Məlum olduğu kimi, hər il noyabrın 9-u Azərbaycanda Bayraq Bayramı günü kimi qeyd edilir. Bu əlamətdar gün Azərbaycan dövləti tərəfindən rəsmi bayramlar sırasına daxil edilib, hətta bu tarix ölkə səviyyəsində qeyri iş günü sayılır. Məlumat üçün bildirək ki, bu bayram gününə həsr olunan təntənəli mərasimlərdən biri də, Daşkəsən rayonunda keçirilib.
Rayon icra hakimiyyəti tərəfindən bəzi KİV-lərə, həmçinin bizim sayta bayram tədbirilə bağlı press-reliz və ona əlavə edilən fotolar və videomaterial göndərilib. Həmin materiallardan görünür ki, Daşkəsənin icra başçısı Əhəd Abıyev hansısa ölkənin bayrağı formasına salınan bir materiala yumruq zərbəsi vurur və onu sındırır. Rayon icra hakimiyyəti həmin səhnəni “Əhəd Abıyevin erməni bayrağını çilik-çilik etdi” kimi təqdim edib.
İcra hakimiyyətinin tədbirdən göndərdiyi press- relizi olduğu kimi dərc edən ilk sayt biz olduq. Ancaq biz Əhəd Abıyevin sındırdığı əşyadakı rənglərin Ermənistan bayrağındakı rənglərlə fərqli olduğunu zənn etdiyimiz üçün, xəbəri “Əhəd Abıyevdən unkal hərəkət- bayrağı yumruqladı” başlığı ilə təqdim etdik. Bəzi aparıcı KİV-lər isə Əhəd Abıyevin bu hərəkətini az qala qəhrəmanlıq kimi qələmə verərək, məlumatı “Əhəd Abıyev Ermənistan bayrağını sındırdı” başlığı ilə təqdim ediblər.
Azinforum.az-ın apardığı araşdırma nəticəsində məlum olub ki, Əhəd Abıyevin bayraq zənn edərək yumruqladığı əşyadakı simvolikanın Ermənistan atributuna heç bir aidiyyəti olmayıb. Qeyd edək ki, həmin simvolikalar Kolumbiya bayrağına aiddir. Biz əyalətlərdə fəaliyyət göstərən bəzi icra başçılarının müxtəlif özfəliyyətləri nəticəsində özlərini necə biabır etdiyinin dəfələrlə şahidi olmuşuq. Özünü “imperator” sayaraq, şagirdlərin gül çələngləri altından keçənlər belə medianın qınağına tuş gəldikdən sonra, vəzifəsilə vidalaşmalı olub. Hesab edirik ki, Əhəd Abıyevin buraxdığı bu səhv onlardan heç də geri qlan deyil, əksinə daha qəbahətlidir.
P.S. Müqayəsə üçün, Ermənistan və Kolumbiya bayraqlarını təqdim edirik.
Rövşən ƏLİ
AZİNFORUM.AZ