Ana səhifə / Sosial / Sumqayıtda yaşıl soyqırım – Fotolar

Sumqayıtda yaşıl soyqırım – Fotolar

 Kimlərdir sumqayıtlıların sağlamlığına, şəhərin ekologiyasına düşmən kəsilənlər?
Belə də özbaşınalıq olar? Hansısa “çox işgüzar” bir adam qaçqın-köçkün qardaş-bacılarımızın sığındığı keçmiş “Kimyaşı” sanatoriyasının arxa hissəsində (“Simurq” şadlıq sarayının yaxınlığında) 40-50 illik neçə-neçə şam-küknar ağaclarını yerli-dibli kəsərək, özü üçün biznes yeri qurmağa çalışır.

Artıq bünövrəsini atdığı “biznes mərkəzi”nin yerində və ətrafında kəsilmiş ağacların çoxusunun “izi-tozu” da qalmayıb. Ancaq şəkillərdən də göründüyü kimi, ətrafda daha üç qollu-budaqlı ağacın “boynu” lap təzəcə vurulub. Başqa bir tərəfdə isə daha əvvəl kəsilmiş ağacın kötüyünün başının “külləndiyi” görünür (guya ki, köhnədən kəsilib).

Acınacaqlıdır ki, bu bəd əməli törədib, şəhərin ekologiyasına ziyan vuran kimdirsə, ağacların kəsilməsini və orda hansısa tikinti işi aparılmasını taleləri onsuz da nakam olan bədbəxt qaçqın-köçkün həmvətənlərimizin adıyla bağlamaq, özünü bu cür “sığortalamaq” istəyir. Ancaq vaxtilə torpağı, bağ-bağatları əldən getmiş, doğma yurd həsrəti hələ də köksünü qarsıladan hansı didərgimizin əli qalxardı o iri-iri, 40-50 illik ağaclara? Və onların hansı birinin maddi imkanı var və cəsarəti çatar ki, kimsədən çəkinmədən, həyasızcasına neçə-neçə ağacı qırıb, yerində özü üçün bir daxma, ya bir dükan-zad tiksin? O nakəs kimdirsə, soruşmaq lazımdır ki, ay zalım, o 40-50 illik ağacları sənin dədən-baban əkmişdi ki, sən onları yerli-dibli yox eləmisən?

Həmin adam kimdirsə, ikiqat-üçqat cinayət işlədib: köklü-budaqlı neçə-neçə ağacı icazəsiz-filansız kəsib-doğrayıb (bu -bir!), şəhərin ekologiyasına ciddi ziyan vurub (bu – iki!), sumqayıtlılara xəyanət edib (bu da üç!). Ən böyük cinayəti, xəyanəti isə öz bəd əməlini bu işdə heç bir günahı, əli olmayan didərginlərlə bağlamağa cəhd etməsidir. Ona görə də həmin adam tapılıb, ifşa edilməli, şəhərimizin təbiətinə vurduğu ziyana görə çox ciddi, yüksək məbləğdə cərimələnməli, didərginlərimizin adından sui-istifadə etdiyinə, onlara mənəvi ləkə vurduğuna görə əlavə təzminat ödəməli, məhkəmə məsuliyyətinə cəlb edilməlidir ki, ona da və digər bu cür özbaşınalıq etmək fikrində olanlara da “dərs” olsun!

Bu məqamda ulu öndər Heydər Əliyevin yaşıllıqla, ağacların qırılması ilə bağlı dediyi təsirli sözləri də unutmaq lazım deyil. O böyük şəxsiyyət ürək ağrısı ilə deyirdi ki, hər ağac, hər budaq kəsiləndə elə bil mənim qollarımı kəsirlər. Bax, məhz bu sözləri nəzərə alıb, günahkar kimdirsə, onu tapıb, layiq olduğu cəzanı vermək lazımdır! Hökmən, heç bir güzəşt etmədən! Kimliyindən, vəzifəsindən asılı olmayaraq!

Rəhman Orxan

P.S. Sumqayıtın müvafiq struktur rəhbərləri də bu özbaşınalığın şəhərdə kimsə ilə razılaşdırılmadan edildiyini bildirərək, heç bir etirazsız-filansız bu acınacaqlı faktın ictimailəşdirilməsini vacib hesab etdilər.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …