Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Dubaya “səfər” edənlərin gülməşəkər balaları…

Dubaya “səfər” edənlərin gülməşəkər balaları…

Və ya çərxi-fələk hər an tərsinə dövran edə bilər

Hər bir insan özünə hörmət qoymağı bacarmalıdır. Bunun isə ən bəsit və önəmli yolu ətrafdakı insanlara lazımınca dəyər vermək, onlara ən azı özünüz qədər diqqətlə yanaşmaqdır. İnandırım sizi, əgər dediklərimə əməl etsəniz, o zaman həm dost-tanışlarınız, həm iş, sinif və tələbə yoldaşlarınız, eyni zamanda qohum-əqrəba yanında hörmətiniz birə-beş artacaq. Görəcəksiniz ki, hamı sizə nəyə və ya kiməsə görə yox, məhz özünüzə önəm verəcək.

Təəssüf, bu gün bəzi insanlar qeyd etdiyim mühüm məqamlara əhəmiyyət vermədən tüfeyli həyat tərzi keçirir, özlərini burjua, digərlərini isə rəiyyət gözündə görərək, sözün həqiqi və bütün mənalarında qudurğanlıq edirlər. Belələri əsasən zəhmət, əzab-əziyyət görmədən asan yolla varlanan, qul haqqına girərək daha çox gəlir əldə edən, əməyi və əməkçini yetərincə qiymətləndirməyi bacarmayan şəxslərin və ya maması tez-tez Dubaya “səfər” edənlərin gülməşəkər balalarıdır. Bu qəbildən olan insanlıqdan uzaq məxluqlar elə zənn edirlər ki, dünya məhz onların ətrafında dövr edir və bu səbəbdən də hər kəs onlara boyun əyməli, bütün arzu və istəklərini dərhal həyata keçirməlidirlər. Bu binəvalar hələ də anlamırlar ki, çərxi-fələk hər an, hər saniyə tərsinə dövran edə, mövcud vəziyyət tamamilə dəyişə bilər. Yəni bu gün “mamin sınoçek”lərin sahib olduqları nə varsa, ani bir vaxt ərzində “buxarlana” bilər. Yəqin, siz də bu cür halların şahidi olmusunuz. Məsələn, dünənə qədər kimə və ya nəyəsə görə sinəsinə döyən birisi fələyin onunla məzələnməsindən sonra dizlərini yerə atır və başlayır sahibsiz çöl köpəyi kimi ulamağa. Lakin bu vaxt bir zamanlar papasının gülməşəkər balasının xor baxdığı kasıb, fəhlə babanın övladı öz alın təri, gərgin əməyi sayəsində yüksək pillələrə qədəm qoyur. İndi onun hər şeyi – əzəmətli villası, ən son model bahalı avtomobili, bağ evi, şəhərin mərkəzində mənzili və sairə. Və o, bütün bunları əldə etdiyinə görə, Allah-Təalaya durmadan şükür edir. Çünki anlayır ki, verən də, alan da Uca Tanrıdır. Onun izni olmadan heç nə baş vermir. Maması “həftə səkkiz, mən doqquz” deyib Dubaya istiqamət alan gədə isə bunun fərqinə varmadığından özünü normal insan kimi yox, cəngəllikdən çıxmış yırtıcı heyvan kimi aparır, ətrafdakı insanlara yuxarıdan aşağı baxır, onlara lazımınca dəyər vermirdi. Bu zavallı insancığaz elə zənn edir ki, qarşısındakına hörmət qoymamaqla kimsə ona “afərin” deyəcək. Vallah, belə düşünənlər böyük yanlışlığa yol verir. Çünki ətrafındakı insanlara saymazyana münasibət sərgilədikdə onların sənə cavabı da adekvat olur. Nyutonun qanununu xatırlayın: Təsir əks təsirə bərabərdir. Atalar əbəs yerə deməyib ki, nə tökərsən aşına, o da çıxar qaşığına. Və ya nə əkərsən, onu da biçərsən. Odur ki, insanlar arasındakı münasibət mütləq və mütləq qarşılıqlı hörmət, sayğıya əsaslanmalıdır. Bunun başqa alternativi yoxdur.

Xülasə, özünə, şəxsiyyətinə hörmət qoyan hər bir şəxs gərək “sayanın quluyam, saymayanın ağası” prinsipindən çıxış etsin. Canımçün, belə etsəniz, o zaman dünənə kimi özünü sizdən üstün sayan gədənin birisi bir-iki tutarlı həmlənizdən sonra nakaut vəziyyətinə düşəcək. Bunu sizə şəxsi təcrübəmdən çıxış edərək deyirəm. Belə ki, əvvəllər mən şəxsiyyətindən asılı olmayaraq, hamıya eyni gözlə baxır, hər adəm övladına maksimum dəyər verməyə çalışırdım. Lakin sonra gördüm ki, bəzi üzdəniraqlar səmimiliyimdən, insanlara önəm verməyimdən sui-istifadə edərək üzərimə doğru irəliləməyə, mənə xor baxmağa başlayırlar. Məhz bu zaman əks hücuma keçdim və tutarlı cavabımdan sonra qarşımdakına öz yerini göstərdim. Budur, indi həmin şəxslə mümkün qədər distansiya saxlayır, imkan daxilində ünsiyyət qurmamağa çalışıram. Əgər siz də belə etsəniz, onda heç kim cürət edib qarşınızda at oynada bilməyəcək. Odur ki, məsləhətimə əməl edin ki, faydasını görəsiniz…

Vazeh Bəhramoğlu

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın