Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / İlham Əliyevin hətta ad günü təbrikləri də sayca Paşinyanın seçki təbriklərini üstələdi

İlham Əliyevin hətta ad günü təbrikləri də sayca Paşinyanın seçki təbriklərini üstələdi

Məlum olduğu kimi, dekabrın 24-də Azərbaycan Prezidenti cənab İlham Əliyev doğum gününü qeyd edir. İndiyə qədər yayılan məlumatlardan məlumdur ki, ölkə başçısı öz doğum gününü adətən öz ailəsi ilə birlikdə, çox sadə atmosferdə qeyd edir.

Hətta İlham Əliyev yubiley yaşlarından birini öz ata-baba yurdlarından məcburi köçkün düşənlərlə birlikdə, qaçqın şəhərciyində keçirib. Buna baxmayaraq, İlham Əliyevin şəxsiyyətinə olan hörmət, dünya miqyasındakı nüfuzu onun ad günü ilə bağlı tarixə beynəlxalq diqqət və ehtiramın olduğunu da üzə çıxarmış olur. Hər il olduğu kimi, bu il də ad gününə bir neçə gün qalmasına baxmayaraq, dünyanın aparcı ölkələrinin liderləri, tanınmış ictimai-siyasi xadimləri Prezidentimizi bu əlamətdar gün münasibətilə təbrik edirlər. KİV-lərdə yayılan məlumatlardan görünür ki, İlham Əliyevin doğum gününü əvvəlcədən təbrik edənlərin arasında Çin Xalq Respublikasının Sədri Si Szinpin, Ukrayna Prezidenti Petro Poroşenko, Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov və başqalarının adını çəkmək olar.

Bu hadisə bizi, avtomatik olaraq, bənzər bir mövzu ilə bağlı müqayisə aparmağa vadar etdi. Məlumdur ki, Ermənistanda keçirilən parlament seçkilərində Nikol Paşinyanın rəhbəri olduğu “Mənim addımım” adlı blok qalib gəlib. Seçkilərin nəticələri Paşinyanı mütləq qalib elan etsə də, həmin qələbəyə verilən beynəlxalq reaksiya, demək olar ki, sıfır dərəcəsindədir. Hətta Ermənistanla indiyə kimi yaxın münasibətlərdə olan ölkələr belə Paşinyanı qələbə münasibətilə təbrik etməyiblər. İş o həddə çatıb ki, Ermənistan rəsmiləri bəzi ölkələrə “bizi niyə təbrik etmirsiniz” kimi açıq iradlarını çatdırırlar.

Bu səbəbdən də apardığımız müqayisə maraqlı sualı ortaya çıxarır: İlham Əliyevin doğum günü ilə bağlı aldığı təbriklərdə belə, Paşinyanı seçki təbriklərinin qəbulunda arxada qoyması nəyin əlaməti sayıla bilər?

Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə bildirdi ki, dövlət rəhbərləri səviyyəsində rəsmi təbriklərin göndərilməsi beynəlxalq diplomatik protokol, nəzakət qaydalarına uyğun olaraq aparılır: “Bu cür təbriklər iki dövlət arasında münasibətlərin qaydasında olmasından, dövlət başçıları arasında qarşılıqlı hörmətdən xəbər verir. Bu baxımdan Prezident İlham Əliyevə ənənəvi olaraq ad günü münasibətilə təbriklərin gəlməsi təbiidir. Çünki o, dünyada ən nüfuzlu prezidentlərdən biridir. Həm dövlət başçısının ad günündə, eyni zamanda, ölkəmizin milli bayramları, əlamətdar günlərində xarici ölkələrin dövlət və hökumət başçılarından, mötəbər beynəlxalq təşkilatların rəhbərlərindən, eləcə də ayrı-ayrı ictimai-siyasi xadimlərdən, tanınmış şəxslərdən bu cür təbriklər ölkə başçısına ünvanlanır. Lakin Ermənistan rəhbərliyi haqda bunu demək olmaz. Belə ki, Paşinyanın partiyası parlament seçkilərində qalib gəlməsinə və seçkilərdən bir neçə vaxt ötməsinə baxmayaraq, ona kifayət qədər təbrik göndərilməyib. Bu da Paşinyanın reytinqinin xüsusilə postsovet məkanında aşağı olması ilə bağlıdır. Nə Rusiya Prezidenti Putin, nə Belarus, Qazaxıstan və Qırğızıstan prezidentlərinin heç biri Paşinyanı təbrik etməyiblər. Bu da Paşinyanın KTMT və AİB-də diskreditasiya edilməsi prosesinin növbəti bir təzahürüdür. Bizim Prezidentin doğum gününə verilən önəm Paşinyanın seçki “qələbəsinə” verilmirsə, deməli, ortada ciddi nüfuz fərqi var”.

N.Məmmədova hesab edir ki, Kreml rəhbərinin bu addımı ilk növbədə onun Paşinyanın fəaliyyətindən razı qalmadığının aşkar göstəricisidir: “Necə ola bilər ki, Putin Ermənistanın keçmiş prezidenti Köçəryanı ad günündə şəxsən zəng vurub təbrik etdi, amma bu ölkədə ali rəsmi vəzifəyə seçilmiş Paşinyanı təbrik etmədi?!

Bununla Putin Paşinyana olan mənfi münasibətini ortaya qoymaqla yanaşı, həm də Rusiyanın dövlət başçısı kimi Ermənistanın real baş naziri olacaq şəxsə və onun siyasətinə etimad göstərmədiyini və heç də rəğbət bəsləmədiyini göstərmiş oldu.

Putin bundan sonra təbrik teleqramı göndərsə belə, o, saymazlığın, hörmətsizliyin aradan qaldırılması olmayacaq. Həm də teleqramın göndərilməsi Paşinyanın Rusiyaya etdiyi bütün hərəkətlərin – Köçəryanın həbsi, Xaçaturovun ev dustaqlığı, “Respublika” partiyasının parlamentdən uzaqlaşdırılması, ümumiyyətlə, Paşinyan hakimiyyətinin legitimliyini tanımaq deməkdir”.

Politoloqun sözlərinə görə, Rusiya tərəfi qeyd edib ki, o, seçkilərdə qələbə münasibətilə yox, vəzifəyə təyinat münasibətilə Paşinyanı təbrik edə bilər: “Lakin 2017-ci ilin 2 aprel seçkilərində Sarkisyanın “Respublika” partiyası qalib gələndə Putin onu təbrik etmişdi. Deməli, Paşinyanın anti-Rusiya siyasəti artıq qarşı tərəfdən cavab reaksiyası ilə üzləşir və Rusiya-Ermənistan münasibətlərinin yeni ildə, yeni seçkilərdən sonra gərginləşməsinin ilk sübutu da İrəvanın Moskvadan gözlədiyi təbrik teleqramının olmamasıdır”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …