Bazar ertəsi , Dekabr 10 2018
Ana səhifə / Sosial / “Ter-Petrosyan ermənilərin ağıllı millətçisidir” – Tofiq Zülfüqarov

“Ter-Petrosyan ermənilərin ağıllı millətçisidir” – Tofiq Zülfüqarov

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın məlum çıxışına rəsmi İrəvan hələ ki, reaksiya verməyib. Ancaq həm Ermənistanda, həm də Azərbaycanda onun Sərkisyan iqtidarına yönəlik mesajları ciddi müzakirə mövzularından bidiridir. Ter-Petrosyan onu da deyib ki, masada qarşılıqlı güzəştlərlə bağlı 1997-ci ildən olan eyni təklif var. Ter-Petrosyan doğrumu deyir? Mövzu ilə bağlı söhbət etdiyimiz sabiq xarici işlər naziri Tofiq Zülfüqarovdan ilk olaraq bu suala cavab istədik.
– Təbii ki, sənəd tamamilə həminki deyil. Amma onun əsas fəlsəfəsi qalır. Müxtəlif elementlər ixtisar olunur, yaxud əlavə edilir. Amma Madrid sənədi götürsək, elə üslub olaraq mərhələli həlldir. Ümumiyyətlə, digər bir üslub mümkün deyil. Bunu hamı başa düşür. Sadəcə olaraq danışıqları dalana salmaq üçün ermənilər belə bir təbliğat aparırlar ki, biz paket variantını istəyirik. Alma mərhələli həll variantından ayrı bir variant ümumiyyətlə, mümkün deyil.
 
– Tofiq bəy, az qala 20 ilə yaxın masa üzərinə qalan, ancaq həllə gətirməyən bir sənədi Ter-Petrosyanın yenidən  gündəmə gətirməsi nəyisə dəyişə bilərmi?
– Köçəryan-Sərkisayan dəstəsi vaxtilə Ter-Petrosyana irad tuturdular ki, bu, Ermənistanın marağına uyğun sənəd deyil. Amma Ter-Petrosyan dolayı yolla Sərkisyana və Köçəryana bildirir ki, üstündən 19 il keçsə də, heç nə dəyişməyib. Yeganə dəyişən bir şey olub, Azərbaycan güclənib. Yəni ondan qabaq siyasi, iqtisadi, müdafiə ilə bağlı paritet mövcud idisə, indi o paritet pozulub. Artıq hamı bunu başa düşür. Ter-Petrosyan hesab edir ki, biz vaxtı yenə də uzatsaq, vəziyyət daha da pisləşəcək.
– Eks-prezidentin erməni hakimiyyətinə qəbul etdirmək istədiyi variant Azərbaycan üçün nə dərəcədə məqbuldur?
– Təbii ki, onun təklif etdiyi variant mərhələli həllə onun baxışıdır. Yəni bu varianta da Azərbaycan tərəfinin iradları, düzəlişləri olub. Amma son olaraq təbii ki, Azərbaycan bunu qəbul edib. Bir şeyi qeyd etmək istəyirəm. Ter-Petrosyan orada iki məsələyə  toxunmayıb. Birinci məsələ: çox qısa şəkildə danışır ki, üçüncü qüvvələrin, ələlxüsus da Rusiyanın rolu nədən ibarətdir. Problem ondadır ki, o vaxt da, indi də bu planların icrasının qarşısında duran üçüncü qüvvələr idi. Müxtəlif mərhələlərdə bu qüvvə Qərb, yaxud Rusiya olub. Onun təklif etdiyi strategiyada bu məsələ necə həll olunacaq, o, bəlli deyil. İkinci məsələyə də qəsdən toxunmur. Söhbət Qarabağda olan vəziyyətdən gedir. O deyir “müvəqqəti status”. Amma bunu açıqlamır. Fikrimcə, bu məsələyə qəsdən toxunmur ki, tənqidə məruz qalmasın.
 
– Belə iddialar var ki, keçmiş prezident həm də Sərksiyanın mövqeyindən çıxış edir…
– Mən bir problemi görürəm: üçüncü qüvvələrin məsələyə münasibətini nəzərdə tuturam. Çünki əgər onlar irəliləyiş istəsəydilər, təbii ki, Ermənistana “İsgəndər” raketlərini ötürməzdilər. Çünki apreldən sonra Ermənistana təzyiq var idi, bunu cənab prezident də demişdi. Birdən-birə bu münasibət dəyişdi. ABŞ Ermənistana kəşfiyyat-müşahidə avadanlıqları verdi, Rusiya isə raket. Demək olar ki, ondan sonra proses dayanıb. Mən hesab edirəm ki, bu, birbaşa üçüncü qüvvələrin prosesə mənfi müdaxiləsidir. Mən təəccüb edirəm ki, Azərbaycan tərəfi rəsmi olaraq bu addımları tənqid etməyib.
– Prezident təzyiqlərin olduğunu demişdi…
– Prezident demişdi. Amma raketlərin və kəşfiyyat avadanlıqlarının ötürülməsi barədə heç nə deyilməyib. Hətta bundan əlavə, xarici işlər naziri Hamburqda çıxış edəndə Rusiyanın vasitəçiliyini qeyd etdi və şəxsən Putinə təşəkkür etdi. Bu, qəribə bir bəyanat idi. Raketlərin ötürülməsindən iki ay keçməmiş təşəkkür bildirilməsi nə qədər məqsədəuyğun idi? Yəni bu məsələdə suallar var.
 
