Ana səhifə / Aktual / Əfqan Muxtarlı işi ikinci İlqar Məmmədov başağrısı ola bilərmi?

Əfqan Muxtarlı işi ikinci İlqar Məmmədov başağrısı ola bilərmi?

Fəzail Ağamalı: “Azərbaycanın beynəlxalq səviyyədə mövqeyini zəiflətmək istəyirlər”; Səidə Qocamanlı: “Cümhuriyyətimizin yüz illiyini barışıq ili elan ediriksə…”

Xəbər verildiyi kimi, ötən həftə həbsdə olan jurnalist Əfqan Muxtarlıya 6 il hökm oxundu. Azərbaycanda digər siyasi məhbuslara verilən cəzalara səssiz qalmayan beynəlxalq qurumlar bu dəfə də səslərini çıxarmağa başladı. O sırada ABŞ Dövlət Departamenti Muxtarlının azad edilməsi ilə bağlı çağırış etdi.

Bütün bunlar bəzi məsələləri gündəmə gətirib. Belə ki, hazırda REAL sədri İlqar Məmmədovla bağlı Azərbaycanın Avropa Şurası ilə problemləri var. Ə.Muxtarlı məsələsinin də bu problemlərin üzərinə əlavə olunduğunu söyləmək mümkündürmü?

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında beynəlxalq qurumların daim Azərbaycana təzyiq etmək üçün bu cür yollara əl atdıqlarını bildirdi: “Allah hər kəsin qapısını açsın. Dünyada azad həyatdan gözəl nemət ola bilməz. Amma çox qəribə bir situasiya yaranıb. Jurnalist, siyasətçi və ya cəmiyyətdə az-çox tanınan kimsənin əməlində cinayət tərkibi varsa, qanunları pozursa, bunlara doğrudan da istisnalıq tətbiq olunmalıdır? Bunlara şərait yaradılmalıdır ki, onlar istədiklərini edə bilsinlər? Sən istədiyin vaxt qanunları poza bilərsən, cəmiyyət üçün qəbul edilməyən addımlar ata bilərsən, bu və ya digər çağırışlarla dövlətə təhlükələr yarada bilərsən, bütün bunlar jurnalist, siyasətçi və tanınmış şəxslər üçün istisnalıq təşkil etməlidir? Dünyanın heç bir ölkəsində belə hallar yoxdur. Biz sizlərlə bərabər bu gün bizə bəyanatlar yağdıran qurumların olduğu yerlərdə bundan da ciddi hadisələrin olduğunu izləyirik. Onlarla, yüzlərlə insan həbs edilir, qanun qarşısında cavab verirlər, günahsızlar azad edilir, günahı olanlar da qanunla cəzalarını alırlar, az günahı olanlar da nisbətən az cəza alırlar.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ile ilgili görsel sonucu

Niyə Amerika və bizə təzyiq bəyanatları yağdıran ölkələr, qurumlar öz ölkələrində bu tipli hadisələrdə belə bəyanatlarla mövqelərini ifadə etmirlər? Niyə öz ölkələrində belə hallara yol veriləndə səslərini çıxarmırlar? Azərbaycanla bağlı bu və ya digər halları bəhanə gətirərək, ölkəmizin üzərinə gəlirlər. Bütün bunların arxasında xristian təəssübkeşliyi durur. Azərbaycanın bugünkü inkişafını həzm etməmək də bunun arxasında durur. Heç şübhəsiz ki, burada erməni diasporunun da rolu var. Məqsəd aydındır ki, Azərbaycanın beynəlxalq səviyyədə mövqeyini zəiflətmək istəyirlər. Bu niyyətləri uzun illərdir izləyirik. Bunun konkret nəticələri yoxdur, ola da bilməz. Çünki Azərbaycan öz yolu ilə gedir. Azərbaycan bu və ya digər səbəblərə görə qanunları pozaraq cinayət edən şəxslər haqqında konkret addımlar atmasa, o zaman Azərbaycan anarxiyanın baş alıb getdiyi ölkəyə çevrilər. İlqar Məmmədovla, yenicə cəza alan jurnalistlə, eləcə də, bundan öncə dini ekstremizmlə bağlı ciddi təhlükə yarananda atılan addımlarla bağlı mövqe sərgiləyən qüvvələr və dairələr konkret olaraq himayə olunurlar. Azərbaycan bu gün qanunlarla idarə olunur. Ölkəmizdə demokratik cəmiyyətin formalaşması prosesi gedir. Ölkəmiz dünyanın aparıcı dövlətlərinin sırasına daxil olmaq üçün ciddi addımlarını atır. Bu baxımdan prezidentin iradəsi də ortalıqdadır. Bütün cəmiyyətlərdə olduğu Azərbaycanda da qanunları pozanlar qanun qarşısında cavab verməli, məsuliyyət daşımalıdırlar. Burada istisna ola bilməz”.

Hüquq müdafiəçisi Səidə Qocamanlı ile ilgili görsel sonucu

Hüquq müdafiəçisi Səidə Qocamanlı isə bunları dedi: “İlqar Məmmədov uzun zamandır həbsdədir və onun  barəsində Avropa qurumlarının çoxsaylı qərarları var. Avropa Şurası onun azad edilməsi üçün Azərbaycan qarşısında konkret tələblər də qoyur. Əfqan Muxtarlı elə bir vaxtda həbs edildi və barəsində cəza verildi ki, həmin günlərdə ölkə başçısının milli barışığa söykənən Cümhuriyyətimizin yüz illiyi ilə bağlı qərarları oldu. Ümid edirəm ki, may ayına qədər bu məsələlərdə ciddi dəyişikliklər olacaq. Biz ötən həftə toplantı keçirdik və bu ilin barışıq ili kimi tarixə yazılmasını və siyasi məhbusların bütünlüklə azad edilmələrini istədik. Bununla beynəlxalq qurumların təzyiqlərinin qarşısı alınar. Əgər Cümhuriyyətimizin 100 illiyini barışıq ili elan ediriksə, bu problemlər kökündən həll olunmalıdır. Bunun olacağına inanıram”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …