Ana səhifə / Şou Biznes / Ağaxan Abdullayev oğlanlarına nə vəsiyyət edib? – VİDEO

Ağaxan Abdullayev oğlanlarına nə vəsiyyət edib? – VİDEO

Ötən gün dünyasını dəyişən görkəmli xanəndə, Xalq artisti Ağaxan Abdullayev bu gün son mənzilə yola salınıb. Mərhum xanəndənin sənət yoldaşları onunla bağlı xatirələrini bölüşüblər.

Muğam ustadı Arif Babayev AzVision.az-a bildirib ki, Ağaxan Abdullayevin vəfatı sənət dünyası üçün böyük itkidir.

“Ağaxanın olmaması bizim hamımızı kədərləndirir. O, heç vaxt yaddan çıxmayacaq. Nə qədər xalqımız var, Ağaxanın sənəti yaşayacaq. Son günlər ona baş çəkməyə gedirdim. Onunla oturduq, bir yerdə çörək yedik. Zarafatcıl və hər şeyin yerini bilən insan idi. Əlbəttə, sənəti üçün darıxırdı. Biz ondan bu barədə soruşmurduq. Amma bilirdik ki, sənəti, səhnə üçün çox darıxır. Oğlunun toyunda da onunla görüşdük, söhbət etdik. Yaxşı ki, oğlanları onun sənətini davam etdirirlər”,-deyə Arif Babayev söyləyib.

Əməkdar artist, kamança ifaçısı Mirnazim Əsədullayev də yaxın dostu Ağaxan Abdullayevlə bağlı xatirələri bölüşüb: “Ağaxan xəstə olanda, onun yanına tez-tez getməyə ürək etmirdik. Mənim haqqımda yazılan kitabı aparıb ona təqdim etdim. Çox sevindi. Kitabı öpüb alınına qoydu. Biz 50 il dostluq etmişik. Zülfü Adıgözəlovdan sonra muğan sənətinin öncülü Hacıbaba Hüseynov oldu. Ondan sonra liderlik Ağaxan Abdullayevə keçdi. Ağaxan əvəzolunmaz sənətkardır. Kaş ki, o, vaxtında muğamla bağlı kitab yazardı. Biz onunla böyük bir sənəti itirdik. Nə yaxşı ki, bu gün əlimizdə səs yazıları, görüntülər var. Məndə Ağaxanın elə videoları var ki, bunlar heç kimdə yoxdur”.

Kaman ustadı Ağaxan Abdullayevin 6 il xəstəliklə mübaribə apardığını deyib. “Mehriban xanım Əliyeva ona dəstək olurdu. O, maddi problemlərin öhdəsəindən tək gələ bilməzdi. Altı il xəstəliyi ilə mübarizə apardı. Bu, hər adamın hünəri deyil. Onun boğazında damar partlamasaydı, hələ də yaşayacaqdı. O, xəsətəliyini bilirdi”.

Mirnazim Əsədullayevin sözlərinə görə, Ağaxan Abdullayev ölümünə 5-6 saat qalmış oğlanlarını, qardaşlarını yanına çağıraraq vəsiyyət edib: “Ağaxan tapşırıb ki, heç kim yas, saqqal saxlamasın. Kimin toyu varsa, toyuna getsin. Onun yolunu davam etdirsinlər. Ağaxan oğlunun toyunda danışa bilmirdi. Görüşdük, söhbət edə bilmədik. Ölümünə 5-6 saat qalmış dili elə açılmışdı ki, rahat danışırdı”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın