Ana səhifə / Aktual / ƏBÜLFƏZ ELÇİBƏY PREZİDENT OLANDA HEYDƏR ƏLİYEVİN MÜHAFİZƏSİNİ NECƏ TƏŞKİL EDİB ? – ŞOK MÜSAHİBƏ

ƏBÜLFƏZ ELÇİBƏY PREZİDENT OLANDA HEYDƏR ƏLİYEVİN MÜHAFİZƏSİNİ NECƏ TƏŞKİL EDİB ? – ŞOK MÜSAHİBƏ

Tarixin də “qara qutuları” var. Vaxt axıb gedir, “qara qutular” isə bizə yaşanmışlardan xəbər verir.

Zamanənin sirdaşı olan bu “qara qutuları” vaxtında danışdırmaq lazımdır. Əks halda bir çox müəmmalar işıq üzü görməz, tarixin “qaranlıq səhifələri” meydana gələr. “Qaranlıq səhifələrə” işıq salmaq adına “qara qutuları” açmağa qərar verdik.

Kimlərinsə bizi nədəsə günahlandırmasından asılı olmayaraq, yeganə məqsədimiz var: Bir vaxtlar gözüyumulu keçdiyimiz yolların, ayağımıza dəyən daş-kəsəklərin mahiyyətini anlamaq.

Bu dəfəki “qara qutu”muzla tanış olun: Oqtay İsmayıl oğlu Baxşəliyev. 1960-cı ildə Naxçıvanda anadan olub. 1989-cu ildən 1993-cü ilə qədər AXC Naxçıvan MR Müdafiə Komitəsinə rəhbərlik edib. Başqa “komandırlərdən” fərqli olaraq, “kiçik torpağın” qorunmasında uzaqdan komanda ilə kifayətlənməyib, hər zaman ön cəbhədə dayanıb.

Məhrum prezident Heydər Əliyevin ilk mühafizəsini təşkil edən də odur. Vəfa borcu olaraq təklif edilən heç bir vəzifə və mükafatı qəbul etməyib. Hazırda qardaşına məxsus olan və monopoliyaların işləməyə imkan vermədiyi müəssisədə gün keçirməklə məşğuldur.

AXC-nin Muxtar Respublika şöbəsinin ən qüdrətli rəhbərlərindən olan bu şəxsin Heydər Əliyevin mühafizəsini təşkil etməsi, yəqin ki, bir çoxlarınıza qəribə gəldi.

“Qara qutumuzla” söhbətimizə də elə bu müəmmadan başladıq. Söhbətimizə Heydər Əliyevin ilk mühafizəçisi Əmir Hüseynov da şahidlik edirdi.

-Oqtay bəy, Əmir Hüseynovla müsahibəmi, yəqin ki, oxumusunuz?

-Bəli, oxumuşam. Bir sıra kiçik nüansları çıxmaq şərtiylə həqiqətləri ifadə edib. Kiçik detallarda yanılmalar isə onun bilgilərindən kənar baş verənlərdir. Ümumiyyətlə, müsahibə tarixə işıq tutmaq baxımından çox maraqlı idi. Əmir bəyə də, sənə də təşəkkür edirəm.

-Çox sağ olun. Əmir bəylə danışığımızda mənə bir məsələ çox maraqlı gəldi. Deyirdi ki, Oqtay bəylə çayxanada oturmuşduq. Bir də gördük, Heydər Əliyevin qohumu Nəriman həkim bizə sarı gəlir. Süfrəmizə təşrif buyurduqdan sonra Heydər Əliyevin Bakıda mühafizəsini təşkil etmək lazım gəldiyini bildirdi və bu məsələdə sizdən yardım istədi. Əmir bəy də könüllü olaraq sinəsini qabağa verdi. Beləcə, Heydər Əliyevin mühafizəsinə başladı. Mənim üçün qaranlıq olan da budur. Heydər Əliyev sırf bir təsadüf nəticəsində ortaya çıxan bir adama öz canını necə həvalə edə bilərdi?

-Heydər Əliyevin mühafizəsinin təşkili Nəriman həkimin təklifiylə olmayıb. Ola bilər ki, Əmir çox şeyləri yaddan çıxarıb. Dediyin kimi, o, öz mühafizəsini çayxana söhbətlərində ortaya çıxan təsadüflərə həvalə etməzdi. Bu məsələ əvvəlcədən danışılmış, düşünülmüşdü. Biz bu mühafizəni əvvəlcədən boynumuza götürdüyümüz üçün Heydər Əliyevdən xəbər gözləyirdik. Həmin xəbəri isə Nəriman həkim gətirmişdi. Həmin vaxt Əmir də orda idi və söhbətdə iştirak edirdi. Nə qədər çətin missiya olsa da sinəsini ilk qabağa verən də Əmir bəy oldu. O zaman Əmir bəylə bərabər biz bu işi bir neçə adama tapşırmışdıq. İçərilərindən yalnız Əmir bəy və Abdulla Abdullayev sona qədər dözdü, dayandı.

-Əvəlcədən planlaşdırdığınız bu məsələ kifayət qədər məsuliyyətli iş idi və yəqin ki, məxvi saxlanılmalıydı. Sözünüzdən isə belə çıxır ki, Əmir bəyin əvvəlcədən bundan xəbəri yox idi. Necə olur ki, bu qədər məxvi məsələni çayxanada bir başqa adamın yanında müzakirə edibsiniz?

-Heydər bəy, Əmir təsadüfi adam deyildi. Naxçıvanın müdafiəsində hər kəsdən daha yaxşı fəaliyyət göstərirdi. Bir çox ağır döyüşlərdə sınaqdan çıxmışdı. Qorxmaz və iradəli adamdı. Bizim ondan gizli heç bir sözümüz ola bilməzdi. Heydər Əliyevin mühafizəsi ən qorxmaz adamlara tapşırılmalıydı. Çünki, Bakıda o zaman Heydər Əliyevi hər cür təhlükə gözləyirdi. Bu təhlükələri dəf etmək üçün Əmir kimi birinə ehtiyac var idi. Biz bu məsələni ondan niyə gizləməliydik ki? Sözsüz ki, bu cür çətin məsələlər fədakarlıq tələb edirdi. Heydər Əliyevi mühafizə edənlər hər şeyi gözə almalıydılar. Ölümü də, itimi də, hələ ailəsini ac qoymağı da. Bilirsən ki, o zaman Naxçıvanın ağır zamanları idi. İnsanlar çox korluq çəkirdilər. Sizin saytda çıxan şəkillərdə də bu çətinliklər öz əksini tapıb. Heydər Əliyevlə Əmirin Şəhidlər Xiyabanında çəkdirdikləri şəkilə baxanlar nə dediyimi analayarlar. Fikir vermisinizsə, Əmirin əynində olduqca nimdaş və bir az uzun kürk var. Həmin kürk belə Əmirin özünün deyildi. Biz onu Bakıya yola salanda öz paltarının uyğun olmadığını düşünüb yoldaşlardan daha təzə kürk istəmişdik. Biri öz kürkünü Əmirə vermişdi. Baxmayaraq bu kürk Əmirin əyninə gen gəlirdi. Bununla belə, Əmir həmin kürklə Bakıya getməli oldu. Saytınızda həmin şəkili görəndə doluxsundum. Əmirə geyindirdiyimiz ən yaxşı kürkümüz belə nimdaş imiş. Təbii ki, biz o vaxt bunu hiss edə bilmirdik. Üstəlik, Heydər Əliyevin mühafizəsini təşkil edənlər bunu təmənnasız yerinə yetirməliydi. Heydər Əliyevin mühafizəçisinə verməyə pulu yox idi.

Əmir Hüseynov: -Bəli, Heydər Əliyev bir dəfə mühafizədən imtina etdi. Səbəbini soruşanda bildirdi ki, axı mənim sizi maliyyələşdirəcək imkanım yoxdur. Həm də hər an həyatımızın təhlükə altında olacağını dedi. Biz isə un dalınca deyil, din dalınca gəldiyimizi bildirərək Heydər Əliyevə könüllü xidmət etdik.

Oqtay Bəxşəliyev:-O zamanın şərtləri bir az başqa cürdür. İndi bir çoxları Heydər Əliyevin hakimiyyətə gəlməsində misilsiz xidmətlərindən danışırlar. Halbuki, biz onun mühafizəçilərini belə nimdaş paltarla Bakıya yola salmışdıq. Bizim silahdaşlarımız o zaman çox məşəqqətlərə qatlandılar. Söhbət təkcə maddi çətiklərdən də getmir. Mənəvi məşəqqətlərimiz qat-qat çox idi. Heç yadımdan çıxmaz. Heydər Əliyev Moskvaya gedəndə biz bunu məxvi saxlamağa qərar vermişdik. Çünki hər cür hadisələr baş verə bilərdi. O zaman Əmir də evlərində hara getdiyini bildirməmişdi. Qardaşı hər gün üstümə gəlir və Əmirin harda olduğunu soruşurdu. Əmir onda bir ildi evlənmiş və bir övladı dünyaya gəlmişdi. Özü övladının üzünü görmədən yoxa çıxmışdı. Bu da ailədə çox ciddi narahatlığa səbəb olurdu. Dəfələrlə mənə edilən müraciətdən sonra evlərinə getdim, anasına Əmirin sağ olduğunu və Heydər Əliyevlə Moskvaya getdiyini bildirdim. Anası sevindiyindən o qədər ağladı ki. Mənə dedi ki, Əmiri Heydər Əliyevə qurban verdim, bu vaxta qədər məndən niyə bunu gizlədirsiniz? Əmir o kişinin yolunda ölümə belə getsə, üzülmərəm. Bu cür hadisələrlə qarşılaşmaq mənim üçün çox çətin idi.

-Çox duyğusal söhbətlər edirsiniz. Açığı, bir şair kimi mən də bundan təsirləndim. Amma gəlin, soruşduğum sualdan yayınmayaq. Heydər Əliyevin mühafizəsi necə ortaya çıxdı? Deyirsiniz ki, buna əvvəlcədən hazırlaşmışdınız…

-Heydər Əlievin mühafizəsini 4 mərhələyə bölmək olar. İlk əvvəl o, Naxçıvana gələndə mühafizəni öz qohumları təşkil edirdi. Yəni Vasif Talıbov, Bəylər Əyyubov, bacısı oğlu Məmmədin uşaqları… Sonra Fərəc Quliyev Bakıdan xəbər gətirdi ki, Elçibəy Heydər Əliyevin mühafizəsini təşkil etməyi AXC Naxçıvan Mustar Respublikasının Müdafiə Komitəsinə tapşırıb. Bu tapşırığı aldıqdan sonra mən Heydər Əliyevlə görüşə getdim. Biz o vaxt ona “Heydər bəy” deyirdik. Bu onunla ilk görüşüm idi. Bizi çox səmimi qarşıladı. Salamlaşandan sonra ona gəlişimin səbəbini açıqladım. Dedim ki, Elçibəy sizin mühafizənizi Müdafiə Komitəsinə tapşırıb. Mən də Müdafiə Komitəsinin sədriyəm. Heydər Əliyev soruşdu ki, şəhər Müdafiə Komitəsinin sədrisən, yoxsa Muxtar Respublikanın? Gördüm ki, rəhmətlik bizim daxili strukturlarımızdan da xəbərdardır. Dedim ki, Muxtar Respublika Müdafiə Komitəsinin sədriyəm. Heydər Əliyev də mühafizəsinin bizə tapşırılmasına razılıq verdi…

-Bəy, üzr istəyirəm, sözünüzü kəsdim. Burada bir maraqlı məqam ortaya çıxır. Deyirsiniz ki, sizə Elçibəydən xəbəri Fərəc Quliyev gətirib. Bilirəm ki, siz o zaman Muxtar Respublikanın, Fərəc bəy isə Ordubad rayonunun həm AXC-nin, həm də Müdafiə Komitəsinin sədri idi. Prinsip etibarilə, sizin vəzifəniz ondan daha yüksək idi. Necə olur, Elçibəy öz sözünü sizə Fərəc bəylə göndərir? Siz bu tapşırığı alandan sonra Elçibəylə əlaqə saxlayıb məsələni dəqiqləşdirmədiniz?

-Heydər bəy, o vaxt texnika indiki qədər inkişaf etməmişdi ki, biz cib telefonuyla və ya vitrual vasitələrlə bir-birimizlə əlaqə saxlayaq. Hətta yadınızdadırsa, ermənilər tele-komminikasiya vasitələrini belə kəsmiş, Naxçıvanı tam blokadaya almışdılar. Bakıyla əlaqə saxlamaq üçün bir çox hallarda biz dəmiryolunun daxili telefonlarından istifadə edirdik. Bu telefonları isə nəinki mərkəzi hakimiyyət, hətta ermənilər belə dinləyə bilərdi. Odur ki, xəbərləşmələr yaxın adamların birbaşa görüşləri ilə həyata keçirilirdi. Fərəc Quliyev də Elçibəyə ən yaxın adamlardan idi. Onun gətirdiyi məlumat etibarsız sayıla bilməzdi. Digər tərəfdən rəhmətlik bəy mənimlə bir çox söhbətlərində Heydər Əliyevə simpatiyasını gizlətmirdi. Onun mühafizə olunmasını istəyirdi. Amma konkret Müdafiə Komitəsinin bu işə səfərbər olunması tapşırığını Fərəc bəy gətirmişdi.

-Niyə bunu soruşuram, bilirsinizmi? Bir çoxları iddia edə bilər ki, Fərəc bəy bu məsələdə Elçibəyin adından istifadə edib. Bəlkə də rəhmətliyin bundan xəbəri olmayıb…

-Yox, əgər belə bir şey olsa idi, Elçibəy bizim Heydər Əliyevlə görüşümüzü eşidən kimi dərhal bu işi dayandırmağımız üçün ya göstəriş verər, hətta özü durub Naxçıvana gələrdi. Elçibəydən gələn bütün mesajlar isə Heydər Əliyevi ciddi şəkildə qorumaq istiqamətində idi. Dəfələrlə mənimlə söhbətlərində “kişidən muğayat olmağımızı” şəxsən özümə deyib.

-Heydər Əliyevin AXC tərəfindən mühafizəsinin əsası nə idi? Müdafiə Komitəsinin təyinatı ermənilərlə vuruşmaq deyildimi?

-AXC bunu Heydər Əliyevin dünya siyasətində ciddi roluyla əsaslandırırdı. Elçibəyə görə, o, Azərbaycanın yetişdirdiyi ən qüdrətli siyasi lider idi. Ona Kremli fəth etmiş türk oğlu kimi baxırdı. Həqiqətən də o zamanlar Azərbaycanın ağır günləri idi. Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra istər cənubda, istərsə də şimalda baş qaldıran separatizm dalğaları yatırıldı. Heydər Əliyev öz şəxsi nüfuzundan istifadə edərək, bu işin öhdəsindən asanlıqla gəldi. Bütün hallarda Heydər Əliyevin o dövrlərdə hakimiyyətə gəlməsi Azərbaycanın xeyrinə oldu. Digər tərəfdən Heydər Əliyevin o zamankı mərkəzi hakimiyyətlə də münasibətlərində barışmaz ixtilaflar mövcud idi. Hesab olunurdu ki, mərkəzi hakimiyyəti daxildən parçalamaq üçün Heydər Əliyevin siyasi qüdrətinə ehtiyac vardı. Xatırlayırsansa, o zaman rəsmi Bakının qorxaq siyasəti torpaq bütünlüyümüzün mühafizəsini çətinləşdirirdi. Ermənilərdən fərqli olaraq biz Moskva qarşısında əzmli mövqe ortaya qoya bilmirdik. Ermənilər isə tarixi torpaqlarımızı ələ keçirirdilər.

