Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Aktual / Əli Həsənovun KİV rəhbərlərilə keçirdiyi görüşdən  – REPOTAJ

Əli Həsənovun KİV rəhbərlərilə keçirdiyi görüşdən  – REPOTAJ

İyunun 5-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun media kapitanları ilə görüşü keçiridi. Görüşdə qəzetlərin baş redaktorları, sayt və jurnalist təşkilatlarının rəhbərləri iştirak etdilər.
Tədbiri giriş nitqilə açan Əli Həsənov ölkədə keçiriləcək İlk Avropa Oyunlarına dəstək verdiyinə görə mətbuata təşəkkürünü bildirdi: «Avropa Oyunları Azərbaycan tarixinin önəmli səhifəsidir. İlk Avropa Oyunlarının keçirilməsi Azərbaycan tarixinə yazılacaq hadisədir. Kimin necə münasibət bildirməsindən asılı olmayaraq, bu Oyunlar tarixə mühüm bir hadisə kimi yazılacaq. Biz necə ki, BMT Təhlükəsizlik Şurasına üzv seçildik, eyni ilə də İlk Avropa Oyunlarının tarixinin Azərbaycandan başlaması mühüm bir hadisədir».
Ə.Həsənov qeyd etdi ki, mətbuatın 140 illik yubileyinin geniş şəkildə qeyd olunması ilə bağlı dövlət başçısı sərəncam imzalayıb və bu tədbirdə həmin sərəncamdan irəli gələn məsələlər müzakirə ediləcək: «Prezidentin həmin sərəncamı milli mətbuata, milli jurnalistikaya verdiyi dəyərdir. Bu sərəncamdan irəli gələn məsələləri istəyirik sizinlə birlikdə müzakirə edək. Birgə tədbirlər planını hazırlayaq. Bundan sonra müzakirə olunan məsələlər, təklifləri Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevə təqdim edəcəyik. Birbaşa onun nəzarəti ilə milli mətbuatın 140 illiyi ilə bağlı sərəncama müvafiq olaraq həmin tədbirlər planı təsdiq olunacaq».
Ardınca çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirdi ki, dövlət başçısının mətbuatın yubileyi ilə bağlı sonuncu sərəncamı əhatəliliyinə görə fərqlənir: «Fundamental təsir bağışlayır. Bu sərəncamın qəbul olunmasında mətbuatın keçdiyi 140 ilə baxış düzənlənir və keçmiş və gələcəyin vəhdəti birlikdə verilir». Ə.Amaşov yubileylə bağlı jurnalistlərin mükafatlandırılmasından danışaraq bildirdi ki, artıq redaksiyalardan təkliflər və siyahılar gəlir: «Belə getsə, bayrama qədər mükafat almaq istəyənlərin sayı minə çatacaq».
Ə.Amaşov, həmçinin, sosial şəbəkələrdə Avropa Oyunları ilə bağlı gedən müzakirələrdən də danışdı və təhqir səviyyəsində rəylərin olduğunu vurğuladı. O bununla bağlı tədbirlər görülməsinin vacibliyini qeyd etdi. MŞ sədrinin sözlərinə görə, sosial şəbəkələrdə o özü və bəzi media rəhbərləri də təhqirlərə məruz qalır və bununla bağlı məsələ yuxarı səviyyədə diqqətə çatdırılıb müzakirə edilməlidir.
Ə.Həsənov isə eşitdiyinə münasibətini bu cür bildirdi: «Əgər Qərbin təlqin etdiyi demokratiya budursa, biz bu demokratiyanın tərəfdarı deyilik». O, veriləcək medallarla bağlı kriteriyaları da açıqladı: «Məsələn, 12 il işləyənə «Tərəqqi» medalı, 15 il işləyənə «Əməkdar jurnalist» adı verilə bilər və sair…».
Daha sonra çıxış edən KİV-ə Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli Prezidentin mətbuatın 140 illiyilə bağlı imzaladığı sərəncamı təqdir etdiyini bildirdi: «Avropa Oyunları ilə mətbuatın bayramının bir araya düşməsi bizim üçün ikiqat bayramdır. Biz bu mövzunu əhatə edən fərdi jurnalist müsabiqəsi də keçirməyi planlaşdırırıq. Yubiley tədbirlərinin keçirilməsinə əlimizdən gələn bütün dəstəyi verməyə hazırıq. Tədbirlərimizə regionlardan başlamağı planlaşdırırıq. «Əkinçi» qəzetinin təsisçisi Həsən bəy Zərdabinin doğulduğu Zərdab rayonunda geniş tədbir keçirməyi planlaşdırırıq. Mən fürsətdən istifadə edib bir daha cənab Prezidentə təşəkkürümü bildirirəm ki, mətbuatın inkişafına bu qədər diqqət ayırır. Hazırda bizim Fondun büdcəsi 4 milyon manata çatıb. Ayrılan yardımların hesabına qəzetlərin maddi-texniki bazası tam yenilənib. Hesab edirəm ki, dövlətimizin ayırdığı diqqət nəticəsində milli mətbuatımız bundan sonra da geniş inkişaf edəcək».
Sonra media kapitanlarına yubiley tədbirinin keçirilməsi ilə bağlı təkliflərini verməklə bağlı şərait yaradıldı.
İlk iki təklifi «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev verdi. O, yubiley planına böyük tədbirlərdən birinin Naxçıvanda keçirilməsi təklifini irəli sürdü: «İkinci təklifim isə, bizdə 25 il çalışan texniki işçilər var. Onların da hansısa formada mükafatlandırılmasını istərdik».
Əli Həsənov cavabında bildirdi ki, Naxçıvanda tədbirlərin keçirilməsi onların planına daxildir: «Siz layiq bildiyiniz işçilərinizin adlarını yazın. Biz hansı formada təltif etməyi həll edərik».
Sonrakı təkliflə çıxış edən «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı Tiflis və İstanbul şəhərlərində tədbirlərin keçirilməsinin vacibliyinə diqqəti yönəltdi: «Çünki bizim mətbuat tariximizdə olan tanınmış qəzetlərin bir çoxu məhz Tiflisdə işıq üzü görüb. İstanbulda isə bizim mühacir mətbuatımız fəaliyyət göstərib».
Əli Həsənov bu təklifi nəzərə alacaqlarını bildirdi.
«Olaylar» qəzetinin baş redaktoru Yunus Oğuz Cənubi Azərbaycanla bağlı hansısa tədbirlərin keçirilib-keçirilməyəcəyinə dair sual ünvanladı.
Əli Həsənov cavabında bildirdi ki, buna ehtiyac yoxdur: «Biz İrandan da bəzi jurnalistləri dəvət edəcəyik. Proqrama Cənubi Azərbaycanla bağlı xüsusi bir müddəanın salınmasına zərurət yoxdur».
BDU-nun Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev xüsusi mətbuat muzeyinin yaradılmasına böyük zərurətin olduğunu vurğuladı: «Bizim ölkədə müxtəlif növ müzeylər var. Mətbuatımız çox zəngin və şərəfli bir yol keçib. Hesab edirəm ki, bu tarixin də əks olunub yaddaşlarda saxlanması üçün mətbuatın muzeyini də yaratmalıyıq».
Əli Həsənov maraqlı təklifi bəyəndiyini dedi: «Çalışacağıq ki, nəzərə alaq».

me
Tanınmış jurnalist, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət yubileylə bağlı xüsusi nişanların hazırlanmasına zərurətin olduğunu bildirdi: «Qoy bizim jurnalistikamızda 35-40 il çalışmış həmkarlarımız həmin medalları sinələrinə taxıb fəxr etsinlər».
«Olimpiya Dünyası» qəzetinin baş redaktoru isə bildirdi ki, Olimpiya Komitəsinin yaranması ilə bağlı ölkəyə çox mötəbər qonaqlar dəvət olunacaq: «Təklif edirəm ki, Həm mətbuatın yaranmasını, həm Avropa Oyunlarının keçirilməsini və bizim yubileyimizi ümumiləşdirib bir tədbir keçirək. Çoxlu sayda xarici jurnalistin də ölkədə olduğunu nəzərə alsaq, onda bunun gözəl effekti olar».
Əli Həsənov bu təklifə normal yanaşdıqlarını bildirdi: «Məsləhətləşin, gözəl məkanlardan birində bu tədbiri təşkil edin. Xarici jurnalistlərin də dəvəti təmin olunsun».
«Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə baş redaktorlara fəxri adlara namizəd göstəriləcək adamlara xüsusi fikir vermələrini tövsiyə etdi: «Onları hamıdan gözəl biz tanıyırıq. Staj və yaxşı qələm hər şeyi həll etmir. Tanınmış jurnalistin həm də mənəvi keyfiyyətləri yüksək olmalıdır. Bəzi artistlərə fəxri adlar verilir. Sonra görürsən ki, həmin ada layiq olmayan davranış sərgiləyir. Ona görə də seçimləri edəndə maksimum dərəcədə diqqətli olmalıyıq».
«525-ci qəzet»in baş redaktoru Rəşad Məcid bəzi xarici jurnalistlərin də ölkəyə dəvət edilməsinin zəruriliyini vurğuladı.
«APA» İnformasiya Agentliyinin baş redaktoru Vüsalə Mahirqızı isə nisbətən böyük kollektivi olan redaksiyaların fəxri adlar üçün nə qədər jurnalist təqdim edə biləcəyi limitilə maraqlandı.
Əli Həsənovun cavabı belə oldu ki, çalışın bizim də işimizi çətinə salmayın.
«Publika.az» saytının baş redaktoru Aynur Camalqızı isə baş redaktorların özünün kim tərəfindən namizədliyinin irəli sürüləcəyilə maraqlandı: «Bir az düz çıxmaz ki, mən özümü mükafata namizəd kimi irəli sürüm».
Əli Həsənovun cavabı belə oldu: «Aynur xanım, işi çətinə salmayaq. Sən işçilərini təqdim et, səni də Mətbuat Şurası təqdim edər».
«Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə mətbuatın tarixilə bağlı kitabın çap olunmasını təklif etdi.
Bu təklif də bəyənildi.
Tədbirin sonunda Əli Həsənov ölkəmizdə fəaliyyət göstərən rusdilli saytlara xüsusi müraciət etdi: «Sizin auditoriyanız daha genişdir. Bu səbəbdən də ölkə həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaqda daha fəal olmalısınız».
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …

Bir cavab yazın