Ana səhifə / Aktual / Əli Kərimli-İlqar Məmmədov debatı – moderator kim olsun?

Əli Kərimli-İlqar Məmmədov debatı – moderator kim olsun?

Qulu Məhərrəmli: “Müraciət olunsa, bu barədə düşünərəm”

AXCP sədri Əli Kərimli ilə REAL Partiyasının sədri İlqar Məmmədov debata çıxacaqlar. Moderator araşdırmaçı jurnalist Xədicə İsmayıl olacaq. Xanım jurnalistin özü belə bir təşəbbüslə çıxış edib və hər iki siyasətçi onun təşəbbüsünə müsbət cavab verib. İki partiya sədrinə də təşəkkür edən araşdırmaçı jurnalist yaxın günlərdə debatın vaxtının açıqlanacağını bildirib.

X.İsmayılın moderatorluğu məlum olandan sonra bu istiqamətdə geniş müzakirələr açılıb. Çoxları aparıcının obyektivliyinin debatlarda çox önəmli olduğunu düşünərək, xanım jurnalistdə buna şübhələrin olduğunu önə çəkir.

Ən çox da arqument kimi, illər öncə X.İsmayılın hələ AzadlıqRadiosunda çalışarkən Müsavat Partiyasının keçmiş başqanı, hazırda Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri olan İsa Qəmbərlə verilişi zamanı sərgilədiyi mövqe göstərilir.

Həmin verilişdə araşdırmaçı jurnalist daha çox özünü İ.Qəmbər qarşısında aparıcı deyil, rəqib kimi göstərmişdi. Məhz bu səbəbdən onun Əli Kərimli-İlqar Məmmədov debatında obyektiv olacağına şübhələr var. Bu səbəbdən də bir sıra tanınmış media mənsublarının moderator kimi adı çəkilir, onların debatı aparmalarının vacibliyi vurğulanır.

Qulu Məhərrəmli ile ilgili görsel sonucu

Onlardan biri media mütəxəssisi Qulu Məhərrəmlidir. O, “Yeni Müsavat”a açıqlamasında öncəliklə debatın önəmindən söz açdı: “Əvvəla deyim ki, istənilən məsələ ilə bağlı dialoqun, debatın və ictimai müzakirənin aparılması çox müsbət hadisədir. Xüsusilə bir-birini qəbul etməyənlər arasında belə bir debatı çox vacib hesab edirəm. Hesab edirəm ki, istənilən jurnalist bu debatı apara bilər. Açığı, mən siyasi proseslərə çox bağlı deyiləm. Bu baxımdan bir az tərəddüd edirəm. Amma ümumən deyə bilərəm ki, istənilən dialoqu, debatı və ictimai müzakirəni aparmaq jurnalistin təkcə istəyi deyil, onun bacarığının və daha çox obyektivlinin təzahürü ola bilir. Konkret indiki halda mənə o debatla bağlı heç kim müraciət etməyib. Təbii ki, müraciət olunsa, bu barədə düşünərəm. Belə debat üçün burada söhbət çox ciddi parametrlərdən gedir. İstənilən debat üçün istənilən moderator hazırlaşmalıdır. Sualları və digər debat üçün vacib olanları əvvəlcədən hazırlamalıdır. Bizdə debata bir az didişmə kimi baxırlar. Amma söhbət ondan gedir ki, debatda verilən suallar problemləri açmağa xidmət etməlidir. Debat da müəyyən texnologiya üzrə aparılmalıdır. Yoxsa bizdə, xüsusilə internet platformasında hesab edirlər ki, iki nəfər didişdi, söyüşdü, bu da debat oldu. Bu belə deyil axı. Debatın əsas məqsədi bu və ya başqa problem, mövzu ilə bağlı bütün çalarları parametrlərə açmaq və onu auditoriyaya göstərməkdir. Bu, baxımdan debata əvvəlcədən hazırlaşmaq çox vacibdir. Bu sadəcə olaraq, peşə prosedurudur. Hansı kriteriyalara cavab verən moderatorun bu debatı aparmasının vacibliyinə gəlincə, onu deyə bilərəm ki, yüksək peşəkarlığı olan, prosesləri bilən, adamları tanıyan, yaxşı ünsiyyəti olan biri aparmalıdır. Təbii ki, burada öndə obyektivliyi olan birinin bunu aparması daha çox vacibdir. Biz debatların səviyyəsinə baxırıq, bəzən moderatorlar yanlış olaraq tərəf kimi çıxış edirlər. Balansı, ölçünü də aparıcı qorumalıdır. Hesab edirəm ki, Xədicə xanım yüksək peşəkarlığı olan debat aparıcılarından biridir. Bu tipli başqa aparıcılar da var. Azərbaycanda o debatı apara biləcək xeyli sayda peşəkar jurnalist görürəm”.

Q.Məhərrəmli İ.Qəmbərlə məlum verilişinə görə obyektivliyinə şübhə ilə yanaşılan X.İsmayıl barədə bunları dedi: “Düzü, o verilişə baxmamışam. Amma hesab edirəm ki, istənilən jurnalist obyektivliyini qorumalı, bitərəfliyini saxlamağı bacarmalıdır. Debat, ictimai müzakirə moderatordan bunu tələb edir. Keyfiyyət burada çox önəmlidir. Hansı siyasətçinin üstün olacağı ilə bağlı sualınız barədə onu deyə bilərəm ki, tərəflər ilk növbədə, bir-birinə hörmətlə yanaşmalı, debat mövzu müzakirəsi üzərində qurulmalıdır. Şəxsiyyətlərə hücum, əsassız ittihamlar olan zaman debat öz özəlliyini itirir. İndidən nəsə demək çətindir. Amma gedən siyasi proseslər barədə cəmiyyəti maarifləndirmək də debatda çox vacibdir. Çünki belə debatların cəmiyyət üçün faydalı olduğunu göstərmək çox vacibdir. Hazırda cəmiyyətimizin ən çox ehtiyac duyduğu məsələ məlumat, qarşılıqlı anlaşmadır.

Debat arqument üzərində qurulur. Arqumentsiz danışmaq, ittiham etmək, söyüş dilə gətirmək debat deyil, başqa janrdır. Bunların olmaması üçün aparıcı debatı çox gözəl idarə etməlidir. Bu, əvvəlcədən müəyyənləşdirilmiş şərtlər üzərində qurulur. Debat bir texnologiyadır. Buna çox yaxşı hazırlaşmaq lazımdır. Bu çox gözəl bir nümunə olacaq debat ola bilər. Hesab edirəm ki, cəmiyyətdə qarışıqlı anlaşma, insanların fərqli fikirlərə müxtəlif münasibətləri və digər amillər medianın gətirdiyi xətt olmalıdır. Debat həm də insanların qarşıdurmasına, söyüşməsinə, gərginlik gətirməsinə səbəb olmamalıdır. Debatlar cəmiyyətdə bir dialoq formatı yaradır. Bu da faydasız olmaya bilməz. Gözləyirəm ki, hər kəsin marağını cəlb edəcək debat olacaq. Azərbaycanda bir tərəfdən informasiya aclığı, digər tərəfdən debat mədəniyyətinin yüksəldilməsinə ehtiyac var. Bu baxımdan arzulayardım ki, çox yüksək səviyyəli bir debat olsun”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …