Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Əvəz Zeynallı: “Seymur Baycan Viktor Hüqodan o qədər oğurluq edib ki…”

Əvəz Zeynallı: “Seymur Baycan Viktor Hüqodan o qədər oğurluq edib ki…”

Ötən il dekabrın sonunda Prezidentin əfv sərəncamı ilə azadlığa çıxmış tanınmış qələm sahibi, “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallının “Azadlıq.info” saytında maraqlı bir müsahibəsi yayınlanıb. Müsahibənin girişində Əvəz Zeynallı öz qeydində bildirib ki, ondan bu müsahibəni hansısa bir saytın əməkdaşı götürüb. Ancaq adıçəkilən saytın redaktorları “ünvanladıqları təxribatçı suallara cavabları qəbul edə bilmədiklərindən”, onu yaymaqdan imtina etdilər…

Azinforum.az saytı Əvəz Zeynallının həmin müsahibəsini öz oxucularına təqdim edir:

Göyçə aşıqları və Adolf Hitler haqqında

– Əvəz bəy, söz mühiti, aşıqlar diyarı Göyçədə doğulmusunuz. Əvvəl bu barədə danışaq. Fikirləriniz maraqlıdır. Göyçə necə idi?

– Göyçə təkcə aşıqlar diyarı olmayıb. Oradan görkəmli dövlət xadimləri, diplomatlar, el ağsaqqalları çıxıb və bu proses yüz illər boyu davam edib. Hə, indi göyçəlilərə təkcə sazı veriblər və bu hər şeyi monopoliyalaşan ölkədə qalan heç nədə onların haqqı və payı yoxdur. Bir azdan sonra sazı da onların əllərindən alacaqlar və buna ciddi təşəbbüslər var. O zaman Göyçə heç “aşıqlar diyarı” da olmayacaq.

– Adolf  Hitlerin avtobioqrafik manifesti sayılan “Mayn Kampf” əsərini tərcümə eləmisiniz. Sizi o kitabda nə cəzb elədi?

– Mən təkcə Adolf Hitlerin “Mənim Savaşım” kitabını tərcümə etməmişəm. Daniel Yerginin “Petrol”, Mustafa Kamal Atatürkün “Nitq” əsərlərini də Azərbaycan türkcəsinə çevirmişəm. Zori Balayanın “Ocaq”, Vladimir Jirinovskinin “Cənuba sonuncu həmlə”, Henri Kissencerin “Diplomatiya” kitabları da təxminən çapa hazırdır. Mən kitab bazarında uzun illərdir bir ənənə yaratmışam və hazırda bir çox sayt və nəşriyyatların “kitabxana”ları var. Bu ənənə “Xural”dan gəlir.
Hitlerin kitabına gəlincə, o kitabın Azərbaycan türkcəsində olmaması çevirmə üçün əsas oldu. Maraqlıdır ki, heç Atatürkün “Nitq”i də Azərbaycan türkcəsində hələ çap olunmayıb. Dünyaya mənfi, ya da müsbət istiqamətdə təsir göstərən bütün böyük kitablar Azərbaycan türkcəsinə tərcümə olunmalıdır. Hədəfim həm də o olub. Bütün dünya insanının oxuduğu kitabları biz də oxumalıyıq. O qədər.

Pul üçün yazılan əsər ədəbiyyat deyil

– Necə düşünürsünüz, milliyyətçilik yaxşı bir şeydirmi?

– Millətin maraq və mənfəətlərini düşünürsə, təbii ki, yaxşıdır. Kor milliyyətçilik anlayışı çox təhlükəlidir. Milliyyətçilik təkcə ölkənin hakim millətini sevmək demək deyil, həm də ölkədə var olan digər millətləri sevmək və onların dəyərlərinə hörmət etməkdir məncə.

– Özünüzü kifayət qədər demokratik insan sayırsınız? Yoxsa…

– Demokratiya anlayışı çox mürəkkəb anlayışdır. Adama, adamın aldığı təhsilə, yaşadığı mühitə, onu əhatə edən çevrəyə görə dəyişir. Sırf ədalət anlayışı kimidir demokratiya. Birinə adil olan bir başqasına adil olmaya bilir. Birinə normal gələn fikir bir başqası üçün öldürücü təhqir ola bilir. Mən demokratiya anlayışını ən çox analiz edən və onun kriteriyalarına uymaq istəyən adamlardan biri hesab edirəm özümü. Ancaq o, elə bir şeydir ki, həm də gərək kənardan qiymətləndirilə…

– Pul üçün əsərlər yazmağa necə baxırsınız? Söhbət təfəkkürün kapitala çevrilməsindən gedir. Elələri var, bunu qəbul eləmirlər. Deyirlər, ədəbiyyat müqəddəs yerdir, maddiyyatın burda işi ola bilməz. Siz nə deyirsiniz?

– Heç bir zaman o haqda düşünməmişəm. Bəlkə ona görə belə olub ki, mənim hər zaman işim başımdan aşıb, bilmirəm, ancaq heç cür qəbul edə bilmirəm ki, əsər yazıb onu maddi maraq qarşılığı kiməsə verəsən, ya da satasan. Ya da lap elə pul alıb kimisə öyücü bir əsər yazasan. Yox, mənə görə deyil.

Firidun Cəlilovla bir ömürlük küsülülük

– Deyirlər, Firudin Cəlilov sizi Türkiyəyə oxumağa göndərib. Geri qayıdanda “Xural” qəzetində ilk tənqid elədiyiniz adam da məhz Firudin müəllim olub. Niyə?

– Məni oxumağa Firudin Cəlilov göndərməyib. Biz Türkiyəyə gedəndən bir müddət sonra Firudin Cəlilov Təhsil naziri olub və münasibətlərimiz çox yaxşı olub. O qədər ki, Ankarada tələbələrlə görüşəndə, “mən burada yoxam, amma Əvəz buradadır” deyə mənə etimad bildirib. Sonrakı zamanlarda da Firudin bəylə münasibətlərimiz çox yaxşı olub. Mən ilk tənqid etdiyim adam olmayıb Firudin bəy. Əksinə, hər zaman müsahibələrini, yazılarını dərc etmişəm. Ta… sabiq Müdafiə naziri Rahim Qazıyevin həbsdən çıxandan sonra “Xural”a verdiyi müsahibəyə qədər. O müsahibədə Rahim Qazıyev Firudin bəyi rəncidə edən fikirlər işlədib və mən də onu olduğu kimi dərc etmişəm. Bilməmişəm ki, Firudin bəy bundan inciyə bilər, amma sonradan eşitmişəm ki, inciyib. Və… bundan sonra Firudin bəylə münasibətlərimiz korlanıb – məndən asılı olmayan səbəblər üzündən. Oğlunun toyuna dəvətnamə verib, getmişəm, məni danışdırmayıb. Bilsəydim ki, Rahim Qazıyevin bu müsahibəsi ona və münasibətlərimizə belə təsir edəcək, əsla dərc etməzdim. Firudin Cəlilov indi də mənim üçün qiymətli adamdır və mən onu tələbəlik illərimdəki kimi çox istəyirəm.

Həbsxana darıxmaq üçün yer deyil

– Nazim Hikmət uzun illər həbsdə qaldı. Həbs həyatı Nazimə çox şeylər verdi. Bu barədə yəqin ki, bilirsiniz. Maraqlıdır, bəs həbsxana Əvəz Zeynallıya nə verdi?

– Həbsxana mənim və ailəm üçün böyük bir akademiya rolunu oynadı. Bu sınaqdan çıxan və çıxmayanlar oldu. 1158 gün az deyil və bu müddət həm də 3 il 2 ay 2 gün zaman deməkdir. Bu haqda danışmaqla bitməz – hər günü yazmışam, hər an orada var. Hazırda çapa hazırlayıram – “Həbsxana gündəlikləri: Selcanın məmləkəti”. Həbsxananın nə verdiyi, akademiyanın gündəlik dərsləri orada olacaq.

– Həbsdə ən çox kimdən və yaxud nədən ötrü darıxırdınız? Yəni görmək istəyirdiniz, amma görə bilmirdiniz. Belə.

– Orada darıxmaq olmaz. Özünü “darıxmaq” adlı məlunun cənginə verdinsə, oradan sağ çıxmaq gümanı yoxdur. Mən ilk gündən özümü uzunmüddətli həbsə köklədim və… darıxmaq anlayışını özümə yasaq etdim. Azadlıq çox uzaq idi. Darıxmaq olmazdı.

– Niyə bizə şair xalq deyirlər? Sizcə, bu yaxşıdır, yoxsa pisdir?

– Hər zaman böyük güclərin pəncəsində olmuşuq. Yüz illər boyu boyunduruqlarda sürünmüşük. Zaman-zaman üsyanımızı, inqilabımızı, qiyamımızı şeirlə, sənətlə, ağı ilə dilə gətirmişik. Ona görə bizdə şeir belə güclüdür və ona görədir ki, indi də bəzən şairlərimiz sözlərini, etirazlarını şeirlə ifadə edirlər. Əksinə, biz böyük dərdlərin şeirlərini yaratmışıq və bu mənada xalqımız müdrikdir. Bizi saxlayan sazdır, muğamdır, şeirdir, sənətdir – yoxsa biz də latınlar kimi böyük güclərin qovğalarında məhv olub gedərdik.

– Kiminsə sözüdür, müəllif yadımdan çıxıb. Deyir, fikir azadlığı o deməkdir ki, sən yalan da danışa bilərsən. Düz deyir, elə deyilmi?

– Müqəddəs yalan… Heç bir halda yalan danışmaq olmaz. Heç bir halda olmaz! Bəlkə müqəddəs yalan… O da bəlkə…

“Mən necə satıldım”

– Yeni yazarlarımızı oxuyursunuz? Kimlər xoşunuza gəlir?

– Həbsxanada oxudum çoxunu. Hamısı haqqında gündəliklərimdə geniş təhlillər var. Məsələn, Seymur Baycan Viktor Hüqodan o qədər oğurluq edib ki, hamının gözləri kəlləsinə çıxacaq. Bunlar bizi gizli plagiatları ilə həm də aldadırlar. Pərvizi çox oxudum. Xüsusən, onun “Mən necə satıldım” yazılar silsiləsi – bu, “Yad dildə” romanında da var – məni sarsıtmışdı. Təbii ki, bunların hamısı artıq keçmiş zamandadır.

– Cəbhənin hakimiyyəti dövründə cəhdlər oldu ki, yaradıcılıq təşkilatları – Milli Elmlər Akademiyası, Yazıçılar Birliyi, Rəssamlar və Bəstəkarlar İttiqfaqı ləğv olunsun. Yəni belə bir fikir formalaşmışdı. Bu düzgün fikir idimi?

– Mən elə fikirlərin formalaşdığının və o cür cəhdlərin şahidi olmamışam. Elə şeymi olardı? İnanmıram ki, Cəbhə hakimiyyətində bu cür düşünən insanlar olsun. Pənah Hüseynin “bizə Opera və Balet Teatrı lazım deyil” dediyini deyirdilər. Mən bu haqda Pənah bəylə uzun-uzun söhbət etdim, müsahibə götürdüm və onun elə bir söz demədiyi məlum oldu. Zatən Pənah bəyi yaxından tanıyan adamlar onun kifayət qədər müasir dünyagörüşlü adam olduğunu görürlər. Yalandır, şayiələrdir elə fikirlər.

– Ən çox zəhləniz gedən əsər hansıdır və niyə?

– “Pis əsər yoxdur, pis oxucu var” deyirlər. Əsas kimi və necə oxumaqdır. Zəhləm gedən əsər yoxdur. Sadəcə, oxumaq istəmədiyim, oxuya bilmədiyim əsərlər var ki, onları da oxumuram, oxumamışam.

“Etibar Məmmədov kumirim idi”

– Belə deyirlər ki, siz Etibar Məmmədovu tənqid edibsiniz, Etibar bəy buna görə atanıza sizdən şikayət eləyib. Atanız da qayıdıb ki, uşağın pulunu verin, tənqid eləməsin. Doğrudan, belə bir şey olub? Yoxsa, yalan deyirlər. Öz fikrinizi bilmək istəyirəm.

– Təbii ki, yalan deyirlər… Etibar Məmmədov mənim gəncliyimin lideridir və mən onu uzun müddət özümə ideal biləcək həddə çox istəmişəm. Atam onunla ümumiyyətlə görüşməyib və Etibar bəyi şəxsən tanımayıb. Atam ciddi və səmimi Elçibəyçi idi. Hətta onunla bu barədə mübahisəmiz düşmüşdü. 1990-cı ilin payızında Elçibəy Gəncəyə görüşə gəlmişdi. Atam məni o görüşə apara bilmədi. Mən “Etibar Məmmədov” deyib durmuşdum. Hərbi xidmətdən təzə gəlmişdim və Etibar Məmmədovu həm də Rusiya mətbuatının yazdıqlarının nəticəsində çox istəyirdim. Rus mətbuatı “radikalları” vururdu və bu da Etibar bəyi gözlərimdə daha da yüksəldirdi.
Sonralar Etibar Məmmədovun gözləntilərim çapında lider olmadığını gördüm və o zamandan o mənim ən çox tənqid etdiyim partiya sədrlərindən biri oldu. İndi daha tənqid də etmirəm, çünki Etibar bəy daha siyasətdə yoxdur.

– Siz özünüz şair, yazıçı olmaq istərdiniz? Niyə istərdiniz, niyə istəməzdiniz?

– Mənim bir neçə kitablıq şeirlərim var. 1984-cü ildən gündəliklər yazıram və “Ağbulaq gündəlikləri”, “Əsgərlik gündəlikləri” və “Türkiyə gündəlikləri”ni yazmışam. İndi də “Həbsxana gündəlikləri”. Mən bütün həyatımı yazmışam. Hekayələrim, pyeslərim, roman layihələrim var. Həbsxanada mənə bilgisayar versəydilər, heç olmasa 10 kitabla çıxacaqdım. Zaman-zaman üzərində işləyəcəyim çox mövzularım var.

– Ən çox peşman olduğunuz şey nədir? Hətta buna görə özünüzü bağışlaya bilmirsiniz.

– Elə ömür yaşamamışam. İstədiyim kimi yaşamışam. Peşimançılıq çəkdiyim elə ciddi bir hadisə yadımda deyil. Çünki mən hər addımı atanda “yüz ölçüb bir biçən” adamam.

– Türkiyə müğənnilərindən kimləri dinləyirsiniz? Ahmet Kaya, Sezen Aksu… Necədi?

– Sezen mənim üçün bir əfsanədir, nağıldır. Onunla İzmirdə 15 gün bir oteldə qaldıq. O zaman “525-ci qəzet”in Türkiyə müxbiri idim. Digər imtiyazlarım da vardı. Mən bir mərtəbə yuxarıda qalan Sezen Aksu ilə görüşə bilmədim. Ondan müsahibə ala bilmədim. Amma Türkiyənin prezidenti Süleyman Dəmirəllə 24 saata, Şimali Kipr Türk Respublikasının prezidenti Rauf Rail Denktaşla isə cəmi 3 günə görüş aldım. Yəni Sezen o dərəcədə masaldır mənim üçün.
Təbii ki, Əhməd Qaya, Qayaxan, Nilüfər, Səlami Şahin, Naşidə Göytürk, Murad Göyəbaxan var ki, mən onları dinləyəndə həm də düşünürəm. Türkiyədə musiqi həm də bir tərbiyə metodudur.

– Bəs bizim müğənnilər necədir? Röya, Aygün… Qulaq asırsınız heç?

– Bizimkilər çox zəifdir. Yaxşı mahnıları ola bilər, ancaq bizimkilər dünyagörüşsüz, savadsız və qabiliyyətsizdirlər. Sənətkar həm də səlis danışmalı, dinləyicini düşündürməli, bəzən ona örnək ola bilməlidir. Bizimkiləri dinləyəndə, əsəblərin yerindən çıxır, cin adamın beyninə vurur. Ancaq imkan düşdükcə oxumalarına qulaq asıram. Röyaya, Aygünə, Brillianta, Zülfiyyəyə də, Üzeyirə, Rəqsanəyə, Nadirə də. Nə edəsən, hamısı bizimdir.

“Başqasının ipinin üstünə odun yığmayın”

Amma yaşlı nəsildən korifeylərimiz var və Flora Kərimova onların ən bariz nümunələrindən biridir. Türkiyənin əfsanələrinə və onların standartlarına cavab verən tək-tək müğənnilərimizdəndir. Sezendən fərqli olaraq, Flora Kərimova ilə dostam və bundan qürur duyuram. O, həm də çox etibarlı xanımdır, bir çox kişilərdən çox…

– Bir az da filmlərdən danışaq. Xoşladığınız dünya və Azərbaycan filmləri hansılardır?

– Şotlandların ingilislərə qarşı möhtəşəm mübarizəsindən bəhs edən “Cəsur ürək” filminə baxmaqdan doymuram və hər dəfə fərqli bir məqam tapıram – elə bil, Azərbaycanı çəkiblər. Liviyanın azadlığı uğrunda mübarizədən bəhs edən “Ömər Muxtar” filmi çox xoşuma gəlir. Bir polyak fimi var, uşaqlıqda baxmışam, indi axtarıram, tapa bilmirəm, “Qartal nişanı” – o da polyakların azadlıq uğrunda mübarizəsindəndir. Hitler haqqında çəkilən və hələ də kütləvi baxışı qadağan olunan bir film var – “Triumf”. O filmə baxmaq istərdim.
Yeri gəlmişkən, bizim tarixi şəxsiyyətlərimiz və hadisələrimiz var ki, yollara mənasız pul tökməkdənsə, “Hollivud”a verib nəhəng filmlər çəkdirmək və bütün dünyanı ayağa qaldırmaq olar. Məsələn, 20 yanvar hadisələrinin fonunda İlhamla Fərizədən film çəkdirə bilərik ki, “Titanik” onun yanında yalan olar. Ya da böyük ideoloji burulğanların fonunda Mənsur Həllacdan başlayan və Nəsimi ilə bitən film çəkdirə bilərik ki, “Cəsur ürək” mat qalar.

Bizim filmlər zəifdir, məhəllidir, o deyil yəni…

– Sonda. Əvəz bəy, deyirlər, siz ipinin üstünə odun yığılası adam deyilsiniz. Şəxsən bu fikri bir neçə adamdan eşitmişəm. Haqqınızda niyə belə rəy formalaşıb? Səbəb nədir? Yoxsa, qəsdən haqqınızda belə rəy yayırlar?

– Hərə odununu öz ipinin üstünə yığmalıdır. Mənim ipimin üstünə niyə kimsə odun yığmalıdır ki? Bəs mən öz odunumu hara yığmalıyam? Mən müəyyən prinsipləri olan və o prinsiplərin üzərində yaşayan adamam. Belə olanda kimin nə deməsinin, hansı rəyi yaratmağa çalışmasının əhəmiyyəti yoxdur. Hər bir rəyə diqqət etməlisən, haqlı iradlardan nəticə çıxarmalı və daim inkişafa və müsbətə doğru dəyişməlisən, ancaq qərəzə də meydan tanımamalısan. Elə olsa, hamı görəcək ki, mənim ipimdən etibarlısi yoxdur. Etibar edənlər yaxşı bilir ki, mən etibar olunan “odun”ları göz bəbəyim kimi saxlamışam.
Tanrı hər şeyi bilir və görür. Mən bu həbs prosesində Tanrının özünü gördüm…

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …

Bir cavab yazın