-Yadımdadır ki, AXC ilə Heydər Əliyev arasında ziddiyyətlər ortaya çıxmışdı. Xüsusilə Beycan Fərzəliyevin hakimiyyətdən uzaqlaşdırılması ərəfəsində. Siz Bakıdan heçmi fərqli mesajlar almırdınız?

-Fərqli mesajı uzun müddətdən sonra aldıq. O zaman isə iş işdən keçmişdi. Biz Heydər Əliyevi müdafiə edib hakimiyyətə gəlməsində rol oynamışdıq. Bu zamana qədər Bakıdan xoş mesajlar gəlirdi. AXC hakimiyyətə gəldikdən sonra is Bakıdan göndərilən mesajlar da dəyişilmişdi. İlk belə xəbəri bizə Arif Rəhimov gətirmişdi. O, Elçibəyin Heydər Əliyevi müdafiədən imtina etməkdən geri çəkilməyimizi istədiyini demişdi. Təbii ki, artıq buna nə qüdrətimiz çatardı, nə də şəxsiyyətimizə sığışardı. Adama deməzlər ki, bəy dediyin nədir, bəyənmədiyin nədir? Əslində AXC-nin gah o cür, gah da bu cür qərarlar verməsi təşkilatın ictimai rəydəki yerini də laxlatdı. Heydər Əliyevə qarşı çıxışlar AXC-nin siyasi qurum kimi nüfuzunun qırılma nöqtəsi oldu. Təbii ki, biz Naxçıvanın müdafiəsinə özümüzü həsr etdiyimiz üçün bu məsələdə aktiv rol oynamadıq.

-Bu məsələyə sonra qayıdarıq. Gəlin ardıcıllıqla davam edək. Siz Fərəc bəydən həmin mesajı aldıqdan sonra Heydər Əliyevlə görüşdünüz və onunla müəyyən razılığa gəldiniz. Mühafizəni kimlərə tapşırdınız?

-AXC-nin onu mühafizə etməsini 4 nəfərə tapşırdıq. Bunlardan biri Əmir bəy, digərləri isə Vidadi, Əbil, Rüzgar bəylər idi. Bu 4 nəfər getdi, şəkil çəkdirdilər. O şəkil Əmir bəydə olar. Məndə də indiyə qədər qalır. Şəkili əvvəl aparıb Heydər Əliyevə göstərdim. O da bu adamların mühafizəçiliylə razılaşdı. Daha sonra mühafizəçiləri şəxsən Heydər Əliyevlə tanış etdim. Heydər Əliyevin ən ağır dövrlərində bu 4 nəfər onunla bir yerdə oldu. Bu cavanlar canla-başla bu işə girişdilər. Xüsusilə də Əmir bəy. Əmir bəy əvvəldən axıra qədər onun yanında qaldı. Onun Heydər Əliyevə xüsusi simpatiyası var idi. Özü müsahibəsində də bunu etiraf edib. Heydər Əliyevə yalnız o, “dayı” deyə bilirdi…

Əmir Hüseynov:-Heydər bəy, yeri gəlmişkən, bir hadisə danışmaq istəyirən. Bir dəfə rəhmətliyin bacısı oğlunun yanına bir xahişə getmişdim. Adam mənə nə desə yaxşıdır? Dedi ki, Əmir bəy, dayı sənindir, mənim yanıma niyə xahişə gəlibsən? Get, öz dayından özün xahiş et…

-Maraqlı faktdır. Oqtay bəy, bayaq Əbil adlı birindən danışdınız. Bu, hansı Əbildir? Bizim Əbili kimi tanıdığımız?

-Onun adı Əbili deyil Əbildir. Əbil Babayev. Onunla səmimi olanlar adına Əbili deyirdilər. Qısası, bu 4 nəfər Heydər Əliyevin Naxçıvanda mühafizəni təşkil etdi. Sonra o, deputat seçildi. Bakıya gedib-gəlmək məsələləri ortaya çıxdı. Biz də qərara aldıq ki, rəhmətliyin Bakıda da mühafizəsini təşkil edək. Bakıdan-AXC-dən də bu iş üçün bir neçə adam ayırmışdılar. İndi “AXC-nin bu işdən xəbəri yox idi” deyənlərə ən yaxşı cavab da elə bu faktdır. Heydər Əliyevin Bakıda mühafizəsi üçün təyin olunan şəxslərin adlarını da çəkə bilərəm. O adamların siyahısını Ələsgər Siyabov tərtib etmişdi. Ələsgər bəyə isə bunu Elçibəy tapşırmışdı. Ələsgər bəy bu işə bir neçə nəfəri cəlb etmişdi. Onlardan biri Eldar idi. O, indi rəhmətə gedib. Həmin vaxt “Moksva” univermağında oyuncaq şöbəsində çalışırdı. Sonra “Balıqçılıq”da müavin işlədi. Digər bir mühafizəçi Həsən Zeynalov idi. Hazırda deyəsən, Türkiyə səfirliyində işləyir. Bir başqası isə, adam adını çəkməyə də utanır, Hafiz Hacıyev idi. Necə deyərlər, el arasında ona “Balıq Hafiz” də deyirlər.

-Bu adamlar mühafizəçilər idilərmi?

-Guya, onlar Heydər Əliyevi mühafizə edəcəklərdi. Əslində isə bu işdə heç bir ciddi fəaliyyətləri olmadı. Hamısı qısa zaman ərzində Heydər Əliyevi tərk etdilər. Hamıdan tez qaçan isə Hafiz Hacıyev oldu. Çünki onu AXC hakimiyyəti dövründə “Balıqçılığ”a sədr təyin etdilər. Başqa sözlə desək, kabab qoxusu başqa tərəfdən gəlirdi…

-Niyə qınayırsınız, Oqtay bəy? Həqiqətən də balıq kababının qoxusu da ləziz olur.

-Təbii. Mən heç kimi qınamıram. Hər kəs öz həyatını yaşayır. Sadəcə demək istəyirəm ki, Bakıdan Heydər Əliyevin mühafizəsinə ayrılanların heç biri bu işlə ciddi məşğul olmadı. Onlar əsasən təbliğat-təşviqat işləri apardılar. Heydər Əliyevin mühafizəsi isə bizim silahdaşlarımızın çiyninə düşdü. Sonra mən bu işə Bakıdan da adamlar cəlb etməli oldum. Dostum Abdulla Abdullayevi (AMAY Abdulla), Etibar Əhmədovu (gecə polisinin rəisi idi) bu işə qoşdum. Amma yenə də Heydər Əliyevin mühafizəsinin bütün ağırlığı iki nəfərin üstünə düşmüşdü: Əmirlə AMAY Abdullanın…

-Oqtay bəy, Abdulla bəyə gəlmədən öncə bir məsələni soruşum. Bayaq Heydər Əliyevin ilk mühafizəsinin təşkilində Əbil Babayev və Fərəc Quliyevin adını çəkdiniz. Sonradan bu iki nəfər Heydər Əliyevə sui-qəsddə iştirakda günahlandırılaraq həbs olundular. Və xeyli də yatdılar. Bu müəmmanı necə izah edərsiniz? Ən çətin anında, necə deyərlər, müdafiəsiz vaxtında bir adamı qoruyanlar daha sonra ona sui-qəsd törədəcək qədər düşmənə çevrilirlər… (Strateq.az)

(ardı var)

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın