Çərşənbə axşamı , Dekabr 18 2018
Ana səhifə / Şou Biznes / Tanınmışların sevimli yeməkləri…

Tanınmışların sevimli yeməkləri…

Azərbaycanın çox zəngin, dadlı mətbəxi var. Xüsusən də plov, dolma, müxtəlif çeşiddə kabab və xəmir xörəkləri təkcə azərbaycanlıların deyil, ölkəmizə təşrif buyuran qonaqların da sevimli yeməklərinə çevrilib. Bu günlərdə məlum oldu ki, ölkə prezidenti İlham Əliyevin də ən sevdiyi yeməklərdən biri mətbəximizin sevimli xörəkləri sırasında olan kotlet və qutabdır. 
Maraqlıdır, bəs məşhurlarımızın ən sevimli yeməkləri hansılardır. Mövzu ilə bağlı bir neçə tanınmışlar arasında kiçik sorğu keçirdik.
 
Ümid Partiyasının sədri İqbal Ağazadə sorğumuza bu cür cavab verdi: “Allahın verdiyi daşdan yumşaq nə varsa yeyirəm. Yəni heç vaxt yeməkləri çeşidləməmişəm ki, filan yeməyi yeyərəm, ya yox. Hansı yeməyi verərlər, qarşıma nə qoyular, onu yeyərəm. Ət yeməklərinə o qədər də meyilli deyiləm. Xəmir xörəklərindən isə qışın günündə xəngəl yeməyi sevirəm”.
Jurnalist Seymur Verdizadə isə daha çox anasının bişirdiyi yeməkləri sevdiyini bildirdi: “Bizim evdə qonaq olan dost-tanış, jurnalist həmkarlarım bilirlər ki, anamın yaxşı əl qabiliyyəti var. O, hətta sadə şorba bişirəndə də mən onu ləzzətlə yeyirəm. Təbii ki, bütün ömrüm şorba yeməklə keçmir. Mən qarabağlıyam. Bizim tərəflərdə yaxşı kabab həmişə arzuolunan yemək sayılıb. Bunu ona görə ayrıca vurğulayıram ki, mənim də ən çox sevdiyim yeməklərdən biri kababdır. Təəssüf ki, hamı yaxşı kabab bişirə bilmir. Plovu nahaq yerə yeməklərin şahı adlandırmırlar. Plov yeməyi də çox xoşlayıram. Artıq çəkidən əziyyət çəksəm də, məclisdə bir boşqab plovdan heç vaxt imtina etmirəm. Cəbrayılda həyətimizdə böyük fındıq ağacları vardı. Anam həmin fındığın yarpağından dolma bükürdü. Həmin dolmanın dadı hələ də ağzımdadır. Həmin dadı verməsə də, tez-tez anamdan xahiş edirəm ki, yarpaq dolması bişirsin. Sonda onu da deyim ki, yeməklə bağlı heç bir kaprizim yoxdur. Qabağıma daşdan yumşaq nə qoysalar, yeyirəm”.
Nəğməkar şair Vüqar Əhməd isə uşaqlıqdan iki yeməyi sevdiyini bildirdi: “Bunlar yağda bişməyən ət qutabı və plovdur”.
KVN-çi Tahir İmanov daha çox yarpaq dolması və dovğanı sevdiyini bildirdi: “Bəlkə indi bizim bəzi yaltaqlarımız cənab prezidentin xətrinə deyəcəklər ki, xəmir xörəklərinə üstünlük verirlər. Amma mən yaltaq deyiləm və bildirirəm ki, ən çox anamın qarabağsayağı bişirdiyi yarpaq dolması və dovğaya üstünlük verirəm. Xəmir xörəklərini isə o qədər sevmirəm”.
 
Müğənni Baloğlan Əşrəfov da yeməklər arasında heç bir çeşid qoymadığını bildirdi: “Məni tanıyan dost-tanış, ailə üzvlərim bilir ki, yeməklərdə çeşid qoymuram. Hansısa ölkəyə də gedəndə o ölkənin yeməklərini yeyirəm. Öz mətbəximizin də xörəklərini çox sevirəm. Təbii ki, bizim yeməklərin şahı plov və bozbaşdır. Bəziləri kimi xörəklə bağlı kaprizlərim yoxdur, məsələn yeməyin içərisində soğan var deyə onu kənara itələmirəm. Qarşıma nə qoyulsa, yeyirəm. Amma müəyyən xəstəliklər var ki, onunla bağlı olaraq pəhriz saxlamağa məcbur oluruq. Yəni, sevdiyimiz yeməklərdən çox da yeyə bilmirik. Amma həmin yeməklərdən birdəfəlik imtina edə bilmirəm, az da olsa, yeyirəm”.
 
Müğənni Mətanət İskəndərli də digər həmkarları kimi yarpaq dolması və plovu sevdiyini bildirdi: “Doğrudur, evdə çox vaxtım olmur ki, onları bişirim. Daha çox köməkçim bu işdə yardımçı olur. Lakin yemək bişirməkdə bacarıqlıyam, dadlı yeməklər bişirirəm”.
Müğənni Manaf Ağayev də daha çox yarpaq dolması və kənd çolpası qızartmasını sevir. Dediyinə görə, xəmir xörəklərinə isə o qədər də meyli yoxdur.
Aktrisa Naibə Allahverdiyeva isə xaş yeməyini çox sevdiyini bildirdi: “Xaşı özüm bişirə bilmirəm. O əvvəl idi ki, alıb təmizləyib bişirirdik. Amma indi təmiz halda alıb, hazır bişirmək olur. Səhər bişirib, sonra da bəh-bəhlə yeyirsən. Həmçinin plovu və yarpaq dolmasını da sevirəm. İndi bu an ürəyim yarpaq dolması istədi. Xəngəli də sevirəm. Qutab və kotleti isə elə-belə sevirəm, olmayan yerdən”.  (Musavat.com)
VIPedu.BIZ

Həmçinin oxuyun

Tolikdən Elçinə ağır sözlər – “Müğənnilərdən iyrənirsizsə…”

Teleaparıcı Elçin Əlibəyli ilə prodüser Tarix Əliyev arasında qalmaqal yaranıb.  “Qafqazinfo” xəbər verir ki, əvvəlcə …

Bir cavab yazın