Sahil qəsəbəsinin sakinləri Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət
ediblər. 3200 nəfərin imzaladığı müraciətdə sakinlər paytaxtda getməkdə
çətinlik çəkdiklərini, yalnız bir marşrut xəttinin olduğunu, onun da
Bəylər Əyyubova məxsusluğunu qeyd ediblər.
DİA.AZ-ın
məlumatına görə, sakinlər adından danışan Əli Əsədli bildirib ki, onlar
BNA rəsmilərindən birinin ötən ilin sonunda ən çox narazı olan
qəsəbələrə marşrut xətləri veriləcəyi haqda vədindən sonra kampaniyaya
başlayıblar. 3200 nəfər sakinin imzaladığı müraciət BNA-ya təqdim
edilib:
“Bizim
müraciətə 1 ay sonra cavab verdilər ki, bununla bağlı müzakirələr
aparılsa da, hələ marşrut verilməsi yaxın vaxtlarda görünmür. Ancaq
ondan sonra BNA-nın mətbuat katibi Mais Ağayevlə əlaqə saxladıq, o, ötən
ilin sonunda Sahil qəsəbəsinin marşrut xəttində ciddi dəyişikliklərin
olacağını vəd etdi. Eyni zamanda, BNA “Facebook” səhifəsində bizə
məlumat verdi ki, 2019-cu ilin sonuna kimi marşrut veriləcək. Amma il
başa çatdı, vədlərini yerinə yetirmədilər”.
Əli Əsədli hazırda qəsəbəyə işləyən marşrut avtobuslarının köhnə və istifadə müddətinin başa vurduğunu qeyd edib:
“Bu
avtobuslar da bir neçə dəfə qəza törədiblər. Əvvəl 197 saylı marşrut
vardı, BNA yarananda ləğv etdi. Səbəb də göstərdilər ki, 125 saylı
marşrutun xəttini təkrar edir. İndi 125 saylı marşrutu Lökbatan
qəsəbəsinə veriblər. Bununla məsələni qapatdılar, təəssüf ki, yenidən
qurumun “Facebook” səhifəsinə müraciət etsək də, yenilik olmadığını
söylədilər. Halbuki, bizə ötən ilin sonunda xətt açılacağını vəd
etmişdilər”.
