Cümə axşamı , İyul 7 2022
Ana səhifə / Aktual / Əmlak Komitəsi işçisinin yarım milyonluq mülk “alveri”… – TƏFƏRRÜAT

Əmlak Komitəsi işçisinin yarım milyonluq mülk “alveri”… – TƏFƏRRÜAT

Bakıda 1965-ci il təvəllüdlü İbrahim tanışı Nəbiyə yarım milyon manatdan çox pul atmaqda təqsirli bilinib. DİA.AZ xəbər verir ki, teleqraf.com-un əldə etdiyi məlumata görə, İbrahimin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Samir Əliyevin icraatında araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən İbrahim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, əvvəllər Dövlət Əmlak Komitəsində işləyib: “Sonra isə Badamdar qəsəbəsi ərazisində ev tikib satmışam. Faizlə pul borc verən axtarırdım. Röya adlı qadınla tanış oldum, o mənə faizlə pul borc verən tapmaqda kömək edəcəyini dedi.

Bir gün Röya mənə zəng etdi, dedi ki, faizə pul borc verən tapıb, lakin bunun müqabilində girova ev qoymaq lazımdır. Bildirdim ki, ev tapa bilərəm. Badamdar ərazisində bir həyət evinin satıldığını öyrəndim. Evin sahibi Vasif idi. Vasiflə əlaqə saxladım, onunla görüşdüm. Banka borcu olduğu üçün evin bankda girova qoyulduğunu bildirdi. Biz evin alışından 115.000 manata razılaşdıq.

Vasifə bildirdim ki, sənin evini alıram, pulunu da verirəm, lakin ev başqa bir şəxslə alqı-satqı müqaviləsi əsasında girova qoyulacaq, notariatda müqavilə bağlanarkən borcun olduğu bank və ya digər təşkilat tərəfindən olan borcun tutular, nəticədə evin girovdan çıxarılar. Vasif də mənimlə razılaşdı”.

“Borc verəcəkdi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, bir müddət sonra Röyanın ona faizlə pul vermək üçün tapdığı şəxslə birgə Vasifin evinə gediblər: “Həmin şəxsin adı Nəbi idi. Nəbiyə evi göstərdim, evin içərisində əşyalar da vardı. Ona evin xalamoğluna məxsus olduğunu və dəyəri 200-250 min manat aralığında olduğunu bildirdim.

Evə baxdıqdan sonra Nəbi ilə aramızda razılılıq oldu. Bu razılaşmaya əsasən mənə aylıq 4%-lə 200.000 manat pul borc verəcəkdi, əvəzində ona göstərdiyim evi girova qoyacaqdıq. Lakin Nəbi bu razılaşmanı notariat kontorunda müqavilə bağlanılarkən müqavilədə razılaşdıqları qiymətdən daha çox yazdıracağı ilə şərtləndirdi. Mən də razılaşdım”.

İbrahim qeyd edib ki, o, Vasif, Nəbi, Röya, Raci notariat kontoruna gediblər: “Nəbi mənə 200.000 manat verməli olduğu halda 170.000 manat pul verdi. Bu 170.000 manat puldan 115.000 manatını Vasifə verdim, 5.000 manatını notariatda rüsumlar üçün, 20.000 manatını isə Röya və onun qohumu Raciyə verdim. Çünki Röya və Raci aramzıda olan razılığa görə mənə faizə pul borc verən tapmışdlar.

Müqavilə bağlandıqdan sonra bir ayın sonunda Nəbiyə 5.000 manat pul qaytardım. Lakin növbəti iki ayda heç bir ödəniş etmədim. Nəbiyə dedim ki, gözlə, bir ev var, onu satıb pulunu verəcəm. Nəbi də məni gözləyirdi.

Üç ay sonra Nəbi mənimlə yenidən əlaqə saxlayaraq əlində pul olduğunu və ehtiyacım varsa, yenə eyni qaydada mənə vermək istədiyini dedi. Bildirdim ki, əlimdə yalnız yarımtikili bir ev var. Nəbini apararaq həmin evi göstərdim. Aramızda olan razılaşmaya görə Nəbi mənə 250.000 manat pul verəcəkdi. Nəbiyə göstərdiyim ev Həmzəyə məxsus idi. Həmzəyə də yenə Vasifə izah etdiyim qaydada vəziyyəti izah etdim.

Ona evini girova qoyacağımı, evinin dəyəri olan pulu özünə verəcəyimi dedim. Həmzə ilə 55.000 manata razılaşdıq. Bundan sonra yenə Həmzə və Nəbi notariat kontoruna getdik”.

“Faizləri və komissiyon haqları çıxdı”

İbrahim bildirib ki, Nəbi orada razılaşdıqları 250.000 manatı verməkdən imtina edib, ona əvvəlki borcundan yaranmış faizləri və komissiyon haqları çıxmaqla 150.000 manat pul verib: “Lakin bağlanılmış müqavilədə Nəbi 250.000 manat kimi qeyd etdirdi. Mənə verilən 150.000 manat puldan 55.000 manatı Həmzə ilə razılaşmaya uyğun olaraq ona verdim, 5.000 manatını isə yenə notarius rüsumlarını ödədim. Özümdə 90.000 manat qaldı.

Mənim Nəbiyə ümumilikdə 320.000 manat borcum yaranmışdı. O, pulu ödəməyimi tələb edirdi. Nəbiyə dedim ki, ona 80.000 manat əlavə edilərək 400.000 manat pul verəcəm, təki gözləsin. Bununla razılaşmayaraq başqa evi yenə ona eyni qaydada verməyimi istədi. Mən də bunun mümkün olmadığını, maddi baxımdan çətinlik çəkdiyimi bildirdim. Bundan sonra da Nəbi barəmdə şikayət etdi”.

“Təcili pula ehtiyacı olduğunu dedi”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nəbinin sözlərinə görə, 2019-cu ilin sentyabr ayında qohumu Raciyə əlində pulu olduğunu və obyekt almaq istədiyini deyib: “Raci isə mənə ev almağı, bir ev olduğunu və gedib ona baxmağı məsləhət gördü. Bundan sonra biz bir kafeyə getdik. Ora iki qadın gəldi. Onlardan biri kimləsə telefonla danışdı və Badamdar qəsəbəsində satılıq ev olduğunu, evi satan şəxsin bizi orada gözlədiyini dedi.

Biz həmin ünvana getdik. Ev böyük villa idi. Sözün düzü, ev almaq fikrim yox idi, amma evə də baxmaq istədim. Orada İbrahim və yanında başqa bir şəxs vardı. Onları ilk dəfə görürdüm. İbrahim əlindəki açarla qapını açdı.

İbrahim bildirdi ki, ev özünə məxsudur, istirahət etmək üçün bura gəlib, qiyməti 250.000 manatdır. Tikinti işi ilə məşğuldur, təcili pula ehtiyacı olduğu üçün evi bu qiymətə satır.

“Bu təkliflə razılaşmadım”

Nəbi qeyd edib ki, Raci həmin evin dəyərinin 350-400.000 manat olduğunu deyib: “Həqiqətən ev çox gözəl idi və təklif edilən qiyməti çox aşağı, münasib idi. Düzü, buna görə qərarımı dəyişib, evi almaq istədim. Evin şəkillərini də çəkdim. 4-5 gün sonra Raci mənə zəng edərək, son qərarımı soruşdu. Növbəti gün ailəmlə həmin evə yenidən baxmağa getdik. Sonra bir dəfə də mən, Raci və İbrahimlə birgə evə baxdıq. 238.000 manat pulum olduğunu bildirdim və evin satışı üçün bu məbləğə razılaşdıq.

Bundan sonra notariusa getdik. İbrahim evin yeznəsinin adına olduğunu dedi. Yeznəsi kimi təqdim etdiyi şəxs Vasif idi. Vasif özü də İbrahimin qohumu olduğunu bildirdi.

İbrahim xahiş etdi ki, yeznəsigil mart ayında Türkiyəyə gedəcək, ona qədər onlara möhlət verim. Mən də razılaşdım. Evin satışı ilə bağlı razılaşmaya uyğun olaraq başqa şəxsin adına banka əvvəlcə 170.000 manat, növbəti gün isə 68.000 manat pul köçürdüm. Bundan 1 ay sonra da evin çıxarışını aldım.

Bundan üç ay sonra İbrahim zəng edərək bir evin ucuz qiymətə və təcili satıldığını dedi. Əvvəlcə bu təkliflə razılaşmadım. İbrahim isə həmin evin birinci aldığım evə yaxın olduğunu dedi. Gələcəkdə iki oğlumun öz ailələri ilə yaşaya biləcəkləri bir ev olacağını düşündüm, İbrahimlə razılaşdım və evə baxmağa getdik.

İbrahim evin xalası oğluna məxsus olduğunu bildirdi. Bu ev əvvəlkindən də yaxşı idi. İbrahim evə 300.000 manat qiymət dedi, amma 250.000 manata razılaşdıq”.

“Çəkic və dəmir parçası ilə qapını açmaq istədim”

Nəbi bildirib ki, İbrahim hər iki evi martda, bayramdan əvvəl ona təhvil verəcəyini deyib: “İkinci evi yenə birincidə olduğu qaydada aldım. Bir müddət sonra İbrahimə qohumlarının evdən daha tez çıxmasını istədiyimi bildirdim. O isə razılaşmadı və bəzi ifadələr işlətməyə başladı. Hər iki evin satış qiymətindən daha baha olduğunu dedi və məndən əlavə 20.000 manat tələb etdi. Mən də halallıq olsun deyə əlavə pul vermək barəsində İbrahimlə razılaşdım. Ona 10.000 manat verməyi təklif etsəm də, İbrahim 15.000 manat istədi. Mən də onunla razılaşdım.

Bundan əlavə İbrahim pulu aldıqdan sonra xahiş etdi ki, marta qədər evdən çıxmaq üçün möhlət verim. Mart ayına az vaxt qaldığını düşünüb razılaşdım.

Mart ayında müddət bitəndə dəfələrlə İbrahimlə əlaqə saxlamağıma baxmayaraq, o, müəyyən bəhanələrlə məni yola verirdi.

Karantin rejimi ilə bağlı mən də Ağcabədiyə getdim. Bir neçə ay orda qaldım. Təqribən 1-2 aydan sonra İbrahimlə yenidən əlaqə saxladım. O, evlərin açarlarını verməkdən imtina edirdi. Bundan sonra aldığım birinci evə getdim. Özümlə gətirdiyim çəkic və dəmir parçası ilə qapını açmaq istədim. Tanımadığım bir şəxs mənə yaxınlaşdı. Nə səbəbə başqasının evinə daxil olmaq istədiyimi soruşdu. Ona bu evi aldığımı, lakin ev sahibinin açarları vermək istəmədiyini dedim”.

Zərərçəkmişin sözlərinə görə, həmin şəxs evin başqasına məxsus olduğunu deyib: “Dərhal digər evə gedərək baxdım. Həmin evin də qapıları bağlı olduğundan ora daxil ola bilmədim. Bundan narahat oldum və yaxınlıqda yerləşən ev alqı-satqısı ofisinə yaxınlaşdım, onlara vəziyyəti izah etdim. Evlərin əlamətlərini onlara dedim. Onlar həmin evlərin kiməsə satılmadığını və sahibinin olduğunu bildirdilər.

Həmin gün dayım oğlu Aqilə zəng vurdum, məndə olan çıxarışların şəklini ona göndərdim. Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətindən GPRS vasitəsilə həmin evlərin koordinatları çıxartdıq və dayım oğlu Aqillə birlikdə səhəri gün koordinatlar əsasında mənə satılmış evləri tapdıq.

Həmin evlərdən biri tam tikilməmiş, qapı-pəncərəsi qoyulmamışdı, içərisində yaşayış olmayan kiçik ölçüdə, birmərtəbəli ev idi, əlverişsiz ərazidə tikilmişdi. Digər evi tapdıqda isə gördüm ki, iki mərtəbəlidir. İbrahim mənə ümumlikdə 503.000 manat ziyan vursa da, faktiki olaraq aldığım evlər hazırda istifadəmdədir”.

Nəbi ifadəsinin sonunda İbrahimin onu aldadaraq aldığı 330 min 440 manatın geri ödənilməsini, əlavə olaraq dəymiş mənəvi ziyana görə 10 000 manatın da İbrahimdən tutulub ona verilmısini istəyib.

İbrahim 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilib. Təqsirləndirilən şəxsdən (mülki cavabdeh) 330.440 manat manat tutularaq zərərçəkmiş şəxsə ödənilməsi barədə qərar verilib.

Təqsirləndirilən şəxsin adına cəmi “VAZ 2101” markalı minik avtomobili müəyyən edilib. Həmin avtomobilin satılaraq ziyanın ödənilməsinə yönəldilməsi də qərara alınıb.
 

Həmçinin oxuyun

Sabirabad icra hakimiyyətində HƏBSLƏR GÖZLƏNİLİR – Siraqəddin Cabbarovun VAXTI YETİŞİB

Sabirabad rayon icra başçısı Siraqəddin Cabbarovla birinci müavini Həsən Həsənovun çətin duruma düşdüyü və vəzifələrindən …