yaymışıq. Çingiz Aytmatov kimi dahi şəxsiyyəti Azərbaycana gətirmişik. Bizim ən böyük problemlərimiz səfirliklərin diasporla koordinasiyanı düzgün qura bilməməsi səbəbindən yaşanır. Görünür, həqiqi fəaliyyət göstərən diaspor təşkilatları öz şəxsi mənafeləri üçün çarpışan səfirləri qane etmir. Biz XİN sistemindəki neqativlikləri gördük. Ölkə başçısı da çıxışlarında dəfələrlə bu məsələlərə toxunub. Ümidvarıq ki, yeni nazir bu sahədə olan neqativlikləri tezliklə aradan qaldıracaq. Heç bir diplomat üçün  dövlət maraqları şəxsi maraqlardan aşağı olmamalıdır. Buna baxmayaraq, biz öz işlərimizi həvəslə davam etdiririk. Keçən il Leyla xanım Əliyeva Qırğızıstana gəlmişdi. O, “İssık-Kul” gölünə bir şeir həsr etmişdi. Qısa  müddətdə onu Azərbaycan və Qırğız dillərinə tərcümə etdirdik və həmin  şeirə mahnı da yazdırdıq. Sonra qərara gəldik ki, mahnı ilə bağlı bir festival da keçirək. Mahnını dünyanın bütün tanınmış dillərinə tərcümə etdirdik və hər dildə də ifa etdirdik.  Qırğızıstanın televiziyaları həmin tədbirləri mütəmadi şəkildə işıqlandırdı. Amma bu cür işlərin həyata keçirilməsində bizə maneçiliyi elə öz soydaşlarımız göstərirdi. Məsələn, Qazaxıstanda  bizim səfirliklə diaspor sıx əlaqədə çalışır. Çox da böyük işlər görürlər. Bu yaxınlarda Şimali Qazaxıstan vilayətindəki universitetdə tarix dərsini təhrif olunmuş şəkildə keçirdilər.  Ermənilərin vikipediyaya yerləşdirdiyi məlumatlar əsasında tələbələrə yanlış məlumat verilirdi. Bunu mən aşkar etdim. Həmin dəqiqə ölkəmizin oradakı səfirliyinə məlumat verdim. Çox operativ şəkildə həmin məsələni aydınlaşdırdılar. Elə həmin günü də problemin həlli istiqamətində fəaliyyətə keçildi. Bizim tərcümə etdirdiyimiz və elektron formada internetə yüklədiyimiz kitabların linkini göndərdik səfirliyə. Qərara alındı ki, Azərbaycan tarixi həmin kitablardan öyrənilsin. Görürsünüzmü, hansısa ölkədə səfirliyin diasporla sıx əlaqəsi varsa, orada ciddi nəticələr əldə olunur”.

  • “Təklif etdiyim mexanizm tətbiq edilsə, biz diasporumuzda olan bütün axsaqlıqları aradan qaldırarıq” 

Diaspor fəalı bildirir ki, ölkə başçısı öz çıxışlarında dəfələrlə 50 milyonluq dünya azərbaycanlılarının Prezidenti olduğunu bildirib: “Azərbaycanda cəmi 10 milyon əhali var.  Deməli, kənarda 4 dəfə çox soydaşımız var. Düşünürəm, hər bir səfirlikdə Diaspor Komitəsinin nümayəndələri olmalıdır və deyilən sahənin kurasiyası onlara tapşırılmalıdır. Hazırda bu sahənin kurasiyası XİN-ə aid olan nümayəndələrin səlahiyyətindədir. Onda biz dəqiq bilərik ki, işimizi kimlə koordinasiya edirik. İndi qalmışıq odla su arasında. Mən Diaspor Komitəsinin sədri Fuad Muradovla bu ilin əvvəlində görüşdüm. Hiss olunur ki, çox işlər görmək istəyir. Buna mane olan səbəbləri dedim. Təklif etdiyim mexanizm tətbiq edilsə, biz diasporumuzda olan bütün axsaqlıqları aradan qalıdrarıq. Belədə dövlət büdcəsinə də yük düşməyəcək. Bir dövlət qurumunun nümayəndəsini digəri əvəz edəcək. Rusiya kimi ölkədə bizim vahid bir diaspor təşkilatımız yoxdur. Orada hazırda 4 böyük təşkilat liderlik uğrunda bir-birini qırır. Deməli, Rusiyadakı diasporumuzun gücü ən azından 4 dəfə azalıb. Ermənilər isə bir Ara Abramyana tabedirlər. Diasporumuzun inkişafına mane olan cəhətlərdən biri də rəqib təşkilatlar arasındakı liderlik mübarizəsidir. Mərkəzi Asiyada mütləq mənada diasporun işini tənzimləyən koordinasiya şurasının yaradılmasına zərurət var. Səfirliklərin bu prosesə müdaxiləsinə imkan verilməməlidir. Belə olsa, işlərdə uğur əldə olunacaq. Biz öz işimizi yaxşı bilirik”.

  • “Bəzən plakatın bir ucundan tutmağa bir soydaşımızı tapmırıq…”

Avropadakı diaspor təşkilatlarının vəziyyətində narahatlığın olduğunu təsdiqləyən tanınmış diaspor xadimi, Dünya Azərbaycanlıları Konqresi İcra Aparatının sədri Samir Adıgözəlli qəzetimizə açıqlamasında bildirdi ki, ölkə başçısının nəinki bununla bağlı iradı olub, hətta vəziyyətdən çıxış yollarını da göstərib: “Biz həmin ölkələrdə tez-tez oluruq. Vəziyyət bütün qitə boyu eyni deyil. Məsələn, Şərqi Avropada vəziyyət Qərbi Avropadan daha yaxşıdır. Qərbi Avropa ölkələrində bizim diaspor təşkilatları arasında, demək olar ki, koordinasiya yoxdur. Biz onların fəaliyyətini yalnız Novruz bayramlarında şəkərbura ilə foto çəkdirib paylaşanda görürük. Biz gedib həmin ölkələrdə tədbir keçirəndə, bəzən plakatın bir ucundan tutmağa bir soydaşımızı tapmırıq. Ən inkişaf etmiş Qərb ölkələrində təmsil olunan diaspor təşkilatlarımızın heç birinin saytının olduğuna rast gəlmədim. Söhbət xəbər saytlarından getmir. Həmin ölkələrin öz dillərində Azərbaycan mədəniyyətini, həqiqətlərini təqdim edən bir informasiya, təbliğat resursundan gedir. Maneçilik törədən başqa bir amil həmin ölkələrə son illər ərzində daha çox radikal siyasi mövqeli insanların axın etməsidir. Etiraf edim ki, onların Azərbaycanla bağlı mövqeləri ermənilərlə tam uyğun gəlir. Yəni həmin adamlar oturub orada dövlətimizlə mübarizə aparırlar. Bunu ermənilər də edirsə, deməli, işimiz daha da çətin olur. Son Tovuz hadisələrində biz bunun acı nəticələrini gördük. Səbəblərdən biri də səfirliklərimizin yarıtmaz işi olub. Biz həmin ölkələrdə keçirdiyimiz tədbirlərə nə qədər dəvət etsək də, səfirliyimizin nümayəndəsini gətirə bilmirdik. Belə diaspor fəaliyyəti, təbiidir ki, öz çatışmazlıqlarını açıq büruzə vermiş olur”.

Sadalanan bütün bu problemlərin həlli istiqamətində əməli işlər görülsə, biz istədiyimiz diaspor fəaliyyətini görə bilərik.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …