Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Vitse-prezidentlərin təyinatı apreldə ola bilər

Vitse-prezidentlərin təyinatı apreldə ola bilər

Həlli gələn ilə qalan və ölkədə çox şeylərə təsir edəcək məsələ…

 
Ölkə üçün mühüm, lakin həlli gələn ilə qalan məsələlərdən biri də birinci vitse-prezident və vitse-prezidentlərin təyinatıdır. Vitse-prezidentlərin təyinatının isə artıq gələn ilə qaldığını əminliklə söyləmək mümkündür.  
Sentyabrın 26-da keçirilmiş referendumda konstitusiyaya dəyişikliklər edildikdən sonra konstitusiyanın yeni tələbinə uyğun olaraq vitse-prezidentlərin təyin ediləcəyi barədə gözləntilər doğrulmadı. Oktyabrın 12-də qüvvəyə minmiş Referendum Aktına əsasən, ana qanunda prezident seçilmək, baş nazir təyin edilmək, hakim olmaq, deputat mandatı almaq, nazir postu tutmaq üçün yaş senzi aradan qaldırılıb, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artıb, dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq hüququ verilib.
Konstitusiyada daha bir əsas yenilik isə vitse-prezident postlarının təsisidir. Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir, növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətləri birinci vitse-prezidentə keçir.
Ölkə başçısı hələ ki vitse-prezidentləri təyin etməyib. Araşdırmalarımız zamanı öyrəndik ki, hələ sözügedən təyinatların olmamasının obyektiv, hüquqi əsasları var. Vitse-prezidentlik təsisatı ən uzağı 2017-ci il aprelin 12-nə qədər yaradılacaq və uyğun təyinatlar olacaq. Belə ki, prezident İlham Əliyevin “2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş ”Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə” sərəncamı tam icra edildikdən sonra bu təsisat yaradılacaq və vitse-prezidentlər təyin ediləcək. Sərəncam 12 oktyabr 2016-cı ildə verilib və icra müddəti 6 aydır. Sərəncamda Nazirlər Kabinetinə altı ay vaxt verilir ki, hüquqi-aktların konstitusiya dəyişikliyinə uyğunlaşdırılmasını təmin etsin və dəyişikliklərdən irəli gələn müvafiq hüquqi aktların layihələrini hazırlayıb prezidentə təqdim etsin. Bu müddətin bitməsi üçün 2017-ci il 12 aprel son tarixdir. Aprelin 12-sinə qədər o deməkdir ki, təyinatlar hər an ola bilər.
Müəyyən əsasnamələrin hazırlanması, vitse-prezident vəzifələrində olan şəxslərin müəyyən statuslarının dəqiqləşdirilməsi, sənədləşdirilməsi vaxt aparan işlərdir. Çox güman ki, bu məsələlərin həllindən sonra vitse-prezidentlərin təyinatı gerçəkləşəcək. Çünki dəqiq səlahiyyətlər bölgüsü aparılmalıdır ki, məsələn, bilinsin ki, baş nazirin səlahiyyətləri nədir, vitse-prezidentlərin səlahiyyətləri nədir.
Səlahiyyət bölgüsü aparılmasa, müəyyən prosedur və idarəetmə problemləri yarada bilər. Bu məsələlər həllini tapandan sonra prezident istənilən vaxt birinci vitse-prezident və vitse-prezidentlər təyin eləyə bilər. Qanunda konkret tələb qoyulmayıb ki, dəqiq filan vaxtda və ya filan vaxta qədər bu təyinatlar həyata keçirilməlidir. Prezidentin səlahiyyətindədir ki, istədiyi vaxt təyinat həyata keçirsin.
Vitse-prezident təyinatlarından sonra isə Nazirlər Kabinetinin yenidən təşkil ediləcəyi bildirilir. Baş nazirin müavini postlarının ləğv ediləcəyi, onların funksiyalarının vitse-prezidentlərə ötürüləcəyi yayılan xəbərlər sırasındadır. Yalnız baş nazir və onun köməkçiləri ştatlarının saxlanılacağı, Nazirlər Kabinetindən fərqli olaraq vitse-prezidentlik təsisatının işlək institut olacağı və cari idarəetmə ilə məşğul olacağı da bildilir. 
Bundan başqa, bir neçə nazirlik və dövlət komitəsinin yenidən təşkili və birləşdirilməsi nəzərdə tutulur ki, bu məsələlər iqtisadi islahatların davam olaraq həyata keçiriləcək.
Onu da bildirək ki, konstitusiyaya görə artıq ölkədə hakimiyyət iyerarxiyasında ikinci rəsmi şəxs baş nazir yox, birinci vitse-prezidentdir. Bu baxımdan, birinci vitse-prezident postuna kimin təyin ediləcəyi hər kəsin diqqət mərkəzindədir. Vitse-prezidentlərin isə sayının iki olacağı deyilir.
Referendum təyin ediləndən sonra vitse-prezident vəzifələrinə, əsasən də birinci vitse-prezident postuna kimin təyin ediləcəyi barədə mediada müxtəlif informasiyalar, versiya və ehtimallar irəli sürülüb. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov da bildirib ki, vitse-prezidentlərin təyinatı məsələsi prezidentin səlahiyyətində olan məsələdir. Prezident istədiyi zaman bu təyinatları həyata keçirmək səlahiyyətinə malikdir. 

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın