Çərşənbə , Sentyabr 26 2018
Ana səhifə / Sosial / Sumqayıtda doğum evində bazar açıblar

Sumqayıtda doğum evində bazar açıblar

Azərbaycanda ən problemli sahələrdən biri səhiyyədir desək, yanılmarıq. Adı pulsuz olan tibbi xidmətlər üçün vətəndaşlardan pul alınması, qeyri-dəqiq diaqnozlar, tibb personalının xəstələrdən ödəniş tələbi, xidmətin keyfiyyətsizliyi haqda dəfələrlə yazılsa da, vəziyyət düzəlmir ki, düzəlmir. Hələ par-par yanan yüz milyonlarla dövlət vəsaiti hesabına tikilib istifadəyə verilən tibb mərkəzlərində ağır xəstəliklərin müalicəsinin, ağır cərrahi əməliyyatların mümkünsüzlüyü bir ayrı dərddir. Təsadüfi deyil ki, səhhətində nəinki ağır, hətta orta ağır problem yaranan xəstələr əlacı xarici ölkələrdə axtarırlar. Vəziyyət o həddə çatıb ki, bu ölkədə mənsəb sahibi olan şəxslər ölkə səhiyyəsinə qətiyyən etibar etmirlər.

AFN çox uzağa getmədən son bir ildə baş verən bir neçə faktı təkrar xatırladır: ötən il qəfil ürək tutmasından vəfat edən energetika naziri Natiq Əliyevin səhhəti pisləşəndə məhz Türkiyəyə aparıldı. Onkoloji xəstəlikdən əziyyət çəkən Milli Məclisin deputatı Yevda Abramov da səhhətində yaranan problemin əlacını İsraildə tapdı. Bir neçə ay öncə silahlı hücuma məruz qalaraq başından ağır yara alan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin də müalicəsi İsrail xəstəxanalarında mümkün oldu. Tanınmış telejurnalist Hacı Nuran artıq uzun illərdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir və hələ ki, nicatını xaricdəki xəstəxanalarda tapır. Siyahını uzatmaq mümkündür, lakin fikrimizcə, səhiyyə naziri Oqtay Şirəliyevin yarıtmazlığının sübutu üçün bunlar da kifayətdir. Xəstəxanalarımızdakı ölüm faktlarını da nəzərə alsaq, hörmətli nazirin yeri nəinki vəzifə, ən yaxşı halda dəmir barmaqlıqlar olmalıdır. Görünür, bunun üçün də müəyyən zamana ehtiyac var.
Redaksiyamıza daxil olan bir materialda isə səhiyyədəki daha bir neqativdən bəhs edilir. Belə ki, AFN-in e-mail ünvanına göndərilən bir videoda səhiyyə işçilərinin açıq-açığa qanunsuz ödəniş qəbul etdiyi əksini tapıb. Sumqayıt şəhər 1 saylı Doğum Evində çəkildiyi bildirilən görüntüdə “təkrar müayinə” üçün pasiyentlərdən 12 manatdan vəsait yığılır. 12 manat əslində böyük vəsait deyil deyə bilərik, lakin doğum evlərində olan zaman müayinə otaqlarının qarşısında olan növbə deməyə əsas verir ki, hər gün səhiyyənin təkcə bu sahəsində milyonlarla vəsait yığılır. Həm də tam qeyri-rəsmi, heç bir qəbzsiz-filansız, birbaşa müayinə həkiminin cibinə. Təbii, o vəsait o həkimdə qalmır, günün sonunda bölgüsü aparılır.
Məsələnin daha ilginc tərəfi bu cinayət əməlində səhiyyə naziri Oqtay Şirəliyevə ortaq olan daha bir məmurun adının hallanmasıdır. Belə ki, videonu redaksiyamıza göndərən və adının çəkilməsini istəməyən oxucumuz deyir ki, həmin xəstəxananın baş həkimi Təranə Rəcəbli Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qohumudur: “Səhv etmirəmsə, başçının qızının baldızıdır. Əvvəllər “Real” Tibb Mərkəzində çalışırdı. Bura gələndə özü ilə Turanə, Sevinc və Elza adlı 3 nəfər xanım işçi gətirdi. İndi onlar da ona qeyri-rəsmi ödənişlərin yığılmasında yardım edirlər. Xəstəxanada təbii doğuş üçün müraciət edən xəstədən dərhal 350 manat tələb edilir, verməyənə, yaxud az verənə həkimlər baxmırlar, zülüm edirlər. Əgər doğuş problemlidirsə, qeysəriyyə əməliyyatına ehtiyac varsa o zaman 650 manat vəsait bəribaşdan ödənməlidir. Yenə verilməsə, az verilsə, xəstəyə baxılmır. Bütün vəsaitləri isə girişdə Elza adlı xanım işçi toplayıb digərləri vasitəsilə Təranə Rəcəbliyə çatdırır”.
Sumqayıt ŞİH-in mətbuat sözçüsü Eyvaz Qocayev məsələ ilə bağlı AFN-ə danışarkən bildirdi ki, T.Rəcəblinin Z.Fərəcovun qohumu olub-olmaması ilə bağlı hər hansı məlumata malik deyil: “Həm də o video köhnədir, ötən il bir çox saytlar vermişdi onu”. Maraqlıdır ki, axtarış sistemində həmin video bir çox deyil, yalnız 3 saytda çıxır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinə də həmin video ilə bağlı müraciət etsək də, hər hansı cavab ala bilmədik.

Həmçinin oxuyun

Bakıda yeni tikili çökdü – VİDEO

Bakıda tikilməkdə olan yaşayış binası çöküb. Azinforum.az  minval.info-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu, …