Ana səhifə / Sosial / “Türkiyə atdığı addıma görə, Qərbdən lazımi dəstəyi ala bilmədi” – Fazil Mustafa

“Türkiyə atdığı addıma görə, Qərbdən lazımi dəstəyi ala bilmədi” – Fazil Mustafa

“9 ay öncə Türkiyə Rusiya təyyarəsni vurub. Yəni birbaşa. Doğru edib. Bütün dünyaya başa salıb ki, kimin hansı gücü olmasından asılı olmayaraq, mənim sərhədlərimi keçmək olmaz və belə olduqda ən sərt addımlara hazıram”. 

Mia.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Türkiyə ilə Rusiyanın ötən gündən başlayaraq istiləşən münasibətlərinə şərh verərkən deyib.

Fazil Mustafa bildirib ki, 9 ay sonra Türkiyə Rusiyadan dolayı yolla üzr istəyib:

“Yenə də doğru edib! Türkiyə atdığı addıma görə, Qərbdən lazımi dəstəyi ala bilmədi və ABŞ-a görə Suriyada Rusiya ilə münasibətlərini gərginləşdirən Türkiyəyə ABŞ PYD və PKK-ya dəstəyini gücləndirməklə cavab verdi, Avropa Birliyi miqrant məsələsində verdiyi vədi yerinə yetirmədi və bütün yükü Türkiyənin üzərinə qoydu, Almaniya da daha irəli gedərək saxta erməni soyqırımını tanıdı.

“Mən demişdim axı, üzr istəyəcək”, “mən demişdim axı, rusun təyyarəsini vurmaq olmaz” ifadələrini indi daha tez-tez bizim və Türkiyənin mediasında gözdən keçirəcəyik, ancaq siyasətdə bunun qısa bir izahı var: xarakterimi göstərdim, gücüm çatana qədər dirəşdim, sonda dalandan qurtulmaq üçün bu yolu seçdim”.

Deputatın sözlərinə görə, situasiyanın tələbi budur ki, Türk ordusunun küncə sıxışdırdığı PKK-nı ABŞ, Avropa Birliyi və Rusiyanın birgə dəstəyindən məhrum etmək lazımdır:

“Açığı söyləyim ki, rus təyyarəsi ilə bağlı epizodda ölkə prezidentinin addımı bədəli nə olursa olsun, əsaslandırılmış idi, bu, həm də Rusiya ilə sanksiya dilə ilə danışan Qərb dövlətləri üçün müttəfiqlik naminə edilən misli görünməmiş fədakarlıq idi. Ancaq Qərb müttəfiqlik əxlaqını yerinə yetirmədi. Fikrimcə, cənab Ərdoğanın əsil problemi İzraillə münasibətlərin mənasız yerə pozulmasından başladı. Qəzza məsələsinə görə bu qədər dərinə gedilməsinin izahını vermək mümkün deyil.

Məsələn, Azərbaycana görə Ermənistanla sərhədləri bağlamaq, diplomatik münasibətlər qurmaqdan imtina siyasəti hərtərəfli anlaşılandır. Çünki bunun qarşılığını Azərbaycan hər zaman enerji və başqa məsələlərdə ayrıca jestlərlə verib və bundan sonra da verəcəkdir. Qəzzaya yardım və dəstək də lazımdır, ancaq bunu İzraillə münasibətləri pozmaq bahasına etmək doğru deyildir. Sırf iqtisadi baxımdan isə bölgədə hər iki dövlətin maraqlarına ciddi zərbə vurulmuş oldu.

Məncə, İzrail və Rusiya həmlələrinin ardından cənab Ərdoğan özündə güc tapıb rəsmi Misirlə münasibətlərin normallaşmasına çalışmalıdır. İranla bağlı siyasətin də müsbət məcrada dəyişməsi vacibdir. Zaman göstərdi ki, xarici siyasətdə məsələlərə ideoloji prizmadan yanaşmaq Suriya kimi çözülməz bir problemi qarşıya çıxara bilər. Azərbaycan üçün isə, bu addımların müsbət sonluğa varması hava-su kimi lazımdır. “Fillər savaşanda çəmənlik əzilir.” Təqribən belə bir şey…”.

F.Mustafa bu arada Böyük Britaniyanın baş nazirinin Türkiyənin Avropa Birliyinə daxil olmasına ölçdüyü üç min illik müddəti də xatırladıb:

“Özü isə Avropa Birliyində qalmaqla bağlı keçirilən referendumun nəticəsinə heç üç saat da qatlana bilmədi. Deməli siyasətin konturları texnoloji inqilab sürəcində daha çevik dəyişəndir. Yuxarıda 9 ay məsələsini əslində normal doğuş müddəti ilə əlaqələndirdim. Yəni 9 aydan sonra yeni siyasətin doğuşu söz konusu. Ona görə də düşmənçilikdə söyüşlərin hamısını işlətməmək, dostluqda da təriflərin hamısını yağdırmamaq məsləhətdir. Sonra istənilən üzr, qəbahətdən betər olur”.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın