Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / Ərdoğan Putinin dəvətini qəbul edib Krıma gedəcəkmi?

Ərdoğan Putinin dəvətini qəbul edib Krıma gedəcəkmi?

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı Krımda Cümə məscidinin açılış mərasiminə dəvət edib. Bunu V.Putin Krıma səfəri zamanı qeyri-hökumət təşkilatları və dini liderlərlə görüşdə deyib. 

O, Ərdoğanı Ağməscid şəhərindəki Cümə məscidinin açılış mərasiminə dəvət edib. Rusiya Prezidenti bildirib: “Prezident Ərdoğanı dəvət etdim. Onun bu məsələdən xəbəri var və anladığım qədərilə bu dəvətə müsbət yanaşıb. Görək necə olacaq, gəlməyə vaxt və imkan tapacaqmı?!” Qeyd edək ki, Krımın Rusiyaya ilhaqından sonra inşasına başlanan Cümə məscidinin rəsmi açılış mərasimi aprelin 21-nə planlaşdırılıb.

Krımın Moskva tərəfindən anneksiya edilməsindən sonra Türkiyə həmin ərazinin Rusiyanın olduğunu qəbul etmir. Amma, eyni zamanda, Ərdoğanla Putin arasında çox yaxın münasibət mövcuddur. Hər halda, Putinin dəvəti Ərdoğanı dilemma qarşısında qoyub. Ərdoğan bu iki mümkün yoldan hansını seçəcək və bunun Türkiyə-Rusiya münasibətlərinə nə kimi təsiri ola bilər?

Siyasi elmlər doktoru Hatəm Cabbarlı qəzetimizə açıqlamasında bildirdi ki, Rusiya ilə Türkiyə arasında münasibətlər 1991-ci ildən sonra əsasən əməkdaşlıq üzərində qurulsa da, müəyyən məsələlərlə bağlı ziddiyyətlər də yaşanıb:“Rusiyanın hərbi təyyarəsinin Türkiyənin hava sərhədini pozduğuna görə vurulması tərəflər arasında münasibətləri ciddi şəkildə pozsa da, daha sonra yenidən qaydaya düşdü. Rusiyanın Türkiyədəki səfirinin sui-qəsd nəticəsində qətl edilməsi də tərəflər arasında münasibətlərdə soyuqluq yaratmışdı, bu böhranlı vəziyyət də diplomatik şəkildə həll edilmişdi. Tərəflər bəzən ortaq siyasət həyata keçirsələr də, bəzi məsələlərdə bir-birinə zidd siyasət yürüdüblər. Son zamanlar Suriya və Yaxın Şərqdə hər iki ölkənin mənafeləri ortaq məxrəcə gəlsə də, postsovet coğrafiyasında bəzi məsələlərdə Türkiyə Rusiyaya rəğmən öz müstəqil siyasətinə davam edir. Postsovet coğrafiyasında tərəflərin müxtəlif münasibət göstərdiyi problemlərdən biri də Rusiyanın Krımı ilhaq etməsidir. Türkiyə heç bir zaman bununla barışmayıb və rəsmilər bir çox halda bunu ən yüksək səviyyədə müxtəlif tribunalardan dilə gətiriblər. Rusiya Prezidenti Vladimir Putin Krıma səfəri zamanı qeyri-hökumət təşkilatları və dini liderlərlə görüşdə R.T.Ərdoğanı Ağməscid şəhərindəki Cümə məscidinin açılış mərasiminə dəvət edib. Bu dəvətin Türkiyənin S-400 zenit-raket kompleksini alması səbəbindən ABŞ-la münasibətlərinin gərginləşdiyi, Rusiyaya qarşı tətbiq edilən iqtisadi və siyasi sanksiyaların nəticələrinin daha çox hiss edildiyi bir dövrdə səsləndirilməsi, hər halda, təsadüf deyil. Krımın ilhaq edilməsi məsələsi ilə bağlı bu günə qədər Türkiyənin rəsmi siyasəti bu status-kvonu tanımamaq yönündə olub. Rusiya diplomatik gediş göstərərək, Türkiyə Prezidentinin həssas olduğu dini duyğularını istismar edərək, Ağməscid şəhərindəki Cümə məscidinin açılışına dəvət etməsinə Ərdoğanın yox deməyəcəyini düşünür. Rusiya bəlkə də bununla Türkiyə ilə münasibətlərinin necə olduğu və hansı istiqamətdə inkişaf edəcəyi məsələsinə açıqlıq gətirmək istəyir. Ərdoğan özü də rəsmi olaraq dəfələrlə Rusiyanın Krımı ilhaq etməsi ilə barışmadığını bildirib. Ərdoğan bu dəvəti qəbul edib Krıma gedərsə, bu günə qədər dilə gətirdiyi “Krımın ilhaq edilməsini tanımırıq” tezisini zəiflədə, hətta yox edə bilər. Bundan başqa, dünyanın digər böyük ölkələri də Ərdoğanın Krım səfərinə mənfi münasibət bildirə bilər. Ərdoğan bu təklifi diplomatik şəkildə qəbul etməyib, daha aşağı səviyyədə bir dövlət nümayəndəsini oraya göndərə bilər. Mənə elə gəlir ki, Rusiya da bunu anlayışla qarşılayar. Hələlik tərəflər arasında münasibətlər o səviyyədədir ki, Ərdoğanın Krım dəvətindən diplomatik yolla imtina etməsi və daha aşağı səviyyədə bir dövlət nümayəndəsinin oraya getməsi iki ölkə arasında ciddi problem olmayacaq”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …