Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / 160 saylı Klassik Gimnaziya və Sabirabad məktəbi – Keyfiyyətsiz təhsil verən liseylər bağlanacaqmı?

160 saylı Klassik Gimnaziya və Sabirabad məktəbi – Keyfiyyətsiz təhsil verən liseylər bağlanacaqmı?

Dövlət İmtahan Mərkəzinin(DİM) tərtib etdiyi Abituriyent jurnalının 12 –ci nömrəsində 2017-2018 -ci tədris ili üçün Azərbaycan Respublikasının Ali və Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi – statistik təhlili verilib. Bu vəsaitin köməyi ilə ölkə üzrə orta və ali təhsilin durumuna yaxından bələd olmaq mümkündür. Vəsaitlə tanışlıqdan sonra ağlıma gələn ilk fikir bu oldu: nə yaxşı ki, buraxılış imtahanlarının keçirilməsi də bu quruma həvalə olundu.
DİM-in təhlillərində zərrə qədər qaranlıq məqamların qalmasına yol verilmir. Bu jurnalda hər bir fənn üzrə attestat qiyməti “kafi” və “əla” olan abituriyentlərin qəbul imtahanlarında müvafiq fəndən topladıqları nisbi balların bal intervalları üzrə paylanma histoqramları təhlil edilib. Məsələn, tarix fənnindən əlaçı abituriyentlərin 22,6 %-nin, Azərbaycan tarixi fənnindən 23,91%-nin və kimya fənnindən 17,64%-nin uyğun fənnlər üzrə qəbul imtahanlarında topladıqları nisbi balları 20-dən az olmuşdur. Riyaziyyat (I, II qruplar) fənnindən attestat qiyməti “əla” yazılanların 1271- nəfəri 0-20 bal toplamışdır.
Bu faktlar onu göstərir ki, hələ uzun illər orta məktəb attestat qiymətlərini tələbə qəbulu prosesində nəzərə almaq mümkün olmayacaq.
Abituriyentlərin sayına nəzərən yüksək ballıların faizi daha çox olan təhsil müəssisələrinin cədvəlində olduqca maraqlı faktlara rast gəlmək mümkündür. Bakının mərkəzində yerləşən 160 saylı Klassik Gimnaziya bu cədvəldə (reytinq də demək olar) 71 -ci yerdədir.
1519042340381756386_1000x669
Adı çəkilən gimnaziyanın məzunlarının 10,34%-i 600-dən yuxarı bal topladığı halda, Sabirabad rayonu 5 saylı şəhər orta məktəbin (52-ci yer) məzunlarının 12,28%-i 600-dən yuxarı bal toplayıb. Görsənir ki, Klassik gimnaziyaya yüksək müsabiqə yerləşdiyi ərazi ilə bağlıdır. Düşünürəm ki, yaş həddi Faina xanıma da şamil olunmalıdır.
Faina Ələkbərova
Əhalinin cibinə girən XXI əsr – Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin (Arif Qaraşovun şah əsəri) məzunlarının 10,7%-i 600-dən yuxarı bal topladığı halda, Culfa rayonu Yaycı kənd 1 saylı orta məktəbin məzunlarının 14,3%-i 600 -dən yuxarı bal toplayıb. Bəzi liseyinin nəticələri Kəlbəcər rayonu 98 saylı orta məktəbinin nəticələri ilə eynidir.
Bundan başqa abituriyentlərin imtahan fənnləri üzrə yüksək nəticə göstərən məktəblərin içərisində Azərbaycan dili, fizika və kimya fənnləri üzrə birinci yeri Biləsuvar rayonu M. İbrahimov adına Biləsuvar Lisey –Məktəb Kompleksi tutur. Digər fənnlər üzrə 1-ci və 2-ci yerləri akademik Zərifə Əliyeva adına lisey və Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziya tutur.
XXI əsr – Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi yalnız İngilis dili fənni üzrə 13-cü yerdə qərarlaşıb. 160 saylı Klassik Gimnaziyanın (rus bölməsi istisna olmaqla, hərçənd bu bölmədə də vəziyyət ürəkaçan deyil) və bəzi tanınmış liseylərin bu cədvəllərdə yeri yoxdur.
hqdefault
“İstək” liseyi bağlandı. XXI əsr – Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi və digər zəif nəticə göstərən liseylər də bağlanacaqmı? Düşünürəm ki, nazirlik böyük təhsil haqları hesabına keyfiyyətsiz təhsil verən bütün lisey və gimnaziyalarda təhsilin keyfiyyətini qiymətləndirməlidir. Əgər belə olarsa valideynlərə və ictimaiyyətə deməyə söz də tapılar.
Bu möhtəşəm jurnalı bir məqalə vasitəsilə təhlil etmək mümkün deyil. Təhsil Nazirliyi təmtəraqlı hesabat verdi. Dövlət İmtahan Mərkəzi isə bu möhtəşəm elmi-statistik təhlilin təqdimatını keçirmədi. Məncə hər iki qurumun hesabatını müqayisəli təhlil etməklə Ali və Orta təhsilin vəziyyəti haqqında müfəssəl nəticələr çıxarmaq olar.
 
moderator.az
Etibar Əliyev
“XXI Əsr” Təhsil Mərkəzinin sədri, təhsil eksperti

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …