Qəzada jurnalistə dəyən ziyan aradan qaldırılıb

Məlum olduğu kimi, 12.01.2018-ci il tarixdə səhər saat 10-11 radələrində  işə gedərkən, Bakı-Quba yolunun “Ekologiya postu”na yaxın ərazisində “Oka” markalı avtomobil  qəza törədərək , mənim və başqa bir vətəndaşın idarə etdiyi avtomobillərə ziyan vurub. Hadisə aşağı sürətlə hərəkət etdiyimiz tıxac şəraitində, zərər dəymiş avtomobilin sahibi kimi mənim heç bir günahım olmadan  törədildiyi səbəbindən  həmin vaxt çox əsəbiydim. Üstəlik də  qəzanı törədən “Oka”nın icbari sığortasının olmaması mənə dəyən ziyanın ödənilib-ödənilməyəcəyini də sual altına qoyurdu.  Ümumiyyətlə, şəxsi problemlərimi ictimailəşdirməyi xoşlayan adam deyiləm.  Düşdüyüm vəziyyət məni şəxsi Feysbuk profilimdə baş verənlərlə bağlı status yazmağa vadar etdi. Mənim başlıca narazılığım müəyyən imtiyazlardan istifadə edən bəzi vətəndaşlarımızın qanunlara riayət etməməsi və bunun da nəticəsində başqalarına ziyan vurması və vurduqları zərərdən boyun qaçırmaq cəhdlərilə bağlı idi.  Yazdığım status ölkənin bir çox tanınmış KİV-ləri tərəfindən ictimailəşdirildiyi üçün, törədilmiş qəzanın sonrakı aqibəti ilə bağlı mənə çoxlu sayda suallar ünvanlanlanır. Bu səbəbdən də,  real  vəziyyətə aydınlıq gətirmək istəyirəm.  Qəzadan sonra,  hadisəni araşdıran “Ekologiya postu”nun rəisi , DYP polkovnik-leytenantı Fuad Mayılov məni şəxsən qəbul etdi.  Hadisənin araşdırılması ilə bağlı mənə məlumat verdi ki, qəzanı törədən sürücüyə hüquq və vəzifələri izah edilib, “Oka” markalı avtomobil cərimə meydançasına salınıb, avtomobilin oradan çıxarılması  yalnız əsl sahibinin iştirakı ilə mümkün olacaq. Mən də Fuad müəllimin nəzərinə çatdırdım ki, avtomobilimə dəyən ziyan qəzanı törədən vətəndaş tərəfindən ödənilib, onlara qarşı heç  bir şikayətim yoxdur.  Mən bu məsələ ilə bağlı verdikləri operativ reaksiyaya görə, DYP rəhbərliyinə və “Ekologiya postu”nun rəisi Fuad Mayılova xüsusi təşəkkürümü bildirirəm.

M. QƏRİBLİ

loading...