Günəş şüası dəri xərçənginə səbəb olur?

Yay fəsli gələn kimi insanları maraqlandıran əsas mövzulardan biri günəş şüalarının mənfi və müsbət tərəfləri olur. Bir çox həkimlər günəş şüalarının insan orqanizmi üçün xeyirli olduğunu desə də, bəzi həkimlər onlarla razılaşmır. Onlar isə əksinə, insanları günəş şüalarından qorunmağa çağırır.

Sputnik Azərbaycan mütəxəssislərdən günəş şüalarının insan orqanizminə nə kimi mənfi və müsbət təsiri olduğunu araşdırıb.

Dermatoloq Mahir Məmmədli bildirib ki, günəş şüasının insan orqanizminə müsbət və mənfi təsiri ola bilər. Xeyirli günəş şüaları səhər saatlarında, həmçinin axşam 18:00-dan sonrakı vaxtda olur. Digər vaxtlarda olan günəş şüaları isə insan orqanizmi üçün ziyanlıdır. Xüsusilə də saat 11:00-dan 18:00-a kimi günəş şüaları insan orqanizminə mənfi təsir göstərir.

Dermatoloq onu da qeyd edib ki, bəzi insanlar günəş şüasına qarşı çox həssas olurlar: “Həssas insanların dərilərində ciddi problemlər yarana bilir. Belə insanların günəş vannası qəbul etmələri məsləhət deyil. Bütövlükdə isə, az tezlikdə və az dozada 15-20 dəqiqə günəş vannası qəbul etmək olar. Bu zaman günəş şüası insanın dərisinə müsbət təsir edir, vitamin D-nin yaranmasına səbəb olur”.

“Günəş şüaları, nəinki insanın dərisinə, görmə qabiliyyətinə belə, əks təsir edir. Ona görə də mütləq qoruyucu eynəklərdən istifadə etmək lazımdır. Başa da gün şüalarının mənfi təsiri böyükdür. Ona görə də qoruyucu papaqlardan (kepkalar) istifadə etmək mütləqdir. Həmçinin açıq rəngli, xüsusilə ağ rəngli kətan parçadan tikilmiş geyimlərdən istifadə etmək məsləhət görülür”, — deyə M.Məmmədli vurğulayıb.

Müsahibimiz, onu da bildirib ki, günəş şüalarının zərərlərindən qorunmaq üçün qidalanmaya da diqqət etmək lazımdır: “Xüsusilə qoyun əti, yağlı qidalar, xəmir xörəklərindən uzaq olmaq lazımdır. Daha çox meyvə-tərəvəz, ağartı məhsulları ilə qidalanmağa üstünlük verilməlidir”.

Tibbi ekspert Rasif Bağırovun fikrincə isə, təbiətdə insan orqanizmi üçün ziyanlı heç nə yoxdur: “Hətta ilan zəhəri belə, insan orqanizmi üçün xeyirli ola bilir. Sadəcə hər şeyi yerində və dərəcəsində istifadə etmək lazımdır. İstinin özü həyat mənbəyidir, amma dozadan çox olanda, artıq problemlər yaradır. Soyuq da həmçinin”.

Ekspert qeyd edib ki, günəş şüası olmasa insan orqanizmində D vitamini yarana bilməz: “Günəş şüası insan orqanizmində D vitamini toplamaq üçün olduqca xeyirlidir. Gün az düşən şimal ərazilərində yaşayan insanların orqanizmini günəş şüaları ilə doydurmaq üçün xüsusi aparatlar quraşdırılıb. İnsanlar onunla günəş vannaları qəbul edirlər”.

R.Bağırov da normadan artıq günəş şüasının problemlər yaratdığını bildirib: “Günəşdəki ültrabənövşəyi şüaları həddindən artıq qəbul edəndə müxtəlif dəri xəstəliklərinə səbəb olur. Hətta dəri xərçənginə kimi gətirib çıxarır. Eyni zamanda görmə qabiliyyətini zəiflədir”.

Tibbi ekspert onu da vurğulayıb ki, Azərbaycanda yay aylarında günəş şüası bir qədər çox olduğundan insanlar diqqətli olmalıdırlar: “Günorta vaxtı insanlar bacardıqları qədər günəşdən qorunmalıdırlar. Dəniz mövsümündə günəş şüaları altında çox uzanmamalıdırlar. Əks halda, günvurmalar və dəri yanmaları baş verə bilər”.

Zdrave universal kremi zdrave forte