Cümə axşamı , Aprel 18 2019
Ana səhifə / Aktual / Ədliyyə generalı ilə məşhur iş adamı arasında mənzil davası: “Orta ranqlı məmur bir binadan 5 mənzil alırsa…”

Ədliyyə generalı ilə məşhur iş adamı arasında mənzil davası: “Orta ranqlı məmur bir binadan 5 mənzil alırsa…”

“Avesta” şirkətinin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) son günlər müxtəlif media qurumlarında Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin rəisi Adil Əliyevlə “Avesta Konserni” MMC arasında mübahisənin olması barədə yayılan məlumatlara münasibət bildirib. 
Hacı İbrahim Nehrəmli Demokrat.az-a açıqlamasında deyib ki, Adil Əliyev haqqında yazılanlar doğrudur:
“Yazılanlarda həqiqət var. İlk növbədə, qeyd edim ki, bu çox xoşagəlməz hadisədir və mən çox təəssüf edirəm ki, istəmədən bu münaqişənin iştirakçısı oluram. 
Birincisi, orta ranqlı dövlət məmurunun təkcə bir yaşayış kompleksində 5 ədəd mənzil alması faktı ciddi suallar yaradır. İkincisi, adı çəkilən şəxsin 5 il gözləyib, daha sonra mənzilin ölçülərinin hesablama metodikasından şikayət edib, həm sahibkara, həm məhkəmə sisteminə, həm də dövlət ekspertizasına təzyiqlər etməsi və şantaj yolu ilə külli miqdarda pul, 100 min dollar və 60 min manat tələb etməsi dövlət məmuru adına tamamilə ziddir. Adil Əliyev faktiki olaraq, dövlət vəzifəsində çalışan mədəni reketdir, qanunçuluq müdafiəçisi adı ilə faktiki olaraq qanunsuzluqla məşğuldur. 
Məlumat üçün qeyd edim ki, sözügedən mənzillər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin əməkdaşları üçün tikilib, tikinti ilə məşğul olan “Tərəqqi” MTK-ya (daha sonra “Avesta Konserni” MMC-yə birləşdirilib) mənzillərin inşaası üçün hər kvadrat metrə 465 manat ödənilsə də, faktiki inşaat 600 manatdan baha başa gəlmişdir. Mən bu layihədə ciddi itkiyə məruz qalsam da, çox gözəl və standartlara uyğun yaşayış kompleksi təhvil vermişəm, şirkətim müqavilə üzrə üzərinə düşən işləri tam icra edib, binada yaşayış başlayıb, kupçalar verilmək üzrədir.
A.Əliyev isə dövlətin təklif etdiyi güzəştlərdən sui-istifadə etməklə fərqli insanların adına güzəştli şərtlərlə 5 mənzil və 2 qaraj əldə edib. Təsəvvür edin, orta ranqlı dövlət məmuru şəhərin mərkəzi rayonunda yerləşən binadan 5 ədəd iri ölçülü mənzillər alır və mənzillərin hər kvadratı üçün ortalama 500 manat olmaqla ödəniş edir. A.Əliyev buna hansı yolla nail olub, xəbərim yoxdur. Halbuki, Nazirlər Kabinetində çalışan və bu mənzilləri güzəştli şərtlərlə əldə etmək istəyən daha ehtiyaclı və layiqli insanlar var. Əslində, A.Əliyevin ödədiyi məbləği ona qaytarıb, mənzilləri eyni şərtlərlə həmin insanlara satmaq daha düzgün olardı.  A.Əliyev iddia edir ki, mənzillərin ölçüsü “oxdan-oxa” deyil, “içdən-içə” ölçülməlidir. Dövlət ekspertizası isə məsələyə ədalətli baxa bilmir. Birincisi, A.Əliyev mənzillərdə əlavə qanunsuz arakəsmələr edib və ekspertizaya mane olur, ikincisi, dövlət ekspertizasına təzyiq edərək onun özünə lazım olan rəyi tələb edir. Onun sözlərinə görə, mənzilləri alanda da, şikayət edəndə də Ədliyyə nazirinin şəxsi razılığını alıb. Yəni, bu məmur hər addımında dövlətin vacib məmuru olduğunu vurğulayır, məhkəmələrə nazir müavinləri vasitəsilə təzyiqlər edir, şantaj edir. Biz onun kimliyini araşdıranda mətbuatda onun bu tipli çoxsaylı münaqişələrinin olması barədə yazılarla tanış olduq. Çox ikrah verici haldır. Bu şəxs hər addımında dövlətin adından istifadə edir. Qeyd etdiyim kimi, faktiki olaraq mədəni reketliklə məşğuldur. Mən anlamıram bu şəxs dövlət məmurudur, yoxsa ölkəmizin ən iri əmlakçısı? Bu qədər əmlak, bu qədər əmlak münaqişələri bir məmurun adına çox deyilmi?”.
İş adamı Adil Əliyevin təzyiqlərinə əhəmiyyət vermədiyini söyləyib:
“Mən Azərbyacanda ədalətli məhkəməyə inanıram. Bununla belə, üzümü birbaşa Ədliyyə naziri, hörmətli Fikrət Məmmədova tuturam. Biz hamımız Fikrət müəllimi çox yaxşı tanıyırıq, onun çox ciddi siyasi çəkiyə və hörmətə malik dövlət xadimi olduğunu bilirik. Hesab edirəm ki, bu tip münaqişələrdə Fikrət müəllimin adının hallanması ümumiyyətlə doğru deyil, yaraşmaz. Mən əminəm ki, Fikrət müəllim məsələdən xəbər tutsa, bu qanunsuzluğun qarşısını alacaq və Ədliyyə Nazirliyinin adından Adil Əliyev kimi şəxslərin bu formada istifadə etməsinə yol verməyəcək. Bu şəxsin əməllərinə son qoyulmalı və qarşısı alınmalıdır”. 

Həmçinin oxuyun

Dilçilik İnstitutundakı qalmaqal haqda açıqlama: – “İdris Abbasovun dedikləri həqiqəti əks etdirmir”

15 apreldə Hurriyyet.org saytında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, professor İdris …