Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Əli Mirəliyev: “Elza Seyidcahan gic-gic danışanda, bilin ki…”

Əli Mirəliyev: “Elza Seyidcahan gic-gic danışanda, bilin ki…”

Ötən həftə ölkə mediasında, sosial şəbəkələrdə ən çox müzakirə edilən məsələlərdən biri “seyid vəsiqəsi”nin paylanılması xəbəri oldu. Bu cür vəsiqənin mövcudluğu, onun ayrı-ayrı şəxslərə verilməsinin nə dərəcədə doğru olub-olmadığı, ümumiyyətlə seyidliyin kimlərə şamil edilməsi ilə bağlı məsələlər xeyli müzakirə olundu. Məlum olduğu kimi şou-biznes, mədəniyyət və incəsənət aləmində də bir çox sənətçilər var ki, onlar özlərinin seyid nəslindən olduğunu iddia edirlər. Bu cür sənətçilərdən biri də müğənni Əli Mirəliyevdir.

Musavat.com-un əməkdaşı məsələ ilə bağlı sənətçinin fikirlərini öyrənib. Müğənni “seyid vəsiqəsi”nin paylanılmasına bu cür reaksiya bildirib:

– Seyidlərin böyüyü mənəm, amma bu işdən xəbərim yoxdur. Necə verilir bu? Bizim sənət sahiblərinə verilir?

– Ayrı-ayrı şəxslərə…

– Elə mən də adi vətəndaşam. Nə olsun ki, sənətçiyəm, amma Azərbaycan vətəndaşıyam. Onlara verilir, bəs niyə mənə verilmir? Guya Əli Mirəliyevi tanımırlar? Axı mənim adım Əli, familiyam Mirəlidir. Daha bunun nəyi şübhəlidir?

– Seyidlik vəsiqəsi verilsə, qəbul edərsiz?

– Mənim atam-anam onsuz da mənə seyidlik vəsiqəsi verib, adımı Əli Mirəliyev qoyublar. Mənim seyid vəsiqəm var, neynirəm onların vəsiqələrini? Mənim vəsiqəmi ilk öncə ana-atam, ikinci də xalq verib. Bunu rəsmiləşdirmək kimə lazımdır? Şəxsən mənə lazım deyil. Guya onda mənə rəhmləri gələcək? Bəzi sənətçilər gedib pul verib kağızla xalq artisti adını alırlar. Guya o kağız nə verir, onları sənətçi edir? Sənətkarı xalq edir, öləndən sonra xalq onlara sənətkar adını verir. Elə bilirsiz ki, bir sənədlə hər şey bitir? Seyidsənsə gərək seyid kimi yaşayasan, müğənnisənsə gərək oxuduğun mahnılarla xalqın qəlbində qalasan. Məsələn, İlhamə Quliyeva seyid olmasa da amma o elə bir ifalar edib ki, tarixə düşüb. Bilirsiz, seyidlik üçün kağız alanlara və yaxud Həcc ziyarətinə gedib hacı olanlara mənim gülməyim tutur. Mən onlara yazıq kimi baxıram.

– Sənətkar kimi deyil, məhz seyid kimi sizə müraciət edənlər olubmu?

– Mənə elə həmişə seyid deyirlər də… Camaat bilir ki, mən seyidəm, hal-əhval soruşanda deyirlər ki, “seyid necəsən?” Seyid olmayan bu haqda bilmir, anlayışı yoxdur. Seyid olan insan bilir ki, “Mir”in qarşısında nə dayanır, onun anlamı nədir.

– Bəzi seyidlərə nəzir verilir. Bu məsələyə necə baxırsız? Sizə də nəzir verən olubmu?

– Nəziri mən camaata verirəm. Amma seyidəm də, kimsə ürəyində mənə pislik etmək istəyəndə Allah ona qənim olur. Həmin adam sonradan başa düşür, ona deyirlər ki, “ayə, o seyiddir e, başını hara soxursan?”

– Sənət aləmində özünə seyid adını götürənlərin sayı da getdikcə çoxalmağa başlayıb.

– Seyid adını götürmürlər, bu, mümkün deyil. Məsələn, oxuyan bir qadın müğənni var (düşünür)… Elza Seyidcahan, onun seyid adının tarixçəsini bilmirəm. Deməli, mənim babam Mirəli kişi ağır seyid olub. Atamın da 3 oğlu olub, Kamil, Şamil və bir də mən… Atam həmişə axşamlar mənə qəpik pul verirdi, səhərlər isə məndən alırdı. Mən də anamdan soruşurdum ki, “Niyə atam axşam mənə pulu verib, səhər alır?” Anam dedi ki, “Sənin əlin yüngüldür, seyidlik sənə düşüb. Atan səndən pul almadığı gün işi yaxşı getmir”. İkinci bir tərəfdən mənim anamın nənəsi Mir Mövsüm Ağanın doğmaca əmisiqızıdır. Yəni anamın ana tərəfi seyiddir. Üstəlik atam tərəf də seyid nəslindəndir. Beləliklə həm ata, həm də ana tərəfdən mən seyidəm, yəni xalis seyidəm (gülür). Seyidlərin fırıldaqçılığı yoxdur, nə düşünürlərsə, onu da deyirlər. Baxın mənim əməllərimə, evdə də efirdə də eyni cürəm, bir simam var. Seyidliyi bu cür təyin edirlər. Elza Seyidcahanda da seyidlik var. Bir də görürsən ki, gic-gic danışır, bu seyidliyin əlamətidir. Bəzən görürsən ki, ağıllı danışır, bəzən isə ağzından “quş buraxdı”, səhv söz dedi.

– Bu, seyidliyin əlamətləridir, deyirsiz?

– Bəli, seyidlər belə olur. Seyidlər heç vaxt siyasətçi olmur, sözlərini ölçüb-biçmir. Seyid beyninə nə gəlirsə, nə görürsə, onu da deyir. Bizə seyid olmağın sübutu lazım deyil. Adam var ki, bir şey fikirləşir, amma başqa cür danışır. Yəni, ölçüb-biçib danışmır ki, görüm ona xeyir edir, ya yox. Və yaxud aramla, “aa, bb, ee…” deyib danışmır. Görürsüz ki, bizim bəzi nazirlər bu cür danışır. Onlar fikirləşib danışırlar. Amma seyid fikirləşdiyini deyir.

– Sənət aləmində əsl seyid olan kimləri tanıyırsız?

– Sənət aləmində bir özümü seyid görürəm.

– Mərhum sənətkarımız İlhamə xanım da bir dəfə açıqlamasında bildirmişdi ki, seyid nəslindəndir. Bu haqda dəqiq məlumatınız varmı?

– Doğrudur, onun bir nəsli gəlib bizim nəsilə çıxır. Mən onun dayısının kürəkəniyəm də… Yəni biz qohumuq, ola bilər ki, o ya ata, ya da ana tərəfindən seyid olsun.

– Olub ki, sizi incidənlər sonradan bəlaya tuş gəlsin?

– Əlbəttə, məni incidənlərin əksəriyyəti qəzaya düşüb, ölüb. İndidən getmir söhbət, hələ gənclik illərimdə bu, baş verirdi, hansı ki, məni onda heç kim tanımırdı. Olub ki, kimsə mənim haqqımda pis danışıb, ya ailəsinə nəsə olub, ya özü ölüb. Bəzilərinə də deyirdilər ki, “O kişi seyiddir, onu incitmə, bəlasına gələrsən”. Mənim 68 yaşım var və bu illər ərzində bunu eşidirəm. Seyid nəsli seçilmiş insanlardır. Biz seyidlər Məhəmməd peyğəmbərin tayfasındanıq, seçilmiş və sevilmişlərdənik.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …

Bir cavab yazın