– Hesab olunur ki, Rusiyanın icazəsi olmadan Ermənistan “İsgəndər”lərdən Azərbaycana qarşı istifadə edə bilməz…
– Çox şeylər demək olar. Amma elə ondan sonra ermənilər danışıqlardan qaçırlar. Hər halda nazir belə deyir. Əgər bu, Rusiya tərəfindən prosesə faydalı müdaxilə idisə, nəyə görə ermənilər bu danışıqlardan qaçırlar? Ondan sonra ermənilər dedilər ki, biz özümüzü müdafiə baxımından daha arxayın hiss edirik və s.
– Ardınca da Ter-Petrosyan səhnəyə çıxır, 19 ildən sonra eyni çıxış yolunu göstərir. Bunun arxasında Serj Sərksiyanın da iradəsi dayana bilərmi?  
– Çətin. Mən hesab edirəm ki, bu, Ter-Petrosyanın cəhdidir. Əgər vasitəçilər danışıqların bərpa olunmasını, sülh prosesinin irəli getməsini istəsələr, onlar Ter-Petrosyanın siyasətinə, onun partiyasına dəstək verəcəklər. O baş verəcək, yoxsa baş verməyəcək, bu, sual altındadır. Çünki ondan qabaq baş verən hadisələr göstərdi ki, elə bil vasitəçilər sülhə maraqlı deyillər. Baxaq, görək son addımların nəticəsi nə olacaq. Yəni hamı başa düşür ki, üçüncü qüvvələrin prosesə təzyiqi və dəstəyi olmasa, irəliləyiş mümkün deyil. Ona görə mən hesab edirəm ki, raketlərin, kəşfiyyat avadanlıqlarının ötürülməsi prosesi dayandırıb. Bu, proses üçün çox mənfi bir hadisədir.
 
– Bəs, hazırki situasiyada Ter-Petrosyanın siyasətinin, təşəbbüslərinin erməni cəmiyyətində dəstəkləndiyini demək olarmı?  
– Təbii. Biz başa düşməliyik ki, Ter-Petrosyanın arxasında ən azı ziyalıların bir qismi dayanıb. Burada elitanın regional mənsubiyyəti də çox vacibdir. Çünki hakimiyyətdə olan qarabağlılardır. Amma istər-istəməz Levon Ter-Petrosyan məhz Ermənistanın ziyalı elitasını təmsil edir. Bu gərginlik mənbəyi Ermənistanda həmişə mövcud idi.
 
– Elə isə qarşıdakı parlament seçkilərində Ermənistanın yerli əhalisi özünə gəlib “Qarabağ klanı”ndan yaxa qurtarmaq istəyəcəkmi? 
– Mənə elə gəlir ki, burada üçüncü qüvvələrin rolu çox vacibdir.
 
– Cəmiyyət yenə prosesi seyr edəcək? 
– İlk dəfə deyil ki. Əslinə qalsa, onlar özlərini uduzan tərəf kimi göstərmək istəyirlər. Amma əslində uduzmayıblar. Sadəcə olaraq onların tamahı çox böyükdür. Sərkisyanın mövqeyini analiz etsək, o, nəinki Dağlıq Qarabağı nəzarətdə saxlamaq istəyir, hətta işğal altındakı digər əraziləri də “DQR”-in sərhədləri daxilinə qatmağa çalışır. Hamı başa düşür ki, bu tamah ilbəil artır. Amma bunu təmin edən mexanizmlər, iqtisadiyyat, müdafiə, demoqrafik imkanlar Ter-Petrosyanın dediyi kimi, ilbəil tükənir, böhran yaranır. Keçmiş prezident də deyir ki, tamah artır, hətta “Araz-Kür Respublikası” barədə danışırlar, amma real imkanlar azalır. Onun bəyanatının fəlsəfəsi bundan ibarətdir. Təəssüflər olsun ki, burada vasitəçilərin rolu zəifləyir. Məhz ona görə də bayaq qeyd etdiyim kimi bizim xarici işlər səviyyəsində verilən rəsmi bəyanatlar gərək konkret və məntiqli olsun.
– Üçüncü qüvvələr sülh prosesinə dəstək vermirlərsə, deməli, növbəti il üçün savaş gözləntisi tam realdır, elə deyilmi?
– Çox şey üçüncü qüvvələrdən asılıdır. Əgər bu vəziyyətdən, Ter-Petrosyanın bu addımından lazımi şəkildə istifadə olunsa, proseslər müharibə təhlükəsindən uzaqlaşa bilər. Yəni bu, bir şansdır.
 
– Ter-Petrosyan bəyanatlarından nə dərəcədə səmimidir? Bəlkə biz onun seçkilərə hesablanmış gedişlərini birtərəfli qaydada çox şişirdiririk?
–  Təbii ki. Heç də yaddan çıxartmamalıyıq ki, Ter-Petrosyan ermənilərin ağıllı millətçisidir. Bu işğallar onun prezidentliyi zamanı həyata keçirilib, Xocalı soyqırımı baş verib və s. Bu baxımdan bir siyasətçi kimi daha təcrübəli, daha ağıllıdır. Bu da öz növbəsində bizə təhlükələr yaradır. Sadəcə olaraq Sərkisyan il-ildən, gün-gündən artan tamahını göstərir, populist mövqedən çıxış edir. Amma Ter-Petrosyan realist mövqeyini nümayiş etdirir. Təbii ki, ermənilərin realist mövqeyini. Yəni orda da təhlükələr var… (Musavat.com)
VIPedu.BIZ

Həmçinin oxuyun

Paytaxt süpürgəçilərindən çağırış: “Çörəyimizə bais olmayın”

Görəsən süpürgəçilərin özləri seçdikləri peşələri, həyatları, dolanışıqları barədə nə fikirdədirlər? Sputnik Azərbaycan-nın əməkdaşı bu suallara …

Bir cavab yazın