Şənbə , Dekabr 5 2020
Ana səhifə / Aktual / Əntiqə Qurbanova:“İctimai komitələrin yaradılması proseduru şəffaf deyil”

Əntiqə Qurbanova:“İctimai komitələrin yaradılması proseduru şəffaf deyil”

İdarəçilikdə ictimai nəzarətin artırılması məqsədi ilə son illər ölkə qanunvericiliyinə bir sıra dəyişikliklər edilib.

Bu dəyişikliklərin biri də hökumət strukturlarının tərkibində ictimai komitələrin yaradılmasıdır. İctimai əsaslarla fəaliyyət göstərən həmin qurumlar müxtəlif təbəqələrin təmsil etməklə konkret problemlərin daha effektli çözüm yollarını tapmaq məqsədi daşıyır. İndiyə qədər bir sıra nazirliklərin tərkibində ictimai komitələr yaradılıb. Ancaq vətəndaş cəmiyyəti institutları həmin qurumların yaradılması prosesindən narazıdır.

D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin üzvü Əntiqə Qurbanova bildirir ki, hökumət strukturları bu məsələdə özlərinə yaxın, təcrübəsi olmayan qurumları irəli çəkir.

– Bu birtərəfli yanaşmadır. Yəqin düşünürlər ki, Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti Azərbaycanını ilk vətəndaş cəmiyyəti institutu kimi formalaşıb, onsuz da fəaliyyətdədir, həm ölkədə, həm xaricdə böyük nüfuzu var, ona görə prosesə başqalarını cəlb edirlər. Ancaq bizim təcrübəmizdən yararlanmaq cəmiyyət üçün daha xeyirli olmazdımı? Biz illərdir ictimai vəkil kimi vətəndaşların cinayət işləri istisna olmaqla ən müxtəlif problemləri ilə məşğul oluruq. Özü də yalnız Bakıda yox, demək olar, ölkənin bütün regionlarında. Biz yalnız vətəndaşları məhkəmələrdə müdafiə etməklə kifayətlənmirik, eyni zamanda sosial layihələr həyata keçiririk. Özünüidarə ilə bağlı, gender bərabərliyi, qadınların qərarqəbuletmədə fəallığının artırılması ilə bağlı saysız layihələrimiz olub. Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti həm də ölkədə ən geniş təmsilçilik imkanları olan institutdur. Təkcə rayonlarda deyil, kəndlərdə də bizimlə işbirliyi quran nə qədər insanlar var ki, onların köməyi ilə biz həm problemləri öyrənirik, həm də təbliğat prosesindən onların gücündən yararlanırıq. Bütün bunlar 3-5 ilin nəticəsi deyil. Artıq üçüncü onillikdir ki, bizim cəmiyyət Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması üçün çalışır.

– Ancaq bu böyük təcrübəyə baxmayaraq siz nazirliklərin, dövlət komitələrinin tərkibində yaradılan ictimai komitələrdə təmsil olunmursunuz. Bu haqda məsələ qaldıranda konkret cavab alırsınızmı?

– Biz cəmiyyətin sədri Novella Cəfəroğlunun təmsilçiliyi ilə bağlı məsələ qaldırmışıq, deyiblər, onun siyasi mənsubiyyəti var. Bəli, Novella xanım uzun illərdir Müsavat Partiyasında təmsil olunur. Ancaq bu faktın onun ictimai fəaliyyətinə hansı maneçiliyi ola bilər? Bu ona qarşı açıq ayrı-seçkilikdir. Necə olur, ictimai təşkilatlarda iqtidar partiyası “Yeni Azərbaycan” yüzlərlə üzvü olur, amma belə böyük iş təcrübəsi olan insanın təmsilçiliyi məsələsi gündəmə gələndə onun siyasi partiya mənsubiyyəti yada düşür? Bu çox qüsurlu yanaşmalıdır və vətəndaş cəmiyyətinin inkişafını əngəlləyən amildir. Azərbaycan Konstitusiyasında hər bir vətəndaşın siyasi fəaliyyət azadlığı təsbit olunub. Novella Cəfəroğlunun qarşısına süni əngəllər çəkmək onun faktiki konstitusyon haqlarının pozulmasıdır. İndiyə qədər hansı qurum bizim təşkilatla bərabər layihə həyata keçirib, razı qalıb. Çünki biz bu işin professionallarıyıq. Yaxınlarda Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi ilə sosial layihə həyata keçirdik. Onlar bizim vətəndaşları prosesə cəlb etmə bacarığımıza, bütünlükdə işin gedişinə valeh olmuşdular.

Yerli nümayəndələrimiz, koordinatorlarımız qısa zamanda çox faydalı tədbir düzənləmişdilər. Komitə buna görə bizə dönə-dönə təşəkkür bildirdir. Bu gün dövlət komitələrinin heç də hamısında nəzarət funksiyasını həyata keçirən ictimai qurumlar yaradılmayıb. Ancaq faktlar göstərir ki, belə qurumların hökumətin işinə faydası çoxdur. Ona görə də əslində bütün nazirlik və komitələrdə ictimai qurumlar yaradılmalıdır. Qanun da bunu tələb edir. Ictimai qurumların özəlliyi odur ki, orada cəmiyyətin çox geniş spektri təmsil olunur. Bu gün inkişaf etmiş cəmiyyətlərə baxsaq vətəndaş cəmiyyətinin hökumətin hərəkətverici qüvvəsi olduğunu görərik. Biz niyə fayda verə biləcək insanlarımızla bir yerdə bu prosesdən kənarda qalmalıyıq? Bizim indiyə qədər ən çox işlədiyimiz rəsmi strukturlardan biri Ədliyyə Nazirliyidir. Çünki məhkəmə qərarlarının icrası birbaşa bu nazirliyin səlahiyyətlərinə daxildir.

İllərdir biz, xüsusən cəmiyyətin sədri Novella Cəfəroğlu Ədliyyə Nazirliyi ilə əməkdaşlıq edir. Nazirliyin tərkibində Məhkəmə Hüquq Şurası var, bundan başqa cəzaçəkmə müəssisələrinə nəzarət qurumu var. Məncə, ailədaxili problemlərlə bağlı da xüsusi qurum yaradılmalıdır. Çünki, aliment, əmlak bölgüsü, valideyn hüquqları ilə bağlı çox ciddi problemlər var və statistika göstərir ki, problemlər getdikcə dərinləşir. Dəfələrlə bu məsələlərlə bağlı nazirliyə təkliflər göndərmişik. Nədən nazirlikdə daha bir ictimai komitə yaradılmır və Novella xanım kimi təcrübəli insanlar o qurumda təmsil olunmur? Axı, bu sistemdəki boşluqlarla bağlı ilk şikayətlər bizə daxil olur, vətəndaş rəsmi qurumlarda probleminə çözüm tapmayanda bizim qapımızı döyür, bizim müdaxiləmizlə işlərini yoluna qoyur. Rəsmi qurumların bizimlə işbirliyi ölkədə daha mükəmməl hüquq sistemi yaradılmasına imkan yaratmazmı? Əmək və Əhalinin Sosial Müdafiəsi, Daxili İşlər nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, niyə illərdir yalnız eyni qurumlarla işləyir? Niyə ictimai komitələrin yaradılması haqqında xəbəri vətəndaş cəmiyyəti yalnız o qurumlar yaranandan sonra alır? Bu qapalılığın səbəbləri nədir? Bütün bu suallar hələlik açıq qalır. Düşünürəm ki, bu prosesin özündə şəffaflıq olmadıqca, biz illərdir mübarizə apardığımız problemlərin kökünü kəsməkdə çətinlik çəkəcəyik.

– Elə vətəndaşlar varmı ki, bir zamanlar sizə hüquqi yardım üçün müraciət edib, sonradan sizinlə çalışmağa başlayıb?

– Əlbəttə var. Hətta onların içərisində bu gün tanınan vətəndaş cəmiyyəti institutlarının rəhbərləri, fəalları da var. Məsələn, Cəmilə Səmədova, Mehriban Zeynalova… Bu gün onların hər ikisi Azərbaycanda qadın haqlarının bərpası ilə bağlı ciddi işlər görürlər. Bizim qapımızı öz problemləri ilə döyən, daha sonra isə ictimai fəala çevrilən, idarəetmədə yer tutan, bələdiyyələrə seçilən qadınlar da az deyil. Bu insanlara zamanında Qadın Hüquqları Müdafiə Cəmiyyəti dayaq olub, təkan verib və onlar potensiallarını cəmiyyətin inkişafına yönəldə biliblər.

– Azərbaycanda qadınların ictimai işlərdə fəallığı azalıbmı? Mental düşüncənin bu məsələyə təsiri nə qədərdir?

– Fərqli sahələrdə durum müxtəlifdir. Əslində bizim mental düşüncəmiz qadını ikinci plana atmır. Hər ailədə ananın ailə ocağının qoruyucusu kimi rolu böyükdür. Ancaq topluma aid məsələlərdə qadın təşəbbüskarlığı o qədər də yüksək deyil. Dünyada seçim hüququ verilən ilk qadın da, şərqdə ilk opera yazan qadın da Azərbaycan qadınıdır. Tarixə baxsaq, qadınlarımız hər zaman həyat yoldaşları, oğulları ilə bərabər dövlət idarəçiliyində iştirak ediblər, hətta üstün mövqedə də olublar. Zamanla bu düşüncə dəyişib. Bu məqsəd üçün dindən də sui-istifadə ediblər. Biz qadının ikinci plana atılmasının nə qədər problemlər yaratdığını görürük və buna qarşı mübarizə aparırıq.

 

Həmçinin oxuyun

İbadət, yoxsa casusluq: erməni keşişlər Kəlbəcərə niyə qayıtdı?

Alban-udi xristian icmasının Kəlbəcərə səfəri zamanı Xudavəng monastrında erməni keşişlərin həyasızlığı suallar yaradır: – Kəlbəcər …