Bazar ertəsi , Oktyabr 21 2019
Ana səhifə / Aktual / Əfv mayın 10-da olmaya bilər – komissiya işləri yekunlaşdıra bilmir

Əfv mayın 10-da olmaya bilər – komissiya işləri yekunlaşdıra bilmir

Məlahət İbrahimqızı: “Cənab prezident yaxın vaxtlarda insanları bir daha sevindirəcək”; Mirvari Qəhrəmanlı: “Mayın 28-nə qədər əfv və amnistiya ola bilər”

May ayının əfv və amnistiya ayı olacağı barədə xəbərlər durmadan artır. Bu ayda Azərbaycanda minlərlə məhbusu əhatə edəcək iki mühüm qərarın 10 mayda mərhum prezident Heydər Əliyevin anadan olmasının 95 və ya 28 mayda Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə bağlı veriləcəyinə ümidlər yüksəkdir.

Əfv Komissiyasının  iclaslarının intensivləşməsi, eləcə də ombudsman Elmira Süleymanovanın Milli Məclisdə amnistiya təşəbbüsü ilə çıxış etməsi həm əfvin, həm də amnistiyanın olacağına inamı artırır.

Bütün bunlarla yanaşı, 10 mayla bağlı bir ümidsizlik də yaranıb. Belə ki, bu tarixə bir həftədən az müddət qalır. Lakin əfvin verilib-verilməyəcəyi barədə gedən məlumatlar səngiyib. Əfv Komissiyası iclaslarını davam etdirir,  prezidentə hələ də yekun siyahılar göndərilməyib. Lakin  istənilən halda mayın sonuna qədər əfv və amnistiyanın olacağı bildirilir.

Əfv Komissiyasının üzvü, deputat Məlahət İbrahimqızı “Yeni Müsavat”a açıqlamasında yaranan müəmmalara bu cür münasibət sərgilədi: “Uzun illərdir ölkəmizdə əfv sərəncamı verilir, amnistiya aktı qəbul edilir. Yəni burada yeni bir şey yoxdur. Uzun illərdir hər iki qərarın verilməsi bunların sonunda bir humanizmin dayandığını göstərir. İnsanlar müxtəlif dərəcəli cinayətlər törədirlər və cəzalarını alırlar. Sonradan əfv olunmaq üçün müraciət edirlər. İnsanlar bir Allahdan, bir də təbii ki, ölkə rəhbərindən əfv olunmasını xahiş edirlər. Prezident seçildiyi 2003-cü ildən etibarən ölkə başçımız İlham Əliyev bu humanizm siyasətini davam etdirir. Dünyada ən şirin şey cansağlığı və azadlıqdır. Quşu belə qəfəsə salanda hansı hala düşdüyü məlumdur. Əfv Komissiyasının nizamnaməsində göstərildiyi kimi, bu komissiya daimidir. İş daimi davam edir. Əfv müraciəti fərdidir. Bir insan əfv müraciəti etmədən necə bağışlana bilər? Adicə birinin ayağını tapdalayanda belə bağışlayın deyirik. Məhkum müraciət edir, əfv olunmasını xahiş edir, törətdiyi cinayətdən peşmançılığını bildirir, kimə zərər vurursa, onu ödəməlidir.

Məlahət İbrahimqızı ile ilgili görsel sonucu

Məhbusun törətdiyi  cinayətin dərəcəsi, çəkdiyi cəzanın müddəti nəzərə alınır. Bütün məsələlər ciddi şəkildə müzakirə edilir, sonunda qərar verilir. Amnistiya aktı maddələr üzrədir. Burada müraciət olmur. Yəni əfv və amnistiyanın bir-birinə aidiyyəti yoxdur. 2017-ci ilin fevralında cənab prezident cəzaların humanistləşdirilməsi barədə sərəncam imzalayıb. Bu, böyük bir rezonans doğurdu, beynəlxalq təşkilatlar tərəfindən də yüksək dəyərləndirildi. Möhtərəm birinci vitse-prezidentimiz Mehriban xanım millət vəkili olarkən iki dəfə amnistiya təşəbbüsü ilə çıxış etdi. Nəticədə qəbul edilən amnistiyaların biri ilə eyni zamanda əfv sərəncamı da imzalanmışdı. Məhbuslar fikirləşməsinlər ki, bayram, yaxud əlamətdar bir tarixi gün olmadan azadlığa çıxa bilməzlər. İlin 12 ayında bir-birindən əziz günlərimiz çoxdur. Bu günlərdə cənab prezident insanlara xeyirxahlıq etməyə daha çox üstünlük verir. Əfv Komissiyasının hazırda işi gedir, yüzlərlə müraciətə baxılıb, bu, davam edəcək. Möhtərəm prezidentimizin konstitusion hüququ olduğundan əfvin nə zaman veriləcəyini deyə bilmərik, buna heç ixtiyarımız da yoxdur. Komissiyanın işi yekunlaşandan sonra cənab prezident bir daha humanist addımlarını atacaq. Sonuncu dəfə komissiyanın iclasının nə zaman olmasının bir önəmi yoxdur. Çünki komissiya daimi fəaliyyət göstərir. Komissiyanın iclasları barədə  tez-tez məlumat verilməsi əslində düzgün olmazdı. Çünki müraciət edənlər gərgin vəziyyətdə olurlar ki, görəsən, mənim müraciətimə baxıldımı. Bu da komissiya üzvlərinin işini çətinləşdirir. Onlara edilən müraciətlərin sayı durmadan artır. Komissiyanın işləri yekunlaşandan sonra bütün sənədlər prezidentə göndəriləcək. Hər zaman olduğu kimi cənab prezident yaxın vaxtlarda insanları bir daha sevindərəcək”.

Mirvari Qəhrəmanlı ile ilgili görsel sonucu

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı 10 mayla bağlı hələ də ümidlidir: “Məndə olan məlumata görə, mayın 28-nə qədər əfv və amnistiya ola bilər. Əfvin olma ehtimalları daha yüksək görünür. Bir sıra maddələr var ki, amnistiyaya düşmür. Buna görə həm amnistiya, həm də əfv ola bilər. 10 və 28 may arasında 18 gün var, bu müddətdə hər iki qərarın verilməsi mümkündür”.

Həmçinin oxuyun

Sabiq nazirin şirkətinə 12,4 milyon manatlıq sifariş

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti kommunal təyinatlı maşın və mexanizmlər alır. Departament satınalma müqaviləsini sabiq …