24 İyun 2017, Şənbə

YOL POLİSİ SABİQ DEPUTATIN QIZINDAN RÜŞVƏT ALDI, SONRA QAYTARDI – BƏS, HÜQUQİ MƏSULİYYƏT?

17:28 | 18.06.2017
584 dəfə oxundu

Yasamal rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə sabiq millət vəkili, YAP Siyasi Şurasının üzvü Xeyrəddin Qocanın qızı arasında qalmaqal yaranıb.

Azinforum.az xəbər verir ki, bu barədə X. Qoca özü sosial şəbəkədə yazıb. Deputat bildirib ki, yol polisi zabiti Emil Seyidov qızının hüquqlarını kobud şəkildə pozub və ondan rüşvət alıb:“Qızım maşını ilə yol qaydasını pozduğu üçün Yasamal rayonunda polis əməkdaşları onu saxlayıb və maşının texniki pasportunu və sürücülük vəsiqəsini alıblar ki, “maşına həbs qoyulub, düş aşağı, maşını cərimə meydançasına aparmalıyıq”.

Qızım müfəttişlərə bildirib ki, “elə indi işdən icazə almışam (iş yerində təsdiq edə bilərlər), cəriməni ödəməyə gedirəm, çünki bir neçə dəfə poçta getmişəm, hələ kompüterə salmadıqlarını bildiriblər”.

Müfəttişlər deyiblər ki, “get, Yasamal Polis İdarəsində ödə! Sənədlərini də oradan götürərsən!”.

Qızım məcbur olub ora gedib, qapısında “E.Seyidov” yazılmış polis kapitanı qızıma deyib: “Get, cəriməni ödə, 100 manat da mənə ver, məhkəmədə işini həll edim”.

Beləliklə, E.Seyidov qızımdan 100 manat rüşvət alıb. Əlbəttə, mən Polis İdarəsinin rəhbərliyini telefonla axtardım, cavab verən olmadı. Sonra daxili işlər nazirinin əlaqədar müvininə zəng vurdum, məşğul olduğu üçün danışa bilmədim. İndi bu Emil Seyidovdan soruşuram: “Sən 100 manata məhkəmədə nə iş görəcəksən? Və sən polis orqanında işləyə-işləyə bilmirsən ki, bir ucdan hamıdan rüşvət almaq olmaz? Bu yazını əllərim əsə-əsə, yüksək təzyiqim ola-ola yazdım! Bu quldurluq nə vaxt bitəcək?”.

Daha sonra Xeyrəddin Qoca yol polisi zabitinin aldığı 100 manatı geri qaytardığını qeyd edib: “Məlumunuz olsun ki, qızımdan 100 manat rüşvət alan Yasamal DYP kapitanı Emil Seyidov 100 manatı bu gün geri qaytardı. O, qızımın axırıncı pulunu aldığından, qız ağlaya-ağlaya çörək pulu üçün mənim yanıma gəlmişdi…” 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov oxu.az-a açıqlamasında, məsələdən jurnalistlərin zəngilə xəbər tutduğunu bildirdi: “Hazırda bu məsələni araşdırırıq. Araşdırmamız başa çatdıqdan sonra ictimaiyyətə açıqlama verəcəyik” .

X. Qoca özü sosial şəbəkədə hadisə ilə bağlı yeni status paylaşb: “Yasamal rayon Polis İdarəsinin Yol polisi şöbəsinin əməkdaşı, polis kapitanı Emil Seyidovun rüşvət alması faktı ilə əlaqədar mənim sosial şəbəkədə paylaşdığım məlumata Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Ramil Usubov dərhal reaksiya verdi.Cənab nazirin göstərisi ilə faktla bağlı təhqiqat aparılır. Belə çevik və operativ münasibətə görə cənab nazirə minnətdarlığımı bildirirəm!”

Azinforum.az