Ana səhifə / Aktual / Ələddin Cəfərov sədr, Səadət Bəktaşi isə sədr müavini seçilib – Hakimlərin toplantısı

Ələddin Cəfərov sədr, Səadət Bəktaşi isə sədr müavini seçilib – Hakimlərin toplantısı

Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının iclası keçirilib.
İttifaqdan verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, ümummilli iiderin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Əvvəlcə Ümumi və İxtisaslaşmış Məhkəmə Hakimləri Assosiasiyalarının ümumi yığıncaqları keçirilib.
Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosiasiyasının) ötən dövrdəki fəaliyyətinə həsr olunmuş yığıncaqda birliyin sədri, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov məruzə ilə çıxış edib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikanın stabil inkişafından, müxtəlif sahələrdə qazanılan uğurlardan danışan birliyin sədri Ə.Cəfərov dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatlarının müsbət nəticələrini qeyd edib, Azərbaycanda cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı qanunvericilikdə edilən dəyişiklikləri, cəzaların icrası üzrə idarəetmənin və praktiki fəaliyyətin təkmilləşdirilməsi sahəsində görülən işləri, bu günlərdə isə vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin imzaladığı sərəncamın əhəmiyyətini vurğulayıb.
Bildirilib ki, ölkənin ədliyyə və məhkəmə sistemində aparılan mütərəqqi islahatlar beynəlxalq qurumlar tərəfindən təqdir olunur. Avropa Şurası, Dünya Bankı və digər nüfuzlu beynəlxalq təşkilatlar bu islahatlara yüksək qiymət verərək, əldə etdiyimiz nəticələri Avropa dövlətlərinə qabaqcıl nümunə kimi tövsiyə edirlər. Ötən il məhkəmə sistemindəki nailiyyətlərinə görə ölkəmiz Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatçısı olub, Dünya Bankı ölkəmizdə ədliyyə sahəsində həyata keçirdiyi layihəni ən uğurlu kimi qiymətləndirərək müasir məhkəmə infrastrukturunun yaradılması və vətəndaşlara keyfiyyətli xidmətlərin göstərilməsi sahəsində innovasiyalara görə nominasiyaların qalibi elan edib.
Yığıncaqda həmçinin təşkilati məsələlərə baxılıb, yeni tərkibdə icra orqanlarının seçkisi keçirilib, birliyə yeni üzvlər qəbul edilib, Ələddin Cəfərov birliyin sədri seçilib.
İxtisaslaşmış Məhkəmə Hakimləri Assosiasiyanın keçirilmiş ümumi yığıncağında isə qurumun sədri, Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi çıxış edərək ötən dövrdə Assosiasiyanın fəaliyyətindən bəhs edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edən Azərbaycanda qazanılan sosial-iqtisadi uğurlardan danışıb, məhkəmə sistemində aparılan mütərəqqi islahatların konkret nəticələrini vurğulayıb.
Dövlət başçısının tapşırıqları əsasında ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsi istiqamətində görülən ardıcıl və məqsədyönlü tədbirlər qeyd edilib. Məhkəmə-Hüquq Şurasının təşəbbüsü ilə yeni məhkəmələrin yaradılması və fəaliyyətinin təşkili, son illər ərzində Assosiasiyanın beynəlxalq təşkilatlarla əlaqələrinin genişləndirilməsi, qabaqcıl ölkələrin məhkəmə təcrübəsinin öyrənilməsi, hakimlərin sayının artırılması, onların iş şəraitinin yaxşılaşdırılması, yeni məhkəmə binalarının tikintisi üzrə görülən işlər barədə məlumat verilib.
Tədbirdə Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimlərinin İctimai Birliyinin İdarə Heyətinin yeni tərkibi seçilib.
Sonra tədbir Ümumi və İxtisaslaşmış Məhkəmə Hakimləri ictimai birliklərinin birgə təmsil olunduqları Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının iclasında davam etdirilərək ölkədə aparılan məhkəmə-hüquq islahatları və məhkəmə fəaliyyətinin aktual məsələləri mövzusunda məruzələrlə çıxışlar dinlənilib.
İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində daimi nümayəndəsi Çingiz Əsgərov “İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin öyrənilməsi”, Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Şahin Yusifov “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli Qanunun məhkəmələr tərəfindən tətbiqi təcrübəsi”, Məhkəmənin hakimləri Əsəd Mirzəliyev “Mülki və İnzibati Prosessual məcəllələrdə, Vəkillər və vəkillik fəaliyyəti haqqında qanunda edilən dəyişikliklərin vətəndaş hüquqlarının müdafiəsinə təsiri”, Xəqani Məmmədov “İnzibati icraat qaydasında baxılan işlər üzrə bəzi məsələlər barəsində”, Azərbaycan İnqilab Nəsirov “Hərbi məhkəmələr tərəfindən işlərə baxılan zaman yol verilən nöqsanlar”, Gəncə Apellyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudov “Təqsirləndirilən şəxslər barəsində həbs və ev dustaqlığı qətimkan tədbiri seçilərkən, habelə müddətlər uzadılarkən nəzərə alınmalı zəruri olan hallar” və digər mövzularda məruzələr edilib, təcrübə və fikir mübadiləsi aparılıb.
Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının iclasında Nizami Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov ittifaqın sədri, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi isə sədr müavini seçilib.
Report

 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …