Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Ölkəni tərk edənlərin sayı artır

Ölkəni tərk edənlərin sayı artır

Ekspert: “İnsanlar bu çətinlikdən yaxasını qurtarmaq üçün xaricə üz tuturlar, amma…”

Son illər ölkədən daimi yaşamaq üçün xaricə üz tutanların, mühacirət edənlərin sayı artıb. İctimai sferaya da diqqət etsək, bir sıra siyasilərin, jurnalistlərin bu və ya digər səbəblərdən ölkəni tərk edərək Avropaya üz tutmalarını görə bilərik.

Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdən də son illərdə ölkəni tərk edənlərin sayında artım olduğu müşahidə edilir. Belə ki, rəsmi rəqəmlərə görə, 2014-cü ildə ölkəni 800, 2015-ci ildə isə 1600 nəfər tərk edib. Lakin ekspertlər bildirirlər ki, açıqlanan rəsmi rəqəmlər heç də mövcud sayı olduğu kimi əks etdirmir. Onların sözlərinə görə, açıqlanan rəsmi rəqəmlərdən daha çox insan ölkəni tərk edib və bu tendensiya davam etməkdədir.
Dünyada miqrasiya və emiqrasiya prosesləri daha çox iqtisadi-siyasi proseslərlə əlaqələndirilir. Azərbaycanda da son illər iqtisadi durum əvvəlki illərlə müqayisədə ürəkaçan səviyyədə deyil. Manatın dollar qarşısında getdikcə dəyər itirdiyini, ölkədə bahalaşma prosesinin genişləndiyini nəzərə alan ekspertlər 2017-ci ildə də müəyyən sayda insanın xaricə üz tutacağını bildirirlər.

Sosioloq Əhməd Qəşəmoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a bildirib ki, 2017-ci ildə ölkədən toplu şəkildə xaricə axın olacağını gözləmir:

“Təbii ki, baş verənlər iqtisadi amillə, çətinliklə bağlıdır. Son illər hər kəs etiraf edir ki, ölkədə iqtisadi vəziyyət çətindir. İnsanlar bu çətinlikdən yaxasını qurtarmaq üçün xaricə üz tuturlar. Lakin çox təəssüf ki, hazırda heç xarici ölkələrdə də vəziyyət yaxşı deyil. Hazırda Avropanın, Qərb ölkələrinin, Türkiyənin, Rusiyanın özü də problemlər içərisindədir. Bu baxımdan, xaricə gedənlərin sayının çox olacağını gözləmirəm. Fizikada birləşmiş qablar qanunu var. Belə ki, qabların birində maye olduqda, digərinə də axır. İndi o biri ölkələrdə boşluq, rahatlıq deyil ki, burada çətinliyə düşənlər xaricə getsinlər. Əslində Azərbaycanın öz əhalisini saxlamaq üçün çox ciddi potensialı var.

İqtisadiyyat sahəsində qeyd edilən dəyişikliklər olmalıdır. Çoxlu iş yerləri açılmalı, kəndlərdə torpaqdan istifadə üçün həqiqi şərait yaradılmalıdır. Bu şərait yaradılarsa, bir çox insanlar öz evlərinə-kəndə qayıdacaqlar. Onlar kəndə qayıtdıqda isə Bakıda da iş yerləri çoxalacaq. Kəndin torpağını isə normal işlədə bilsək, ölkədə iqtisadi vəziyyət də müəyyən qədər yaxşılaşacaq. Bütün bunları nəzərə alaraq, Azərbaycandan gələn il böyük köç gözləmirəm. Hazırda müəyyən qədər insan xaricə üz tutur. Bu, hələ ki, təbii prosesdir. Müxtəlif zamanlarda bu rəqəmlər artıb və ya azalıb”.

Ekspert Avropada terrora da diqqət çəkərək bildirib ki, bu hal da xaricə üz tutmaq istəyənlərə təsir edəcək əsas faktorlardan biridir:

“Azərbaycanın əsas üstün cəhəti odur ki, hazırda ölkədə sakitlikdir. Xarici ölkələrdə hazırda elə bir vəziyyət yaranıb ki, adam bilmir küçəyə çıxandan sonra evə sağ qayıda biləcək, yoxsa yox. Avropa ölkələrində heç bilmirsən hava limanından sağ çıxacaqsan, ya nə isə terror hadisəsi olacaq. Bütün bunları nəzərə alsaq, yuxarıda da qeyd etdiyim kimi, dünyanın özündə hazırda vəziyyət gərgindir. Azərbaycanda heç olmasa sabitlik var. İnsanlar hazırda gözləyirlər ki, ölkədə aqrar sektor inkişaf edəcək, iş yerləri açılacaq. Yəni hələ ki insanlar gözləmə anındadırlar və onlarda bir ümid var. Bu baxımdan da 2017-ci ildə əsaslı köç olmayacaq”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın