Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Əli İnsanov Avropa Nazirlər Komitəsinə müraciət etdi: “Hakimiyyət məni özünə müxalifət hesab edir”

Əli İnsanov Avropa Nazirlər Komitəsinə müraciət etdi: “Hakimiyyət məni özünə müxalifət hesab edir”

Martın 12-dək Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanın keçmiş səhiyyə naziri Əli İnsanovun şikayətinə baxacaq.
Mia.az bildirir ki, buu barədə REAL Partiyasının sədri İlqar Məmmədov facebook səhifəsində yazıb
O qeyd edib ki, məsələ Nazirlər Komitəsinin gündəliyinə salınıb: “Belə ki, Əli İnsanov 2018-ci il dekabrın 14-də Nazirlər Komitəsinə məktub yazıb. “Mən cinayət törətməmişəm. Artıq 14-cü ildir həbsdəyəm. Hakimiyyət məni özünə müxalifət hesab edir və bu səbəbdən Avropa İnsan Hüquqları Məhkəməsinin 14 mart 2013-cü il tarixli qərarını yerinə yetirmir,”-deyə İnsanov məktubunda bildirir. Öz növbəsində, Azərbaycan hakimiyyəti bu il fevralın 8-də Avropa Şurasının Nazirlər Komitəsinə cavab məktubu ünvanlayaraq, Əli İnsanovun haqlı və qanuni olaraq cəzalandırdırıldığını bildirir”. 
“Şəxsi mövqeyim ondan ibarətdir ki, Əli İnsanov dərhal azadlığa buraxılmalıdır. İşin qətiyyən qeyri-məqbul olan tərəfi – ona verilmiş 11 illik cəza qurtarandan sonra cəzanın 7 il artırılmasıdır. Əvvəllər cinayət törədibsə də, törətməyibsə də, o artıq azadlıqda olmalıdır, dərhal. Nazirlər Komitəsi məsələni gündəliyinə salıbsa, demək ya qərar, ya da qətnamə qəbul etmək niyyətindədir. Bu sənəd haqqında Azərbaycan hakimiyyətinin şübhəsiz ki, xəbəri var. Əgər o, sənədi ciddiyə alırsa, onun qəbul edilməsinin qarşısını almaqdan ötrü Əli İnsanovu iclasa qədər azadlığa buraxa da bilər, ya da ən qısa vaxtda buraxılması haqqında Nazirlər Komitəsilə anlaşa bilər,”  -deyə Məmmədov qeyd edir.
Xatırladaq ki, Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan cinayət işi vəzifə cinayətlərinə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası kəsilib.
Həbs müddətinin bitməsinə iki ay qalmış – 2016-cı ilin avqustunda ona yeni cinayət işi açılıb. Keçmiş nazirə Cinayət Məcəlləsinin 234.1-ci (narkotik və ya psixotrop maddələr əldə etmə, saxlama), 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması) maddələri ilə ittiham irəli sürülüb. Kamerada psixotrop tərkibli dərman saxlamaqda, Penitensiar Xidmətin əməkdaşını vurub ona kəllə-beyin travması yetirməkdə suçlanan 70 yaşlı sabiq nazir 2017-ci il aprelin 26-da 7 il 5 gün azadlıqdan məhrum edilib. İyunun 22-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. 2018-ci il yanvarın 16-da isə Ali Məhkəmədə bu məsələyə baxılıb və qərar qüvvədə saxlanılıb.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …