Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Ərəblərin vurduğu durna hansı məmuru “aparacaq?”

Ərəblərin vurduğu durna hansı məmuru “aparacaq?”

Fakt odur ki, istədiyin özbaşınalığı edə, sonra da pulunu verib, əlini-qolunu sallaya-sallaya çıxıb gedə bilərsən.

Mart ayının 20-də eko-aktivist Cavid Qara “Facebook” platformasında “Ecofront” səhifəsindən canlı yayım edərək, Qax Dövlət Təbiət Yasaqlığında ərəb turistlərin ov etdiklərini göstərən görüntülər yayımladı. Yayılan görüntülərdən məlum olurdu ki, turistlər Acınohur çölündə drona canlı göyərçin bağlayıb şahinlərə yem edirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bununla bağlı açıqlamasında bildirdi ki, “göyərçinlərlə rəhmsiz rəftara görə xarici turistlər cərimələnib”.

Nazirliyin açıqlamasında qeyd edilirdi ki, monitorinq aparılıb və “Ərəb ölkələrindən gəlmiş turistlərin Qax rayonunun  Acınohur ərazisində mülkiyyətçinin razılığı əsasında istirahət məqsədilə çadır qurduqları və özlərinə məxsus şahin quşlarına təlim keçdikləri qeydə alınıb”.

ETSN Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə də təlimdə ev quşları olan göyərçinlərlə  rəhmsiz rəftar olunması aşkar edildiyindən  həmin şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq olunduğunu söylədi.

Aidiyyəti qurumların 20 martdakı bu açıqlamasından sonra 24 martda xarici turistlərin Acınohur çölündə ovlarına davam etdikləri barədə xəbər yayıldı. “Ov ovlayıb, quş quşlayan” qonaqların sosial media hesablarından paylaşdıqları görüntülərdən məlum oldu ki, ovlanan quşlar arasında nadir növlər də var. Bundan sonra sosial media istifadəçilərinin qəzəbinə tuş gələn qonaqların cərimələndiyi ilə bağlı açıqlama verildi.

İctimaiyyətin isə buna münasibəti birmənalı olmadı. Hansısa xarici turistlərin pul gücünə ölkədə qaydaları rahatlıqla pozması, təbiətdə vəhşilik törətməsi və əvəzində cərimə ilə canlarını qurtarması xoş qarşılanmadı. Buna görə də məsul qurum kimi ETSN-in fəaliyyəti tənqid atəşinə tutuldu.

Məsələ ilə bağlı AYNA-ya danışan Milli Məclis üzvü Aqil Abbasın sözlərinə görə, turistlərin gəlib-getməsinə, harada qalmasına ETSN nəzarət etmir: “Turistlər şəxsi təyyarələri ilə gəliblər. Bu məsələdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üstünə düşülsə də, turistin gəlib-getməsinə, harada qalmasına onlar nəzarət etmirlər. Qanunsuz ov etmələri sosial şəbəkədə paylaşıldıqdan sonra gedib yoxlayıb cərimələyiblər. İndi bu turistlər yəqin ki, qanunsuz silahla ov etməzlər, müəyyən icazələri olub, icazəni də pulla alıblar, ya necə – bilmirik. Bu, araşdırma məsələsidir. Hər halda olanlarla bağlı araşdırma gedir. İndi gözləyək görək, araşdırsınlar”.

Deputatın fikrincə, baş verənlər daha çox kimisə “vurmaq” üçündür: “Mən başqa bir şey hiss edirəm. Bütün bunlar kimisə “vurmaq” üçündür. Durnanın, ovun dərdinə çox da qalan yoxdur. Hər halda mən də istəmərəm ki, nadir quşlarımız vurulsun. Bilmirəm, bu ərəblər müsəlmandır, yoxsa yox? Ümumiyyətcə, ərəblərin heç biri müsəlman deyil. Hacıleyləyi vurmaq Azərbaycanda günahdır. Göyərçini, durnanı vurmuruq da, yemirik də. Bunlara bir müsəlman və azərbaycanlı olaraq bir az müqəddəs baxırıq. Amma görünür, bunlar heç müsəlman da deyillər”.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə açıqlamasında bildirmişdi ki, bu məlumatlar onlara daxil olanda araşdırma aparıblar və məlum olub ki, Acınohur Yasaqlığı ərazisində 372 hektar ərazi 2017-ci ildə yerli vətəndaşa icarəyə verilib: “Həmin vətəndaş da müqavilə əsasında xarici qonaqları dəvət edir və onlar orada istirahət edirlər. Bununla bağlı hər hansı məhdudiyyət yoxdur”.

“Bir faktı deyim ki, hazırda quşların miqrasiya dövrü bitib və buna görə onların sayı ölkədə azdır. Amma bəzi faktlar öz təsdiqini tapdı və iki ərəb turist 4 min manat civarında cərimələndi. Hazırda bizim tərəfimizdən, onların Yasaqlıq ərazisində hərəkətini məhdudlaşdırmaq üçün müvafiq tədbirlər görülüb. Ərazidə müxtəlif yerlərdə tərəfimizdən postlar qurulub ki, onlar orada hərəkət etməsinlər. Bu barədə araşdırmalarımız davam etdiriləcək. Fürsətdən istifadə edib bu məlumatları ötürən şəxslərə öz təşəkkürümü bildirirəm”, – deyə Xidmət rəisi vurğulamışdı.

Acınohur Yasaqlığı ərazisində 372 hektar ərazinin 2017-ci ildə yerli vətəndaşa icarəyə verilməsinin qanuni olub-olmaması barədə AYNA-nın sualını cavablayan Vəkil Aqil Layic bildirib ki, yasaqlıq icarəyə verilə bilməz: “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının qanununun 7-ci maddəsinə əsasən, “dövlət təbiət qoruqlarının və yasaqlıqlarının fiziki və hüquqi şəxslərin idarəsinə, icarəsinə, istifadəsinə verilməsi qadağandır”.

Vəkil hər iki tərəfin məsuliyyət daşıdığını deyib: “Bu hərəkət özlüyündə məsuliyyətə səbəb olur. Həm icarəyə verənlər, həm də icarəyə götürənlər məsuliyyət daşıyır. 5000 manat cəriməsi var. Bununla yanaşı səlahiyyətlərindən sui-istifadəyə və özbaşınalığa görə cinayət məsuliyyəti də var”.

Hüquqşünas Fərhad Mehdiyevin də AYNA-ya dediyinə görə, Meşə Məcəlləsinin 22-ci maddəsində qeyd edilir ki, 14-cü maddəyə uyğun olaraq meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı (icarəyə verən) tərəfindən bir ildən qırx doqquz ilədək verilə bilər. 24-cü maddədə meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası öz əksini belə tapır: “Meşə fondu torpaqlarının icarəyə verilmə qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Meşə fondu torpaqlarının icarəyə verilməsi aşkarlıq şəraitində, müvafiq ərazidə yaşayan əhalinin mənafeyini nəzərə almaqla həyata keçirilməlidir””.

Hüquqşünas əlavə edib ki, müvafiq Məcəllənin 72-ci maddəsi meşələrin həm də ovçuluq məqsədi ilə icarəyə verilməsinə imkan tanıyır: “Elmi tədqiqat, mədəni-sağlamlışdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə qaydalarına görə, müvafiq təşkilatlar tərəfindən meşə fondu sahələrində elmi tədqiqat işləri aparıla bilər. Bu meşə istifadəsi həmin məqsədlərə uyğun gəlmədikdə, meşə təsərrüfatı müəssisəsi fiziki və hüquqi şəxslərə meşə fondu sahəsindən istifadəni məhdudlaşdırır və ya qadağan edir. Mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri üçün verilmiş meşə sahələrində meşə istifadəçiləri təbii landşaftın saxlanılması, yanğın təhlükəsizliyi və meşələrdə sanitariya qaydalarına əməl etmək şərtilə abadlıq tədbirləri görə bilərlər. Meşə fondu sahələri ov yerləri kimi qanunvericilikdə müəyyən edilmiş qaydada ovçuluq təsərrüfatının ehtiyacları üçün fiziki və hüquqi şəxslərin istifadəsinə və ya icarəsinə verilə bilər”.

Mehdiyev sonda qeyd edib edib ki, bunlara baxmayaraq, sözügedən məsələnin qanuni əsası yoxdur: “Qanunvericilikdə xarici vətəndaşların yivsiz odlu silah gətirməyə, yaxud ölkədə ov silahını müvəqqəti icarəyə götürməyə icazələri yoxdur. Qısacası, bu baş verənlərin qanuni əsası yoxdur”.

Öldürdükləri quşları bəh-bəhlə şişə taxıb yeyən ərəb turistlərin müsəlman olduqlarını düşünənlər zövq üçün ov etmələrinin İslamda halal olmadığını əsas gətirərək onları qınamışdılar. İlahiyyatçı Ağa Hacıbəyliyə “İslamda hansı hallarda ov etmək halal buyurulur?” sualı ilə müraciət etdik. İlahiyyatçı bildirdi ki, İslam dinində ehtiyac çərçivəsində halal buyurulmuş heyvanların ovlanmasına icazə var: “Bir ailənin ətə ehtiyacı varsa, o zaman zərurəti aradan götürmək üçün ov etmək İslamda halal əməl sayılır”.

Hacıbəylinin sözlərinə görə, burada əsas məsələ hansı heyvanların ovlanmasıdır: “Sevgili Peyğəmbərimizin bir hədisi-şərifində buyurulur ki, “Halallar bəlli, haramlar da bəlli. Ortada şübhəli olan şeylər var, siz o şübhəli olanlardan çəkinin. Bununla bağlı İslam dinində həm quşlar, həm yerdə yeriyən heyvanlar, həm də suda, suda-quruda yaşayan heyvanlar üçün xüsusi bir ölçü var. Yırtcı heyvanlarla bağlı görüş belədir ki, kəsici dişləri, pəncələri olan, ətyeyən heyvanlar, məsələn, aslan, canavar, ayı, çaqqal, tülkü, pişik, it və s. bunların ətləri haramdır və ovlanmaları da qadağan olunub. Eyni zamanda da yırtıcı quşlar, məsələn, qartal, şahin, qarğa, sağsağan və s. Kimi leşyeyən quşlar var ki, bunların da əti haram buyurulub. Suda yaşayan heyvanlara qaldıqda isə onların böyük bir qismi, xüsusilə də balıq cinsinə aid olanların əksəriyyəti halaldır”.

Son olaraq qeyd edək ki, Azərbaycanda 2020-2021-ci il illər üzrə ov mövsümü fevral ayının 28-də başa çatıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …