Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Ərdoğanın əsas seçki hədəfi

Ərdoğanın əsas seçki hədəfi

İyunun 7-də Türkiyədə keçiriləcək parlament seçkisində sürpriz gözlənilmir. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) yenidən birinci olacaq. Sadəcə prezident Rəcəb Tayyib Ərdoğan bununla kifayətlənmək istəmir.

Ərdoğan partiyasının elə bir səs çoxluğu qazanmasını istəyir ki, AKP prezidentin səlahiyyətlərini artırmağa imkan verən yeni konstitusiyanı referenduma çıxara bilsin. Bunun üçün Ərdoğana parlamentdə ən azı 330 (550 yerlik parlamentin 3/5 hissəsi) səs lazımdır.

AKP-nin yeni seçki strategiyası

Türkiyə tarixində 2015-dəki kimi seçki kampaniyası olmamışdı. İlk dəfə idi ki, partiyaların mübarizəsinə prezident də qoşulmuşdu.

Türkiyədə keçmiş illərdə prezidentlər parlament seçkisinin gedişatına qarışmazdılar, dövlət başçıları partiyalardan bərabər məsafə saxlayardılar.

Məsələn, mərhum Turqut Özal prezident olanda keçmişdə lideri olduğu Ana Vətən Partiyasının, keçmiş prezident Süleyman Dəmirəl isə lideri olduğu Doğru Yol Partiyasının seçki kampaniyasına dəstək verməzdilər. Əksinə, bu prezidentlər parlament seçkilərinin nəticələrinə uyğun olaraq fərqli partiyaların baş nazirləri ilə birgə işləmək məcburiyyətində idilər.

Rəcəb Tayyib Ərdoğan sələflərindən fərqli yol tutdu. O, seçki kampaniyasında fəal iştirak etdi və bununla tərəf tutdu.

Məsələ burasındadır ki, əgər Türkiyədə keçmiş prezidentləri parlament seçirdisə, 2007-ci ildə referendum yolu ilə konstitusiyaya edilən dəyişiklikdən sonra prezidenti artıq xalq seçir. Bu da siyasi fəaliyyət baxımdan prezidentə daha geniş manevr imkanı verir.

Ancaq Ərdoğana bu da azlıq edir. O, hüquqi müstəvidə də manevr imkanlarını genişləndirməyə çalışır. Onun planı Türkiyəni parlament respublikasından prezident respublikasına çevirməkdir.

Ancaq bunun üçün Ərdoğana parlamentdə gərəkli çoxluq lazımdır. Məhz bu çoxluğa nail olmaq üçün Ərdoğan parlament seçkisi kampaniyasında AKP-nin qələbəsi üçün əlindən gələni edir.

Dünya demokratiyasının beşiyi sayılan ABŞ-da da prezidentlər Konqresə keçirilən seçkilərdə öz partiya yoldaşlarının qələbəsi üçün çalışır, hətta onların seçki mitinqlərinə qatılırlar. Bu, ABŞ prezidentinə ona görə lazımdır ki, istədiyi qanunu Konqresdən keçirə bilsin. Ərdoğana da bu lazımdır.

Bunun nəticəsidir ki, müxalifət seçki kampaniyası zamanı iki fiqurla mübarizə aparmaq məcburiyyətində qaldı. Bir tərəfdən, AKP-nin lideri və baş nazir Əhməd Davudoğlu Türkiyənin müxtəlif bölgələrində seçki mitinqləri keçirdi, digər tərəfdən isə Ərdoğan yeni komplekslərin, körpülərin, hava limanlarının açılışı mərasimlərindən istifadə edərək geniş nitqlər söyləyir və müxalifəti tənqid atəşinə tuturdu.

Ərdoğanın seçki marafonundakı fəallığı həm də onunla izah edilirdi ki, o, Davudoğlunun müxalifətlə təkbaşına bacaracağına şübhə edirdi. Əhməd Davudoğlu siyasətdə yeni adamdır, partiyaya akademik çevrələrdən gəlib, Ərdoğan qədər xarizmatik deyil.

Ona görə də Ərdoğan meydanlara düşməsəydi, Davudoğluna parlament seçkisində AKP-nin qələbəsini təmin etmək çətin olardı.

AKP-nin seçkidən birinci partiya kimi çıxacağı şübhə doğurmur. Sadəcə olaraq AKP elə bir çoxluq əldə etmək istəyir ki, həm təkbaşına hökumət formalaşdırsın, həm də konstitusiyanı yeni maddələrlə referenduma çıxara bilsin. Bu işdə ona ancaq Xalqların Demokratik Partiyası mane ola bilər.

Kürdlərin 10 faizlik səddi…

Xalqların Demokratik Partiyasını (XDP) terrorçu PKK-nın siyasi qanadı adlandırmaq olar. Bu partiyanın əsasını kürdlər təşkil edir.

Buna baxmayaraq XDP-nin lideri Səlahəddin Dəmirtaş kürdlərlə yanaşı Türkiyədə yaşayan digər azsaylı millətlərin səsinə də ümid edir. XDP-nin əsas məqsədi parlamentə düşmək üçün 10 faizlik səddi aşmaqdır. Sorğulara görə, XDP 9-10 faiz arasında səs toplaya bilər.

Əgər XDP 10 faizlik səddi aşsa, parlamentdə təxminən 50-60 millət vəkili ilə təmsil olunacaq. Bu isə Türkiyədə kürd siyasi hərəkatı tarixində yenilik olacaq. Çünki buna qədər kürdlər siyasi partiya olaraq Türkiyə parlamentində təmsil olunmayıblar. Onlar əvvəllər ya solçu partiyaların tərkibində parlamentə seçilirdilər, ya da keçən seçkidə olduğu kimi müstəqil namizədlər kimi millət vəkili seçilərək parlamentdə qrup təşkil ediblər.

Bu dəfə isə onların siyasi partiya kimi parlamentə düşmək ehtimalı var. Əgər bu, baş versə, AKP-nin parlamentdəki səs sayı azalacaq, əksi olarsa, yəni XDP 10 faiz səddin aşağısında qalarsa bu partiyanın səsləri avtomatik AKP-yə keçəcək.

XDP Türkiyə ictimaiyyətini onunla qorxudur ki, guya parlamentə düşməsələr, kürdlər yenidən qiyam qaldıracaq, PKK isə atəşkəsə son verəcək.

Şantaj xarakterli bu kampaniyanın əsası yoxdur. Çünki, XDP və PKK-ya simpatiyası olan digər kürd əsilli millət vəkilləri parlamentdə olmadığı illərdə AKP kürd probleminin həllin istiqamətində vacib addımlar atıb. AKP hakimiyyətinin ilk illərində kürdlərin yaşadıqları bölgələrdə fövqəladə vəziyyət ləğv edildi, kürdlərə ana dillərində oxumaq və yazmaq hüququ verildi, kürdcə televiziya və radio kanalları açıldı və ən başlıcası atəşkəsə nail olundu.

AKP bu siyasətini XDP parlamentə düşmədən də davam etdirməyə hazırdır. Çünki hakim partiya və cəmiyyət Türkiyədə sülh və əmin-amanlığın davamını istəyirlər. Buna birdəfəlik nail olmaq üçün isə PKK-çıların silahları yerə qoyub mülki həyata qayıtmaları lazımdır, əli qana batmayanların fəaliyyətlərini siyasi müstəvidə davam etdirmələrinə şərait yaradılacaq.

CHP və MHP: yerlər dəyişmir

Cümhuriyyət Xalq Partiyası (CXP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) əvvəlki kimi parlamentdə təmsil olunacaqlar. CHP yenə ana müxalifət partiyası statusuna iddia edir, MHP-yə isə üçüncülük də kifayətdir.

Dəniz Baykaldan sonra Kamal Kılıçdaroğlu CHP-yə yeni nəfəs gətirib. Kılıçdaroğlu bütün seçki kampaniyasını iqtisadi amillər üzərində qurdu. Yəni Kılıçdaroğlunun təbirincə desək, AKP-nin iqtisadi sahədə “etmədiklərini” CXP həyata keçirəcək.

Kılıçdaroğlu kəndli-fermer təsərrüfatları üçün mazutun qiymətlərinin endirilməsindən tutmuş maaş və müavinətlərin artırılmasına qədər müxtəlif populist vədlər verdi.

Hakimiyyət Kılıçdaroğlunun kampaniyasına bu sualla qarşılıq verdi: “Bu qədər maliyyə vədi üçün qaynağı haradan tapacaqsan?”

Yəni hakim partiya onu demək istəyirdi ki, hökumət bu illərdə vətəndaşların rifahı üçün mümkün olanı edib və etməkdədir, bundan artığı büdcədə kəsir əmələ gətirəcək ki, bu da ölkəni iqtisadi xaosa və dərin inflyasiyaya sürükləyəcək.

Məhz elə buna görə AKP-nin əsas seçki şüarlarınmdan biri bu idi: “Onlar danışır, biz isə həyata keçiririk”.

MHP-nin az səslə də olsa Türkiyə parlamentində təmsil olunması vacibdir. MHP türkçülüyün və dövlətçilyin qoruyucusu rolunda çıxış edir. MHP Türkiyədə radikal kürdçülüyün qarşısını alan əsas elementdir. MHP-nin parlamentdə varlığı AKP-nin özünə də lazımdır ki, kürdlər hökumətdən mümkün olandan artığını tələb etməsinlər, əks halda qarşılarında milliyyətçi türkləri görəcəklər.

MHP lideri Dövlət Baxçalı da cəmiyyətdə vacib olan balansı qoruyur, milliyyətçi türklərə küçələrə çıxmaq əvəzinə bilgisayar arxasında elmlə məşğul olmağı tövsiyə edir.

MHP-nin Türkiyə parlamentində varlığı Azərbaycan üçün də vacibdir. Çünki AKP ilə yanaşı MHP də Azərbaycanın milli və təhlükəsizlik maraqlarını ön planda tutur, Türkiyədəki marjinal qrupların ermənipərəstliyinin qarşısına alır.

Ərdoğanın 2023 hədəfi

Beləliklə, hakimiyyətə 13 il bundan əvvəl gələn Ərdoğan və onun partiyası mövqelərini bu seçkidən sonra da qoruyacaq.

Ərdoğanın yerinə başqa siyasətçi olsaydı, özü və partiyası çoxdan tarixin arxivinə göndərilmişdi. Türkiyədə 1980 və 1990-cı illərdə hakimiyyətdə olan ANAP və DYP adlı partiyalar bu gün siyasi səhnədə yoxdurlar.

Korrupsiya qalmaqalları, istisadi xaos onları bitirdi. Ərdoğanı isə nə generallar, nə Fətullah Gülənin “paralel dövləti”, nə də nurçuların planlaşdırdıqları “rüşvət qalmaqalları” və “Gəzi olayları” bitirdi. Əksinə, Ərdoğan hər dəfə bu cür hücumlardan sonra daha güclü çıxdı, partiyasını və özünü yeni qəbələlərə apardı. Bu da səbəbsiz deyil.

Türkiyə son 13 ildə iqtisadiyyatda xeyli uğur qazanıb, insanların rifah halı yüksəlib, xarici borclar minimuma endirilib, maaş və müavinətlər artıb, yüzlərlə xəstəxana, məktəb, hava limanı, körpülər tikilib.

Növbəti illərdə AKP qarşısında duran əsas vəzifə işsizliyin miqyasını azaltmaqdır. Türkiyədə bu illərdə xeyli iş yeri açılsa da iş yerlərinə tələbat hələ böyükdür.

“İkincisi hissəyə başlayırıq” – Davudoğlunun futbol terminologiyasi ilə ifadə etdiyi bu şüar yaxın illərdə məhz işsizlik və Türkiyə qarşısında dayanan digər problemlərin həllini nəzərdə tutur.

Əhməd Davudoğlunun bu hədəfə çatıb-çatmayacağını yaxın 5 il göstərəcək.

Türkiyəni xarici siyasət və qonşularla münasibətlərdə də çətin sınaqlar gözləyir. Türkiyənin ətrafı Anadolu türkcəsi ilə desək, toz-dumandır. Suriyada və İraqda müharibənin genişlənməsi, qaçqın axını, İŞİD terroru, “erməni soyqırımı” mövzusunu gündəmdə saxlayan Qərb ölkələrinin Ankaraya əlavə problem yaratmaq təşəbbüsləri, İsraillə dondurulan münasibətlər və s. Davudoğlu bu məsələlərlə də ciddi məşğul olmalıdır.

Ərdoğanın strateji hədəfi isə 2023-cü ildir. Türkiyə Cümhuriyyəti 2023-cü ildə quruluşunun 100 illiyini qeyd edəcək.

Həmin tarixə qədər qardaş dövlət dünyanın ən inkişaf edən 10 dövlətindən birinə çevrilməlidir. Bu hədəfə çatmaq üçün Türkiyənin kifayət qədər gücü də var, insani potensialı da…

virtualaz.org

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın