Cümə , Aprel 19 2024
Ana səhifə / 2016-cı ildə şou əhlinin ən səs-küylü qalmaqalları…

2016-cı ildə şou əhlinin ən səs-küylü qalmaqalları…

Tezliklə geridə qoyacağımız 2016-cı il şou aləmində qalmaqallı həbslər, qəfil ölümlər, məhkəmə prosesləri, sənətçilərin cinayət aləmi ilə əlaqələrinin üzə çıxması ilə yadda qaldı.
İlin əvvəlində həm şou-biznes, həm də mədəniyyət aləmində ən sensasiyalı hadisə müğənni İlhamə Quliyevanın qəfildən vəfat etməsi oldu. Sənətçi fevralın 25-də tromboemboliyadan dünyasını dəyişdi. Lakin bu günə qədər onun sirli ölümü haqda şayiələr gəzir. Bacısı və yaxınlarının açıqlamalarına görə, ölümündən bir neçə dəqiqə əvvəl ona telefon zəngi gəlib, müğənni kiminləsə əsəbi halda danışdıqdan sonra qəfildən halı pisləşib. Həmin zəngin kim tərəfindən edildiyi və nə haqda danışıldığı isə hələlik bəlli deyil.
Müğənni son mənzilə yola salındıqdan az sonra isə onun mirası ətrafında qalmaqallar yaranmağa başladı. Sonrakı proseslərdə məlum oldu ki, İlhamə Quliyeva uşaqlıqdan oğulluğa götürdüyü Orxan Nadirovun övladlıq məsələsini rəsmiləşdirməyib, bu səbəbdən də onun var-dövləti ya yaxınlarına, ya da dövlətə qalacaq. Beləliklə ilboyu onun miras uğrunda Orxan Nadirov, mərhumun qohumu Əli Mirəliyev və bacıları arasında qalmaqallar yaşandı. Küsülü olan qohumlar hətta onun ad günü mərasimində belə, bir araya gəlmədi. Mərhumun qəbiri üstə qoyulan gül çələngləri isə kimlərsə tərəfindən dağıdıldı, oğurlandı.
Bu il həm də bəzi sənətkarların kriminal aləmlə bağlılıqları üzə çıxdı. Müğənni Mətanət İskəndərlinin adı bir daha “MTN işi”ndə hallandı, “MTN-nin agenti” adlandırıldı. Belə ki, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev qardaşı Mahir Abdullayevlə bağlı cinayətdə onun da əlinin olduğu barədə yenidən mətbuata açıqlamalar vermişdi. Müğənninin keçmiş MTN generalı Akif Çovdarovun məhkəməsində dindiriləcəyi də ehtimal olunsa da, sənətçi proseslərdən kənarda qaldı.
Lakin müğənninin həmkarı Manaf Ağayev isə Akif Çovdarovun məhkəməsində şahid kimi ifadə verdi. O, A.Çovdarovun cinayət işində adı zərərçəkən kimi keçən iş adamı İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesində iştirak etmişdi.
“MTN qalmaqalı”nda müğənni Şəbnəm Əsədovanın (Şəbnəm Tovuzlu) da adının hallanması isə uzun müddət mətbuatın gündəmindən düşmədi. Yayılan məlumatlarda bildirilirdi ki, o, zamanında Akif Çovdarovun qurbanlarından biri olub. Müğənni qadın alveri ittihamı ilə MTN-ə aparılıb. Daha sonra isə bir müddət müğənninin şəxsi həyatı ilə bağlı qalmaqallar yarandı. Müğənni əvvəlcə bu qalmaqallara reaksiya versə də, sonradan susmağa üstünlük verdi.
Daha bir qalmaqal xalq artisti Rafael Dadaşovun keçmiş həyat yoldaşı, Brilliant Dadaşovanın bacısı, aktrisa Sədaqət Dadaşovanın Türkiyənin “Fox” telekanalında yayımlanan “Zuhal Topalla İzdivac” proqramına qatılması ilə bağlı oldu. Aktrisanın bu addımı yerli sosial şəbəkələrdə birmənalı qarşılanmayaraq, kəskin tənqid olunmuşdu. Xalq artisti Rafael Dadaşov isə keçmiş xanımının evlilik proqramında iştirak etməsinə bu cür münasibət bildirmişdi: “Mən Sədaqətin əmisi oğluyam, evlilik proqramına qatılması barədə niyə danışmalıyam?”
Müğənni Nazpəri Dostəliyeva üçün bu il xeyli uğurlu oldu. Müğənni nəhayət ki, 3 illik efir qadağasından sonra ilk dəfə ekranlarda göründü. Efirlərdən uzaq düşən müğənni bununla bağlı ötən il media nümayəndələrini bir yerə yığaraq, mətbuat konfransı keçirmişdi. Müğənni bildirmişdi ki, bir neçə il bundan əvvəl tanınmış siyasilərdən birinin oğlunun toy məclisində iştirakından sonra kimlərinsə zəngi və tapşırığı ilə televiziyaların qapısı onun üzünə bağlanıb. Mətbuat konfransının da bir nəticəsi olmadığını görən müğənni ölkə başçısına da müraciət ünvanlayaraq, efirlərdən sifarişli qadağanın götürülməsini xahiş etmişdi. Nəhayət ki, bu qadağa sentyabrın 26-da, ölkədə keçirilən Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) günündə aradan qaldırıldı. Bundan bir neçə gün əvvəl isə müğənni mətbuat vasitəsilə hər kəsi referendumda “hə” deməyə çağırış etmişdi.
Bu il təkcə Nazpəri Dostəliyeva üçün deyil, digər sənətçilər, eləcə də aktrisa Naibə Allahverdiyeva üçün də uğurlu il oldu. Aktrisa uzun illərdən sonra yenidən ailə həyatı qurdu, özü də gizli surətdə… Qeyd edək ki, müğənninin ilk evliliyindən Məryəm adlı gənc qızı var.
Türkiyəli məşhur müğənni Doğuş ilə ailəli olan teleaparıcı Xoşqədəm Hidayətqızı isə bu il ana oldu. Cütlüyün əkiz oğlanları dünyaya gəldi.
“Toppuş bacı” kimi tanınan aktrisa Tünzalə Əliyeva da bu il qız anası oldu.
Dələduzluq ittihamı ilə həbs olunan teleaparıcı İlham Mirzəyev bu ilin ortalarında azadlığa çıxdı. Onun yenidən “Space TV”-yə qayıdacağı ilə bağlı iddialar olsa da, bu, özünü doğrultmadı. Adıçəkilən televiziyanın rəhbərliyi isə açıqlama verərək bildirdi ki, teleaparıcı tərəfindən belə bir təklif olmayıb, eləcə də televiziya rəhbərliyi bu barədə fikirləşməyib. Beləliklə, İlham Mirzəyevin azadlığa çıxdıqdan sonra nə işlə məşğul olduğu hələlik bəlli deyil.
Bu il bir neçə gənc azərbaycanlı “O səs Türkiyə” yarışmasına qatıldı. Onların arasında müğənni Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva, Zülfü Əsadzadə xüsusi diqqət çəkdi. Həmyerlimiz, vokalçı Gülşən İbadovaisə öz ifaları ilə bütün Türkiyəni heyran qoydu. O, 4 münsifin də rəğbətini qazanaraq, yarışmaya Gökhanla Hakanın komandasında davam etdi.
Azərbaycanı bu il “Eurovision-2016” musiqi yarışmasında isə Səmra Rəhimli təmsil etdi. O, 117 xalla yarışmanın 17-ci sırasında yer tutdu. Mətbuatda müğənninin yarışmadakı iştirakından daha çox açıq-saçıq geyimi müzakirə olundu.
Vergilər Nazirliyi isə il ərzində bir neçə dəfə borclu olan sənətçilərin siyahısını açıqladı. Müğənni Abbas Bağırovun isə vergi borcları olduğu üçün onun ölkədən çıxışına qadağa qoyulması barədə məlumatlar yayıldı. Müğənni sosial şəbəkə vasitəsi ilə bildirdi ki, narahatlığa heç bir əsas yoxdur. Bundan əvvəl isə müğənni öz səhifəsində bir vergi işçisinin toyuna getmədiyi üçün qərəzli surətdə onun 30 min manat cərimələdiyini yazmışdı.
İl ərzində bir neçə sənətçi arasında yaşanan məhkəmə davalarına da şahid olduq. Təranə Qumral-Nazənin, Samir Piriyev-Kamran Həsənli qalmaqalı və s.
Xalq artisti Arif Quliyevin vəfat etməsi ilə bağlı isə dəfələrlə yalan məlumat yayıldı.
Müğənni Elza Seyidcahan bu il də şairlik iddiasında oldu. Onun bir neçə, xüsusən də, “Qadın bir şey istəyir”, “Sındırmağa yoxdur qozum, sındırıram fındığımı” və digər şeirləri maraqla qarşılandı.
İlin sonuna yaxın isə “Təhminə” filminin Təhminəsi Meral Konratın Bakıya səfəri zamanı verdiyi açıqlamlar qalmaqallara səbəb oldu. Aktrisa bildirdi ki, o, illər öncə xalq artisti Fəxrəddin Manafov tərəfindən aldadılaraq, Bakıya gətirilib və Zülfiyyə Xanbabayevanın “Mənimsən” klipində çəkiləcəyindən xəbərsiz olub. Meral Konrat aldadıldığı üçün hər iki sənətçidən ondan üzr istəməsini tələb edib. (Musavat.com)

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın