Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Aktual / Əli Kərimli Elçibəyin yubiley tədbirinə niyə qatılmadı?

Əli Kərimli Elçibəyin yubiley tədbirinə niyə qatılmadı?

Əvəz Zeynallı: “Onu və AXCP-ni israrla orada görmək istəmişik”; Oqtay Qasımov: “Ən doğru cavabı verəcək şəxs onun özüdür”

Mərhum prezident Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə bağlı keçirilən tədbirlərdə hər kəsin diqqəti bir məsələyə yönəldi. Ə.Elçibəyin yaratdığı Azərbaycan Xalq Cəbhəsi Partiyasına rəhbərlik edən Əli Kərimli onun yubileyinin yüksək səviyyədə keçirilməsi üçün yaradılan nə Təşkilat Komitəsində, nə də yubiley törənlərində iştirak etdi.

Doğrudur, onunla bərabər vaxtilə Elçibəyin ən yaxın silahdaşları olan, onun hökumətində təmsil olunan şəxslərdən də bu tədbirlərə qatılmayanlar oldu. Amma bütün diqqətlər Ə.Kərimliyə yönəldi ki, bu da çox normaldır. Çünki bu siyasətçi özünü hər yerdə Elçibəyin varisi kimi qələmə verir, faktiki onun partiyasına rəhbərlik edir, vaxtı ilə mərhum prezidentin ən çox etimad göstərib, partiyada özünə birinci müavin təyin etdiyi şəxsdir.

Hər kəsi bu sual düşündürür, Ə.Kərimlinin Elçibəyə vəfa borcu bu idimi?

AXCP rəhbərinin bu tədbirlərdə iştirak etməməsi ilə bağlı müxalif versiyalar var.

Elçibəyin yubileyi ilə bağlı yaradılan təşkilat komitəsinin üzvlərindən biri olan jurnalist Əvəz Zeynallı “Yeni Müsavat”a açıqlamasında dəfələrlə Ə.Kərimliyə dəvət göndərdiklərini bildirdi: “Elçibəy-80 Təşkilat Komitəsi bu il fevralın 4-də yaradıldı. O komitəyə nə vaxt qatıldığımın bu məsələyə dəxli olmasa da, onu deyə bilərəm ki, həmin komitənin qatıldığım bütün iclaslarında birtərəfli iclas keçirmişik. Əli Kərimlinin adı olub, onu və AXCP-ni israrla orada görmək istəmişik. Hər iclasda müzakirə olub. Əli Kərimlinin partiyasına xüsusi dəvətnamələr göndərilib, bu dəvətnamələr onun köməkçisi Faiq bəyə verilib. Xahiş etmişik ki, onların fikirlərini alaq və bu istiqamətdə hərəkət edək. Təsəvvür edin ki, Əli Kərimli və onun partiyasına israrla hər həftə dəvət göndərmişik.

Ä°lgili resim

Amma çox təəssüflər olsun ki, nə onun özü, nə də tərəfdarlarından, hətta Milli Şuradan kimsə iştirak etmədi. Çox hörmətli Milli Şura sədri Cəmil Həsənliyə belə dəvət göndərmişik. Onların nə üçün belə davranmalarına səbəblərin nə olduğu barədə nəsə deyə bilmərəm. Biz istədik ki, Elçibəyin yubiley günü Fəxri Xiyabanda hamı birlikdə olaq. Təəssüf edirəm ki, bu da alınmadı. Azərbaycan siyasətinin çox acınacaqlı bir mənzərəsi var. Bu reallıq belə bir hadisələrlə nəticələnir. Elçibəy-80 yubiley tədbirinə Qüdrət Həsənquliyev, Fərəc Quliyev və Əli Kərimli də gəlməmişdi. Gəlməyən hər bir kəsi nə günahlandırır, nə də ittiham edirik. Hər kəsin özünün işi var. Sadəcə, istədik ki, Elçibəyin yubiley tədbirində hər kəs birlikdə olsun. Əli Kərimlinin nədən gəlmədiyi onun özündən soruşulsa, daha maraqlı olar. Onun  nə üçün gəlməməsi barədə hər cür iddia var. Müsavatçıların iddiası var idi ki, niyə Qubad İbadoğlu oradadır. Eləcə də, Qubad bəyin tərəfdarları deyirdi ki, niyə müsavatçılar orada var. Əli Kərimli deyir ki, niyə Qüdrət Həsənquliyev oradadır, eləcə də, əks tərəf Əli Kərimlinin orada olmamasını deyirdi. Düşünürəm ki, bunlar ən çox Elçibəyin böyüklüyünü göstərdi. Ən əks-qütblərdə duran şəxslər belə Elçibəyi qəbul edirlər. Amma maraqlı olan odur ki, bu bayrağın altında o kəslər cəm ola bilmirlər. Nə üçün belə olduğu mənim üçün də çox maraqlıdır. Biz əlimizdən gələni etdik, çox ciddi şəkildə çalışdıq. Bizim heç bir iddiamız burada ola bilməzdi, biz sadəcə, bu işin nökərləri idik. Çox təəssüflər olsun ki, missiya sahibi olanlar öz eqolarını göstərməklə məşğul oldular. Belə gedişlə bu bayrağı çox irəli aparmaq olmaz. Ümidliyik, yeni gənclər, yeni ideyalar meydana çıxacaq. Elçibəyin 80 illik yubileyi ilə bağlı keçirilən tədbir çox şeyləri göstərdi. Beynəlxalq Mətbuat Mərkəzi ağzına qədər dolmuşdu, koridorlarda çoxsaylı insanlar ayaq üstə idilər. Həyət belə dolu idi, BMM-in qarısındakı yolda təsəvvür edin ki,  tıxac yaranmışdı. Xalqın özü bu idi. Elçibəy-80 tədbirinə mindən çox adam gəlmişdi. 250 nəfərlik tədbirə bu qədər insan qatılmışdı. Tədbir üç saat davam etdi, bu saatın sonuna qədər heç kim getmədi. Məncə, gəlməyənlərə ən böyük cavab bu idi”.

Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov ile ilgili görsel sonucu

Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov fevralın 4-də bütün təşkilatlara tanınmış ictimaiyyət nümayəndələrinin müraciətinin olduğunu söylədi: “Hər kəsi birlikdə Təşkilat Komitəsi yaratmağa dəvət etdik. Fevralın 4-də biz bu müraciəti edən zaman ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərar verildi. Bu proses aprelin 12-nə qədər aktiv şəkildə getmədi. Aprelin 20-də Təşkilat Komitəsinin yaradılması barədə ilk toplantı keçirildi. Orada iştirak etmək üçün ölkədə fəaliyyət göstərən bütün ictimai-siyasi təşkilatların hər birinə dəvətlər göndərildi. Əli Kərimlinin nədən bu tədbirlərdə iştirak etməməsinə, komitədə təmsil olunmamasına ən doğru cavabı verəcək şəxs onun özüdür. Onlar öz mövqelərinə aydınlıq gətirib, daha doğru şərh verə bilərlər. Məndə bu barədə elə bir məlumat yoxdur. Sadəcə, bildiyim odur ki, yubiley tədbirində hər bir təşkilata, o cümlədən, AXCP-yə dəvət göndərilib. Onların iyunun 24-də Fəxri Xiyabanda planlaşdırdıqları tədbirə bizlər dəvət olunmadıq”.

Həmçinin oxuyun

“Allah daim xalqımızın başını uca eləsin!..” – Zəngilanın işğal günlərindəki icra başçısı

“Milli Ordumuzun bir sıra rayonlarımızın kəndləriylə yanaşı, strateji əhəmiyyətli Zəngilan rayon mərkəzini də azad etməsi …