Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Aktual / “1 manatlıq dönər alanlar, diqqətli olun!” – deputatdan XƏBƏRDARLIQ

“1 manatlıq dönər alanlar, diqqətli olun!” – deputatdan XƏBƏRDARLIQ

Son zamanlar ölkədə fast food və dönərxanalarda tez-tez zəhərlənmə halları yaşanır. Dəfələrlə belə obyektlərdə Azərbaycan Respublikasının Qida Agentliyi tərəfindən araşdırmalar aparılıb nümunələr götürülərək analiz edilib. Lakin hələ də, belə dönərxanaların fəaliyyəti ilə bağlı konkret nəticəyə gəlmək və tədbir görmək mümkün olmayıb. 

Məsələ ilə bağlı BiG.AZ-a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, bu sahə ilə bağlı problemlərin həlli üçün ilk öncə imtiyazlı təbəqənin maraqlarına qarşı tədbirlər görmək lazımdır: 

“Ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı imtiyazlı təbəqənin maraqlarına qarşı addımlar atılsa problem həll olar. Elə qüvvələr var ki, ölkəyə əti də, digər yeyinti məhsullarını da onlar gətirirlər. Həmin şəxslər hər hansı bir şəkildə məsuliyyət daşımırlar və istənilən şəkildə problemlər yarada bilirlər. Buna görə də onlara göz yumurlar. Bu məsələlər ciddi araşdırılsa çox asanlıqla müəyyən etmək olar ki, kimlər Avstraliya, Yeni Zelandiya, Hindistan və s. kimi ölkələrdən xarab mal əti və başqa heyvanların ətini gətirirlər. Təbii ki bu sahədə öz işinə vicdanla yanaşan sahibkarlar da var. Bu, onlara aid deyil. Amma digər qeyd etdiyim müəyyən şəxslər imtiyazlara sahibdirlər, onların toxunulmazlığı var deyə heç kim onlara toxuna bilmir. Ona görədə məsulliyyətsiz yanaşırlar, rahat şəkildə əhalini zəhərləyirlər”.

Ölkə ərazisində hətta elə dönərxanalar var ki, bir manata dönər və ayran almaq mümkündür. Deputat bildirib ki, bunlar hamısı ətin keyfiyyətsiz olması ilə bağlıdır. 

“Belə dönərlərin əti yemək üçün yararsızdır. Çünki ət ucuz, keyfiyyətsiz, köhnədir. Elə dönərxanalarda satılan yeyinti məhsullarına mənşəyi məlum olmayan at, eşşək əti də qatılır”. 

Deputat məsələyə bir qurum vasitəsi ilə nəzarətin mümkün olmadığını bildirib: 

“Bütün bunlara bir qurumun vasitəsi ilə nəzarət etmək mümkün deyil. Əslində AQTA bu sahədə normal işləyir. Son vaxtlar bu sahədə yoxlamalar, araşdırmalar güclənib. Hətta bununla bağlı istintaqa cəlb olunan şəxslər də var. Lakin görünür, bu agentliyin də daxil ola bilmədiyi sahələr var. Ona görə də bu sahədə imtiyazları, monopoliyanı ləğv etmək lazımdır ki, açıq şəkildə bu məsələ həllini tapsın. Hətta təkcə bu sahə deyil, tikinti sahəsi də həmin vəziyyətdədir. Dövlət sifarişli olan tikintilərdə də eyni problemdir. Kimsə binanın tikintisini götürərək ikinci bir şəxsə həvalə edir və oradan pul qazanır. Azərbaycan reallığında bunun qarşısını almaq mümkün deyil”. 

Deputat qeyd edib ki, ətini keyfiyyətsiz hesab etdiyi üçün dönər yemir:

“Mən keyfiyyətinə əmin olmadığı üçün dönər almır, yemirəm. Ümumiyyətlə, fast food kimi hazır yeməklər orqanizm üçün çox təhlükəli olduğu üçün onların yeyilməsini düzgün saymıram və məsləhət də görmürəm”.

Həmçinin oxuyun

Prezidentin rəhbərliyi ilə operativ müşavirə keçirildi

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin …