Şənbə , Aprel 20 2024
Ana səhifə / Əməkdar artistin nəvəsi doğuşda ölüb – “Qızımı vurub, əziyyət veriblər”

Əməkdar artistin nəvəsi doğuşda ölüb – “Qızımı vurub, əziyyət veriblər”

Əməkdar artist Rəhman Rəhmanovun qızı Rəhilə Rəhmanovanın dünyaya gəlmiş 2 günlük qız övladının ölümü qalmaqala səbəb olub.

“Qafqazinfo”ya açıqlama verən aktyorun həyat yoldaşı Ulduz Rəhmanova nəvəsinin ölümündə həkimləri ittiham edib.

Ulduz Rəhmanova bildirib ki, həkimlər doğuş zamanı onun qızının üstünə qışqırıblar, hətta vuraraq əziyyət veriblər:

“Qızımın səhhəti yaxşı deyil, əsəbləri pozulub, ağrıları çoxdur və demək olar ki, gəzə bilmir. Nəvəmin ölüm səbəbini bizə açıqlamırlar. Vəziyyətdən xəbərimiz yoxdur, onun nə səbəbdən öldüyünü də bizə demirlər. Doğuş Bayılda yerləşən 5 saylı doğum evində olub (Şamama Ələskərova adına Kliniki Doğum Evi ), həkimi Əzizə xanım idi. Biz həkimlə əvvəlcədən danışmışdıq ki, xəstəni o qəbul edəcək. Getməmişdən qabaq qızı yoxladı, hər şey əla idi. Doğuş zamanı qızım 10 saat zülm çəkdi, bilmirəm başına nə oyun açdılar. Vurublar, əziyyət veriblər. Uşağı ölü çıxarıblar. Uşağı necə zədələdikləri barədə məlumatımız yoxdur. Bir onu deyə bilərəm ki, axırıncı gün uşağın başı gömgöy idi. Başa düşdük ki, körpənin beyni zədələnib. Əvvəlcə bizə ümid verdilər ki, uşaq yaşayacaq. Nəticə isə belə oldu”.

Rəhilə Rəhmanovanın anası sözügedən Doğum Evinin anti-sanitar şəraitdə fəaliyyət göstərdiyini iddia edir:

“Məhkəməyə müraciət etmək fikrində deyiləm. Sadəcə olaraq sözügedən xəstəxananın yaxşı olmadığını söyləyirəm. Elə bil qədimdən qalma hospitaldır. Heç kəs heç kəsə baxmır. Xəstələr qışqırırlar, yaxın duran yoxdu. Onlarla söyüşlə danışırlar. Belə şey olar? Onsuz ana doğuş vaxtı stress keçirir. Xəstələrlə mehriban davranmaq lazımdı. Gələcək anayla davranış başqa cür olmalıdır. Doğum evinin baş mamaçası var, adı Elmira xanımdır. O xanımın heç bir günahı yoxdur. Elmira xanım bizim tanışımız olduğuna görə, yaxşılıq edib, bizi həkimlə tanışdırıb. Onu işdən çıxarıblar. Nəvəmin ölümündən sonra hər şey ortaya çıxdı. Bunu işdən çıxaran ginekoloqa niyə cəza vermir? Sözügedən xanımın nə günahı?”.

“Qafqazinfo” məsələ ilə bağlı Şamama Ələskərova adına Kliniki Doğum Evinin həkimi Əzizə xanımla əlaqə saxlayıb. İttiham olunan şəxs mövzu ilə bağlı açıqlama verməkdən boyun qaçırıb.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın