Cümə axşamı , Oktyabr 18 2018
Ana səhifə / Şou Biznes / Dilimizdəki problemlərin həlli üçün yeni addım 

Dilimizdəki problemlərin həlli üçün yeni addım 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutu “Azərbaycan dilində durğu işarələri” adlı nəşr hazırlamağı nəzərdə tutur.

Bu barədə Trend-ə İnstitutdan məlumat verilib.

İnstitutdan bildirilib ki, bu məsələ artıq gələn ilin iş planına daxil edilib.

AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov Trend-ə bildirib ki, Azərbaycanın yazı mədəniyyətinin ən böyük problemi durğu işarələri məsələsidir.

Alimin sözlərinə görə, bu məsələnin həlli bir nəfər alimin yazdığı kitabla məhdudlaşdırılmamalıdır. Dilçilik İnstitutunun “Azərbaycan dilində durğu işarələri” kitabını nəşr etməsi vacibdir.

N.Cəfərovun sözlərinə görə, mətbuatda, yazılı nəşrlərdə durğu işarələrinin işlənməsi ilə bağlı çox ciddi problemlər var:

“Bu sahədə çox ciddi sistemsizlik var. Birinci qüsur odur ki, durğu işarələrinin işlənmə yeri müəyyənləşdirilsə də, yazılarda ona əməl edilmir. İkinci qüsur odur ki, cümlələrdə bəzi hallarda durğu işarələrinin qoyulmasının düzgün olub-olmadığı məlum olmur və bu, elmi cəhətdən əsaslandırılmır. Başqa bir məsələ isə üslubi məqamlarla bağlıdır. Bəzən cümlələrdə üslubi məqamlardan asılı olaraq, durğu işarələri qoyula bilər. Lakin bu məsələ də elmi baxımdan əsaslandırılmalıdır”.

N.Cəfərov qeyd edib ki, orta məktəblərdə durğu işarələri öyrədilsə də, şagirdlərə cümlələrin müəyyən yerlərində durğu işarələrinin qoyulub-qoyulmaması barədə konkret məlumat verilmir:

“Elmi əsasları məlum olmayan bir çox məqamlar var ki, onlar barədə də orta məktəblərdə məlumat verilmir. Ona görə də bu gün yazılı nəşrlərimizdə belə problemlər ortaya çıxır”.

N.Cəfərov hesab edir ki, Dilçilik İnstitutu tərəfindən “Azərbaycan dilində durğu işarələri” adlı nəşrin hazırlanması bu kimi problemlərin aradan qaldırılmasına kömək edə bilər.

Həmçinin oxuyun

Şəbnəm Tovuzlu ilə Yeganə arasında QALMAQAL: Eyni musiqi iki ifaçıya satılıb? – VİDEO

Populyar müğənni Yeganə Mürsəlovanın yeni yazdırdığı “Sən də yanarsan” mahnısı ajiotaja və müzakirələrə səbəb olub. …