Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Aktual / 21 ildir sürüşən Bayıl yamacı: proses davam edir

21 ildir sürüşən Bayıl yamacı: proses davam edir

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində yenə sürüşmə hadisəsi baş verib. Nəticəsində bir neçə gün əvvəl Badamdar şosesinin təmizlənən hissəsi yenidən torpaq altında qaldığı üçün bağlanıb. Hadisə səbəbindən yaxınlıqda olan restoranın pəncərəsi də sınıb.

Yeri gəlmişkən, həmin ərazidə – Bayılda, Badamdar yamacında ilk və dəhşətli sürüşmənin 21 ili tamam oldu. 2000-ci il martın 6-7-də Bakı şəhəri Səbail rayonunun Bayıl yamacında böyük ərazini əhatə edən sahədə iri miqyaslı torpaq sürüşməsi baş vermişdi. Sürüşmə nəticəsində həmin ərazidə yerləşən bir sıra sənaye və mülki binalar, o cümlədən fərdi yaşayış evləri dağılmış, mühəndis xətləri və avtomobil yolları ciddi zədə almışdı.

Baş vermiş torpaq sürüşməsinin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında ölkə başçısı sərəncam da imzalamışdı. Sərəncamda təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə işlərin maliyyələşdirilməsi və əhaliyə dəyən zərərin ödənilməsi üçün Azərbaycan Respublikasının 2000-ci il Dövlət Büdcəsinin ehtiyat fondundan 5,0 milyard manat məbləğində vəsait ayrılmışdı.



Bəs görəsən,  ərazidə illərlə təkrar baş verən sürüşmələrin səbəbi nədir?

Məlumat üçün deyək ki, Badamdarda qeyd edilən ərazi sürüşmə zonasıdır. Sovet dönəmində bu səbəbdən də həmin ərazidə hər hansı tikinti işləri aparılmayıb. Lakin son bir neçə on ildə ərazidə xeyli sayda yaşayış evləri, ictimai-iaşə obyektləri, villalar tikilib və onların heç birinin kanalizasiya sistemi olmayıb. Məişət suları qazılan quyulara axıdılıb ki, bunun da nəticəsi ortadadır.



Yada salaq ki, ərazidə 2018-ci ilin oktyabr ayından bəri hər il payız-qış aylarında sürüşmə hadisəsi baş verir. Hələ ilk hadisədən sonra sürüşmənin səbəbini ekspertlər əraziyə uzun illər boyu kanalizasiya suyunun yığılması ilə əlaqələndirirdilər və bildirirdilər ki, əgər ərazidə kanalizasiya sistemi çəkilməsə, sürüşmə davam edəcək. Problemin qarşısını almaq üçün Yaponiyadan mütəxəssislər dəvət edildi və sürüşmə ərazisində quyular qazılıb, müvafiq tədbirlər görüldü. Lakin aktivliyin qarşısını almaq mümkün olmadı. Ardınca “Azərsu” ASC açıqladı ki, 2019-cu ilin oktyabr ayında Badamdarda sürüşmə zonasında kanalizasiya xətləri çəkiləcək. Layihə çərçivəsində ərazidə su təchizatı sistemlərinin və kanalizasiya şəbəkəsinin tamamilə yenidən qurulması qərara alınıb. Ərazidə yaranan tullantı suları Salyan şosesində yeni tikilən daşıyıcı xəttə ötürülərək yaxınlıqdan keçən Bayıl-Bibiheybət-Lökbatan kollektoruna yönəldiləcək. Bununla da 10 mindən çox  sakinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaqdı.

Bütün bu işlərin fonunda 2020-ci il yanvarın 9-da Badamdar qəsəbəsində, Badamdar şosesi ərazisində torpaq qatı yenidən sürüşdü. Torpaq sürüşməsinin eni 80, uzunluğu isə təxminən 100 metri əhatə etdi. Hadisə nəticəsində Badamdar qəsəbəsindən “20-ci sahə” istiqamətində yol bağlandı…

Əzim Məsimov 

Mövzu ilə bağlı ekspert Əzim Məsimov “Yeni Müsavat”a bildirib ki, əslində sürüşmə hadisəsi bilavasitə əraziyə illər uzunu yığılan kanalizasiya suları ilə bağlıdır: “Burada bəzi işlər görülsə də, həmin sular ərazidən çəkilməyib. İllər uzunu yığılan suyun 1 il ərzində ərazidən çəkilməsi mümkün deyil. Hesab edirəm ki, ilk növbədə Xocahəsən gölünə diqqət etmək lazımdır. Həmin əraziyə su qeyd etdiyim göldən də sızıb, gəlir. Axıdılan kanalizasiya suyu və hava şəraiti də mövcud vəziyyətə təsir edir, nəticədə sürüşmə baş verir”.

Ekspert vurğulayır ki, yenə də hansısa ərazidən su sızıntısı ehtimalı ola bilər.  Bunu yoxlamaq lazımdır. İlk növbədə Xocahəsən gölündən süzülmənin qarşısı alınmasa, problem aradan qalxmayacaq. Möhkəmləndirmə üçün tədbirlər görülüb. Lakin torpaqda kanalizasiya suları çəkilməyib. Bütün tikililərin suyu çəkilən kanalizasiya sisteminə yığılmalıdır, heç olmasa bundan sonra əraziyə su axıdılmasın”.


Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən isə  bildirilib ki, Səbail rayonu, Badamdar-20-ci sahə avtomobil yolunun üst hissəsində lokal torpaq axıntısı baş verib: “Hadisə zamanı yaxınlıqdakı tikililərə ziyan dəyməyib.  Fövqəladə Hallar Nazirliyi tərəfindən yaponiyalı mütəxəssislərlə birgə işlənilmiş layihə əsasında hazırda torpaq axıntısı baş vermiş yamacın yuxarı hissəsində hər birinin diametri 3,5 metr, dərinliyi 30 metr olan 3 ədəd drenaj quyusu qazılmaqdadır. Həmin quyulardan birində artıq işlər yekunlaşıb, digər 2 quyuda isə işlərin yaxın zamanlarda tamamlanması nəzərdə tutulur. Bildiririk ki, drenaj quyularında işlər bitdikdən sonra ərazidən sürüşməyə səbəb olan qrunt suları tamamilə kənarlaşdırılacaq. Bundan sonra isə yamacda başlanılmış terraslaşdırma işləri davam etdiriləcək, avtomobil yolu boyu dəmir-beton istinad divarı inşa ediləcək. Bununla da ərazidə sürüşmə-uçqun proseslərinin qarşısı alınacaq. Bu gün baş vermiş lokal axıntı gözlənilən idi. Məhz bu səbəbdən əvvəlki sürüşmələr zamanı yola yığılmış torpağın sahədən operativ kənarlaşdırılması həyata keçirilmir.

Drenaj quyularının hər üçünün mümkün qədər qısa müddətdə istismara verilməsi üçün əraziyə kifayət qədər texnika və işçi qüvvəsi cəlb olunub və işlər qrafik üzrə davam etdirilir”, – mətbuat xidmətindən bildirilib.

Həmçinin oxuyun

Əhmədzadələr büdcəyə necə şərik çıxır… – İTTİHAM