Ana səhifə / Sosial / Savalan, Daş karxanası və Gülçülüyün üfunət qoxuyan problemi – Maştağa Bələdiyyəsi susdu…

Savalan, Daş karxanası və Gülçülüyün üfunət qoxuyan problemi – Maştağa Bələdiyyəsi susdu…

Doxsanıncı illərdə məlum səbəblərlə əlaqədar əhalinin Bakıya axını artdı. Bu proses sonrakı dövrlərdə də davam etdi. Gələnlərin çoxu əsasən Bakıətrafı kəndlərdə məskunlaşmağa başladı. Xüsusən də 2000-ci ildə bələdiyyələr fəaliyyətə başlayandan sonra torpaq satışı genişləndi.

Nəticədə satılan torpaqlarda heç bir plana uyğun olmadan salınan fərdi yaşayış evlərində su və kanalizasiya problemləri yaranmağa başladı. Xüsusən də çoxları öz həyətlərində kanalizasiya quyusu qazmaqla problemdən çıxış yolu tapsa da, ümumilikdə, məsələ həll olunmamış qalır. Hazırda Bakıətrafı qəsəbələrdə minlərlə sakin kanalizasiya problemindən əziyyət çəkir.

Paytaxtın ətrafında yerləşən qəsəbələrdə, onlara yaxın ərazilərdə salınan yeni yaşayış sahələrində kanalizasiya ən ciddi problemlərdən biridir. Yüz minlərlə evin tullantı suları həyətlərdə qazılmış quyulara axıdılır. El dilində bunlara “şambo” deyilir. Bu isə müxtəlif ərazilərdə qrunt sularının səviyyəsinin artmasına, torpağın aşınmasına səbəb olur. Ekoloji baxımdan belə quyular bir sıra fəsadlara səbəb olur. Düzdür, bu quyular qapalı olur, ancaq oradan suyun sızması torpağı çirkləndirir. Təsadüfi deyil ki, son illər Bakının bütün sürüşmə zonalarında aktivləşmə qeydə alınıb. Çünki bu yolla torpağa axıdılan sular itmir. Nəticədə bəzi ərazilərdə sürüşmə aktivləşir. Bakının bir çox rayonunun bəzi ərazilərində kanalizasiya sisteminin olmaması onsuz da 3 tərəfi su ilə əhatə edilən Abşeron yarımadasında qrunt sularının artmasına gətirib çıxarır.

Belə ərazilərdən biri də Maştağa qəsəbəsinə aid olan Savalan və Daş karxanası, Gülçülük adlanan yaşayış massivləridir. Sözügedən yaşayış massivlərində gündən-günə sayı artan yaşayış yerlərinə rəğmən, kanalizasiya sisteminin olmaması əhalinin kanalizasiya quyularından istifadə etməsi ilə nəticələnib. Bu da ərazidə ciddi problemlər yaradıb. Adıçəkilən yaşayış massivlərində əhalinin kütləvi şəkildə məskunlaşması əsasən 2000-ci illərdə baş verib. Nəticədə necə gəldi evlər tikilib. Çoxsaylı ev tikilsə də, bu evlərin kanalizasiya sistemi yoxdur. Bütün tullantı suları əsasən həyətlərdə qazılan quyulara axıdılır. Axarı olmayan tullantı suları sonda yenə evlərə dolur, antisanitariya və yaşayış üçün təhlükə yaradır. Düzdür, quyular dolanda əhali müəyyən vəsait qarşılığında bunu xüsusi maşınla çəkdirir. Ancaq buna baxmayaraq, həmin quyulardan torpaq qatına sızıntı olur. Bir sıra hallarda bu sızıntılar evlərin altına yönəlir. Bu da mənzillərin nəmlənməsinə yol açır. Yaşayış massivində diqqətçəkən məqamlardan biri də odur ki, bu quyuların bir çoxu məhlələrarası yollar üzərində qazılıb. Sakinlər deyir ki, yollar üzərində qazılan quyular həyətlərə baxanda daha tez dolur. Bu da onlar üçün maddi baxımdan problem yaradır. Bir quyunu təmizləmək azı 30 manata başa gəlir. Adətən sözügedən tullantı quyuları dördbucaq formasında qazılır, içi aşınmasın deyə, mişar daşı ilə hörülür. Üstü isə betonlanır. Quyudan tullantıları çəkmək üçün dəlik formasında oyuqlar saxlanır. Bir sıra hallarda onların üstü açıq qaldığı üçün ətrafı üfunət bürüyür. Xüsusən də küləkli havalarda və yay fəslində bu problem özünü daha çox göstərir. Neçə illərdir sözügedən yaşayış massivlərində evlər tikilsə də, amma hələ də kanalizasiya sistemi yoxdur. Orada yaşayanlar dəfələrlə bununla bağlı bir sıra qurumlara şikayət etsələr də, buna əncam çəkən olmayıb.

Yaranmış problemlə əlaqədar sakinlərin fikirlərini öyrəndik. On beş ildir Daş karxanası deyilən yaşayan Cəmşid Nəbiyevin sözlərinə görə, kanalizasiya sisteminin olması çox vacibdir: “Min bir əziyyətlə ev tikdik. O zaman burada yaşayanlar elə də çox deyildi. Sonra əhalinin sayı sürətlə artmağa başladı. Evlər artdıqca, bu cür quyuların sayı da artdı. Burada yaşayanların çoxu muzdla çalışan fəhlədir. İş ya olur, ya da olmur. Xüsusən də qış fəslində çətin olur. Bilmirsən bu problemi həll edəsən, yoxsa digər sosial qayğılarla məşğul olasan. O üzdən, çox istərdik ki, kanalizasiya çəkilsin. Nəinki biz, Gülçülük massivində yaşayanlar da bu gündədir…”.

Digər sakin Pərviz Əhədov da sözügedən problemdən şikayətləndi: “Xeyli xərc çəkib su çəkdik. Burada yaşayanların hamısı öz vəsaiti hesabına “şlanq” alıb su çəkib. İllər sonra buranın işıq xətləri, qaz xətləri yeniləndi. Ancaq su xətləri yenilənməyib. O vaxtdan kim su çəkibsə, həmin xətlərdir. Elə yerlər var ki, içməli suyu ordan-burdan gətirirlər. Məişət əşyalarını yumaq üçün həyətlərdə qazılan quyulardan istifadə edirlər. Tullantı sularını atmaq üçün isə kanalizasiya yoxdur. Bunun üçün də ayrıca quyular qazılıb. Çox istərdik ki, burada yaşayanların kanalizasiya problemi həll edilsin”.

Onu da qeyd edək ki, 2006-2007, 2011-2013, 2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları qəbul edilib. Həmin proqramlara uyğun olaraq bir sıra işlər görülsə də, təəssüf ki, Savalan, Daş karxanası və Gülçülük yaşayış massivlərinin kanalizasiya problemi həll edilməyib.  

Problemin həlli ilə bağlı Maştağa Bələdiyyəsindən münasibət öyrənməyə çalışsaq da, bu mümkün olmadı.

Vidadi ORDAHALLI

“Bakı-Xəbər”

Həmçinin oxuyun

“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” – Deputat

“Şəkər xəstələrinin istifadə etdikləri “Synjardy” adlı dərman preparatının son iki ildir, bir qutusu 72-74 manata …