Ana səhifə / Şou Biznes / Ədalət Şükürov: “10 ildir toy qiymətini dəyişmirəm”

Ədalət Şükürov: “10 ildir toy qiymətini dəyişmirəm”

Əməkdar artist: “Bütün müğənniləri çağırıb dedilər ki…”

“Yeni Müsavat”ın budəfəki müsahibi tanınmış müğənni, əməkdar artist Ədalət Şükürovdur. Müğənni redaksiyamızda maraqlı və səmimi açıqlamalar verib. Müsahibəni təqdim edirik:

– Ədalət bəy, öncə yaradıcılığınızdakı son yeniliklər haqqında danışardız.

– Hər şey yaxşıdır. Ötən ay 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə Dağıstanda, o cümlədən Mahaçkalada, Dərbənddə konsertlərdə olduq. Hazırda isə prezident seçkisi ərəfəsində keçirilən proqramlarla biz müğənnilər regionlarda səhnədə çıxış edir və hər kəsi aprelin 11-də keçiriləcək seçkilərdə iştrak etməyə səsləyirik. Seçkilərdə iştirak etmək hər kəs üçün vacibdir.

– Bəs siz artıq öz namizədinizi müəyyənləşdirmisiz?

– Namizədimi 15 il bundan əvvəl müəyyənləşdirmişəm və açığı, başqa namizəd də görmürəm.

Bizim ölkəmiz demokratik ölkədir. Çoxu bu demokratiyanı anarxiya ilə səhv salır. Demokratiya o demək deyil ki, sən hər nə istədiyini deyə, söyə, yaza bilərsən. Çox təəssüflə qeyd edirəm ki, hətta bəzi jurnalistlər demokratiya ilə anarxiyanı  səhv salır. Məsələn, bəzən səhər saytları açanda görürük ki, bir çox əxlaqsız, şərəfsiz,  mədəniyyətsiz, söyüş dolu hansısa video və ya foto qoyurlar. Buna mənim övladlarım, sizin valideynləriniz baxır. Bildiyiniz kimi artıq təkliflər var ki, bu profilləri, saytları bağlasınlar.

– Yəqin ki, son zamanlar facebookda söyüş taktikasının artmasını nəzərdə tutursuz…

– Onları yazan internetin o biri tərəfindədir. Və sən bilmirsən ki, o insan kimdir, tərbiyəsi nədir, valideynləri, müəllimləri kim olub, arxasında kimlər dayanır, kimlər köməklik edir və sairə. Hər halda ağıllı adam bunu etməz. Əlbəttə ki, bu yaxşı deyil. Mənim üçün təəccüblüdür, görəsən o sözləri, təqirləri yazan adamın valideyni demir ki, “ay balam, nə edirsən?”

DSC_0028.jpg (767 KB)

Gəlin baxaq, bizim düşmən saytlarının heç birində nə müğənnilərə, nə dövlətə qarşı söyüşlər olmur.

Çox istərdim ki, mətbuatımızda kriminal, intihar xəbərləri də çox olmasın. Görürsən ki, kimsə özünü qatarın altına atır və yaxud körpüdən atır, səhəri gün başqaları o xəbəri izləyib bunu təkrar edir. Yəni bu xəbərlərlə insanları yuxudan oyatmaq olmaz. Məsələn, ərəb ölkələrində kriminal xəbərləri kənarda qalır.

– Kriminal xəbərlərdən söz düşmüşkən, son zamanlarda elə sənətçilərin bu aləmə marağını, kriminal avtoritetlərlə dostluq, sevgi münasibətində olduğunu görürük.

– Mən Sumqayıt şəhərinin 1-ci kvartalında anadan olmuşam. Sumqayıtlıların əksəriyyəti bilir ki, ora necə kriminal aləm, məkan olub. Amma buna baxmayaraq onun mənə təsiri olmayıb, həyat görən uşaq olmuşam, nəinki “mama-papa uşağı”. 18 yaşımda Sankt-Peterburq şəhərinə getdim. Onda kriminal aləmin, kriminal zamanın şiddətli vaxtı idi. Yəni kriminal aləmin nə olduğunu bilirəm. Lakin indi bu haqda məlumatı olan da, olmayanda danışır, yazır. Biz sənət adamları hər kəsin qarşısında çıxış edirik. Bizim üçün fərqi yoxdur, o insanlar harda işləyir, nə işlə məşğuldur. İnsanların şad günləri, toy məclisləri olur. Bizi də dəvət edirlər ki, oları şənləndirək, vəssalam.

– Kriminal aləmin nümayəndələri ilə dostluğunuz varmı?

– Həmişə olub, indi də var. Amma bu o demək deyil ki, mən onların adından istifadə etməliyəm. Bu, elə-belə deyil, 20-30 ilin dostluqlarıdır. Mən onların şənliklərinə, toylarına, yaslarına da getmişəm.

– Bir az öncə hər kəsi seçkilərdə iştirak etməyə çağırdız. Televiziya efirlərində prezidentliyə namizədlərin debatlarını izləyirsizmi? Mövqeyiniz necədir?

– Sözün düzü, iki dəfə izlədikdən sonra, daha baxmıram. Ona görə ki, burada bir çox məqam var. Məndən heç kəs inciməsin. Ölkənin rəhbəri olmaq üçün həddindən artıq bilgili olmalısan. Mən əmin deyiləm o debatda gördüyüm bir neçə namizəd sabah hansısa ölkə pezidenti ilə görüşdə nəyisə müzakirə edə bilsin, danışsın. Məsələn, bizim düşmən ölkənin prezidenti ilə danışa bilərlər? Onlar buna hazırdırlarmı? Yaxud onların xarici görünüşü prezidentliyə hazırdır? Buna görə də mən öz seçimimi çoxdan etmişəm.

DSC_0018.jpg (888 KB)

– Qayıdaq yaradıcılığınıza. Sonuncu albomunuz neçənci ildə çıxıb?

– Sonuncu dəfə 2008-ci ildə albomum işıq üzü görüb. Biz sənətçilər mahnılarımızı həmişə yazdırırıq. Niyə albom buraxmırıq, müğənnilərin əksəriyyəti, təxminən 90 faizi niyə buna maraq göstərmir? Çünki biz xeyir görmürük. Tutaq ki, diski mağazadan alır, gətirir onu “fləşkart”a köçürür, paylayır və yaxud istədiyi musiqini internet resuslarından dinləyir, beləliklə diskə ehtyac qalmır. Ona görə də albom çıxarılmasını dayandırmışıq. Əsasən internet resusları ilə mahnılarımızı təqdim, təbliğ edir, öz üzərimizdə işləyirik.

Bu günlərdə Rusiya parlamenti tərəfindən Azərbaycan-Rusiya arasında mədəniyyətlər arası fəaliyyətimə görə mükafata layiq görüldüm. Neçə illərdir ki, Rusiyadakı konsert və tədbirlərdə iştirak edirəm. Orda da məni çox sevirlər.

“Çoxu demokratiyanı anarxiya ilə səhv salır”

– Yəqin ki, müşahidə etmisiz, ölkəmizdə ifaları heç də birmənalı qarşılanmayan, bayağı hesab edilən bəzi müğənnilərimiz var ki, Rusiya, Özbəkistan, Türkmənistanda xeyli populyarlıq qazana bilib, onların toy bazarına giriblər.

– Bir dəfə bir türkiyəli müğənni ilə söhbət edəndə mənə dedi ki, “Ədalət, sizin müğənnilər çalışır ki, bizim Türkiyənin toy bazarına girsin. Biz isə çalışırıq ki, Azərbaycan toy bazarına girib, pulumuzu qazanaq”. O ki qaldı bayağı mahnılara, ifalara, mən bildim söhbət kimlərdən gedir, siz sözü hara vurursuz. Ümumiyyətlə, hər bir müğənninin özünün dinləyicisi var. Əgər siz özünüz hansısa müğənniyə qulaq asmırsınızsa, bu, o demək deyil ki, o, yaxşı müğənni deyil. Pis müğənni, mahnılar yoxdur. Ola bilsin ki, hansısa mahnını müəyyən formada təqdim etmirlər, o da sizin xoşunuza gəlmir. Bəli, bir neçə müğənni var ki, onları Rusiyada çox sevirlər. Ola bilər ki, bayağı mahnı dediyinizin sözləri çox sadədir. Amma diqqət etsək görərik ki, xalq mahnılarımızın da sözləri sadədir və heç kim demir ki, onlar bayağıdır. Ümumiyyətlə hərdən “bayağı mahnı” deyəndə anlamıram ki, “bayağı” nəyə deyirlər.

– Məsələn olur ki, mahnılarda küçə sözlərindən istifadə olunur.

– Bu da bir folklordur.

– Bildiyim qədər, bütün mahnılarınızın sözləri, musiqisi, aranjimanı sizə aiddir.

– Əvvəl özüm yazırdım, amma indi bir qədər tənbəlləşmişəm (gülümsəyir).

WhatsApp Image 2018-04-01 at 14.05.16.jpeg (223 KB)

– Hə, bunu çox adam deyir…

– Əvvəllər hamısını özüm yazırdım. Hər kəs məni yazdığım mahnılara görə sevib. Və hər müğənniyə də qismət olmur ki, başqa ölkədə yaşaya-yaşaya vətənində mahnıları populyar olsun. Halbuki həmin illərdə mən heç müğənni deyil, iş adamı idim. Mən şanson ifaçısıyam. Şanson da o adamdır ki, mahnısının sözlərini, musiqisini yazır və özü də ifa edir.

– Bəs son illərdə?

– Son illərdə tənbəlləşmişəm.

– Bəs hansı bəstəkara müraciət edirsiz?

– Eldar Mansurovun mahnısını oxumuşam və ya musiqi yazıram, onun sözlərini Baba Vəziroğlu yazır. Yaxud da Vüqar Əbdülova müraciət edirəm.

– Necə düşünürsüz, mahnılarınızın əvvəlki populyarlığı varmı?

– Hə, bildim siz nə demək istəyirsiz (gülür). Ola bilsin ki, insanlar mənim yazdıqlarımı daha çox sevirlər. Amma son mahnılarımı da bəyənirlər.

– Bəzən deyirlər ki, Ədalət Şükürovun mahnları bir-birinə oxşayır.

– Hansı, məsələn? İnsanlar bunu sadəcə düzgün ifadə etmir. Hər bir müğənninin öz ifa tərzi var. Məsələn, Eyyub Yaqubovun mahnısı uzaqdan səslənəndə hər kəs bilir ki, bu onun ifa tərzidir.  Mahnılar eyni deyil, sadəcə Eyyub Yaqubov mahnıları öz tərzində ifa edir. Bu da normal haldır. Məsələn, Miri-Yusif bizim tərzdə oxuya bilməz, onun öz tərzi var. Ona görə də Ədalət Şükürov və digərləri öz tərzində ifa edir.

– Ümumiyyətlə musiqi savadınız varmı?

– Bəli, məktəbdə gitara üzrə təhsil almışam, daha sonra Mədəniyyət Universitetini bitirmişəm. Ümumiyyətlə 20 ilə yaxın ali savad almışam, özü də Rusiyada. Rejissorluğu oxumuşam, daha sonra İqtisad Universitetində təhsil almışam, Baltik Akademiyasını bitirmişəm, aspirant olmuşam. 2007-ci ildən isə elmlər namizədiyəm.

– Rejissorluq peşəsinə sahibsiz. Bəs nə əcəb ölkəmizdə film çəkmirsiz və ya çəkilmirsiz?

– Gərək film də samballı film olsun da. Mən şəkillər göstərə bilərəm ki, tələbəlik illərimdə filmlərə çəkilmişəm. Tələbə olanda bizi filmlərə göndərirdilər… Yəni, film ciddi film olsa, çəkilərəm. Amma indi çəkilən filməri də qınamaq olmaz. Bizdə hələ indi-indi başlayıblar, uşaqlar nəsə çəkməyə çalışırlar. Sizin ağlınız Türkiyədə çəkilən filmlərə getməsin.

– 15 il əvvəl Türkiyə filmləri də indiki səviyyədə deyildi.

– Elə 15 il əvvəl də bizdə bu cür deyildi. İndi uşaqlar çəkirlər, nəsə yaradırlar.

– Bir az öncə qeyd etdiniz, bəlkə də boynunuza aldız ki, tənbəlləşmisiz. Bəzən şayiələr yayılır ki, Ədalət Şükürov bizneslə məşğul olduğundan sənətdən bir qədər aralı düşüb.

– Mən sizin qəzet vasitəsilə hər kəsə bildirmək istəyirəm ki, 10 ildir ki, Ədalət Şükürovun biznesi yoxdur. Niyəsə insanların beynində bu cür qalıb. Bəli, 10 il əvvəl bizim turizm şirkətimiz var idi, lakin onu bağladıq, aptekimiz var idi, onu da bağladıq. Hərdən mənə söhbət çatır ki, haradasa mənim avtosalonum və yaxud hansısa şirkətim var. Amma yoxdur. Əgər varsa, belə bir şey təsdiqini tapsa, 50/50-yə orada işləməyə hazıram (gülümsəyir). Siz də araşdırın, əgər doğrudan da elə bir biznesim varsa, həmin biznesimi ya onu deyən adama, ya da sizin qəzetə halal edəcəm (gülümsəyir).

– Biznesdə bəxtiniz gətirmədi, yoxsa?..

– Yox, gərək biznesdə səhərdən-axşamadək işləyəsən. Əgər o işdə olmadın, onda çətin onu axıra qədər apara bilərsən. Hazırda başqa biznesim yoxdur, olsaydı əla olardı.

– Yəqin ki, sizi biznesmen bilib, yardım istəyənlər də çoxdur.

– Təsəvvür edin, səhər “İnstagram”ı açıb oxuyursan, hamı eyni şey yazır. Hərdən elə gülməli şeyə pul istəyirlər ki, onlara başa sala bilmirik ki, biz incəsənət adamıyıq, hansısa xeyriyyə qurumunda deyilik ki, pul paylayaq. Bəzən düşünürlər ki, əgər bu müğənnidirsə, deməli, pulu çoxdur. Yox, elə deyil. Biz müğənnilər ilin 6 ayını işləyirik, 6 ay isə işləmirik. Bilirsiz ki, bunun Məhərrəmlik, Orucluq ayı var, mayı, avqusut var və sairə. Bilmirəm insanlarda hardan belə bir fikir formalaşıb ki, biz insanlara pul paylamalıyıq? Bu bizim işimiz deyil. Ola bilsin ki, kiməsə köməklik edə bilərik, amma onlardan əvvəl bizim qohumlarımız, ailəmiz, ondan əvvəl məcburi köçkünlərimiz var. Bunu da hər kəsə başa salmaq olmur. Mən yalnız xeyriyyəçi tədbirlərdə, konsertlərdə iştirak edə bilərəm. Yoxsa ki, hamıya pul paylayım, bu mənim işim deyil və buna ixtiyarım da yoxdur. Təsəvvür edin, gündə yüz adam mənə yazır. Onların hərəsinə 100 manat versəm, belə çıxır ki, bir günə 10 000 manat yardım etməliyəm. Bəzən insanlar buna görə bizdən inciyir. Biz müğənniyik, bizdən nə asılıdrsa edirik və bizə nəsə öyrətmək lazım deyil. Sizlərdən də əvvəl bizim problemlərimiz, nəslimiz var, hansı ki, sizdən də əvvəl onların ehtiyacı var.

– Bəzən müğənnilər toya 15-20 min manata getdiklərini açıqlayırlar. Siz bu sahədəsiz, daha yaxşı bilirsiz, həmkarlarınız bu açıqlamalarında nə qədər səmimidirlər?

– Deyim ki, Ədalət Şükürov son 10 ildə toy qiymətini dəyişmir, necə var, eləcə də qalıb. 2005-ci ildən də vergi ödəyirəm. Bir dəfə bütün müğənniləri çağırıb dedilər ki, “kimin nə borcu var ödəsin”. Sən bu dövlətdə yaşayırsansa, dövlətin rüsumunu ödəmlisən. Bu, həmişə belə olub.

Müğənnilər var ki, toya 3000-5000 manata, bəzisi 5000-10 000 manatadək gedir.

– 10 000-dən yuxarı qiymət yoxdur yəni?

– Var. Məsələn, Brilliant Dadaşova, Abbas Bağırov, Faiq Ağayev daha yüksək qiymətə toylara gedir. Amma bu o demək deyil ki, müğənni bütün bu pulu öz cibinə qoyur. Həmin puldan musiqiçilərə qonorar verməlisən, avadanlıqlara xərcləməlisən, sürücü və üstəlik geyim xərcləri var.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …