Ana səhifə / Aktual / ƏHMƏD ŞAHİDOV: “Azərbaycan AŞPA-nın bu dəfəki sessiyasında qarşı tərəfə bir qol vura bilib”

ƏHMƏD ŞAHİDOV: “Azərbaycan AŞPA-nın bu dəfəki sessiyasında qarşı tərəfə bir qol vura bilib”

Hüquq müdafiəçisi Ermənistanla bağlı iki qətnamədən birinin qəbul olunmamasını din amili ilə əlaqələndirir

Yanvar ayının 25-də Avropa Şurası Parlament Assambleyasının Qış Sessiyası öz işinə başlayıb. Əvvəlcədən də bilindiyi kimi, bu dəfəki müzakirələrin gərgin keçəcəyi gözlənilən idi. Belə ki, Yanvarın 26-da Ermənistanla bağlı iki qətnamənin gündəliyə salınması rəsmi Yerevanı çətin duruma salmışdı. Bütün diplomatik rıçaqları işə salan Ermənistan hər vəchlə bu sənədlərin qəbul edilməməsinə çalışırdı.

Hesabatlardan biri – Böyük Britaniyadan olan parlamentari Robert Valterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı sənəd cüzi səs fərqi ilə keçməsə də, Bosniya və Herseqovinadan olan xanım parlamentari Militsa Markoviçin hazırladığı “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı ikinci sənəd Avropa Şurası tərəfindən qəbul edildi.

AŞPA-nın Qış Sessiyasında yaxından iştirak edən hüquq müdafiəçisi, ADİHİ rəhbəri Əhməd Şahidov bu dəfəki müzakirələri Azərbaycan üçün uğur hesab edir:

“Bu dəfəki müzakirələr əslində Azərbaycan və Ermənistan arasında diplomatik savaş idi. İki sənədin eyni gündə müzakirəyə çıxarılması rəsmi Yerevan üçün gözlənilməz və şok effekli idi. Odur ki, son aylar erməni mətbuatında Ermənistan hakimiyyətinin uğursuz xarici siyasəti sərt tənqid olunurdu. Bütün imkanlarını səfərbər edən erməni hakimiyyəti və lobbisi bu sənədlərdən yalnız birini neytrallaşdıra bildi ki, o da cüzi səs fərqi ilə baş tutdu. İkinci sənəd isə qəbul edildi və bunu Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirmək lazımdır. Çünki, Avropadakı din faktorunu da nəzərə almaq yerinə düşər. AŞPA-da əyləşən parlamentarilərin böyük əksəriyyəti xristiandır və təbii ki, xristian Ermənistanın əleyhinə səs verməkdən çəkinirlər. Buna baxmayaraq, Ermənistanın Dağlıq Qarabağ və digər əraziləri işğalda saxladığı faktının AŞPA-da növbəti dəfə səsləndirilməsi və bu faktların hesabat şəklində avropalı parlamentarilərə çatdırıılması böyük işdir. Bu faktları qəbul edib-etməmək isə artıq Avropanın ikili standartlarının təzahürüdür ki, bugün Azərbaycan bir daha bu məsələ ilə qarşılaşmış oldu. Bir hesabatı qəbul edib, digərini qəbul etməmək əslində AŞPA-nın tərəflər arasında guya balans saxlamaq niyyəti kimi də yozula bilər. Bütün hallarda Azərbaycan AŞPA-nın bu dəfəki sessiyasında qarşı tərəfə bir qol vura bilib. Ötən sessiyalardan fərqli olaraq, Azərbaycan bu dəfəki müzakirələrdə daha güclü çıxış edir.”

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın