Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Piyada yolunu zəbt edib, dayanacağa çevirdilər – FOTOLAR

Piyada yolunu zəbt edib, dayanacağa çevirdilər – FOTOLAR

Məlum məsələdir ki, paytaxt Bakıda ciddi sıxlıq yaşanır. Bu sıxlıq hər sahədə özünü göstərir. Yaşayış sayının çox olması eyni zamanda küçələrdə avtomobillərin sayının artması, dolayısı yolla tıxacların, parklanma probleminin yaranmasına səbəb olur.

Bakının bir neçə yerində parkinqlər var. Amma onlar bəzən ya kifayət etmir, ya da sürücülərə qiymət cəhətdən sərf etmir ki, onlar maşınlarını piyadaların yolunda saxlayırlar. Buna maşın saxlamaq yox, yolları zəbt edirlər desək daha doğru olar.

Piyadalar avtomobil yolu ilə hərəkət edəndə sürücülər onların üstünə bəzən qışqırır, bəzən təhqir edir, hətta dalaşırlar. Amma özləri maşınlarını piyadaların yolunda saxlayırlar. Belə olduğu təqdirdə təbii ki, piyada məcbur qalıb, avtomobil yolu ilə hərəkət etməlidir.

Belə hallardan biri Bakının Nəsimi rayonu ərazisində yerləşən Tolstoy küçəsində yaşanır. Bəhs etdiyimiz küçədə parkinq cihazı var. Amma bu cihaz yolun sağ tərəfi üçün nəzərdə tutulub. Həmin hissədə isə avtomobil saxlamaq heç kimə problem yaratmır. Problem küçənin sol tərəfindədir.

Musavat.com xəbər verir ki, burada piyadalar üçün nəzərdə tutulmuş səkinin üzərində qanunsuz olaraq avtomobil dayanacağı yaradılıb. Sürücülər ard-arda maşınlarını burada saxlayıb, gedirlər. Buna görə də, həmin küçədə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təyin edilmiş işçiyə pul ödəyirlər. Hansı ki, bu ödəniş heç bir hesaba keçirilmir və tamamı ilə qanunsuzdur.

Əməkdaşımızla söhbət zamanı BŞİH-nin əməkdaşı pul almadığını deyib: “Onlara mən heç nə deyə bilmirəm, bilmərəm. Mənim səlahiyyətimdə deyil. Pul da almıram. Gətirib saxlayırlar, gedirlər. Üzümü bir tərəfə çevirən kimi, orada maşın saxlayırlar. Əlimdən bir şey gəlmir”.

Maşınların piyada səkilərini zəbt etməsi həm piyadaları narahat edir, həm də ölkə büdcəsinə ciddi ziyan vurur. Çünki səkilərə sadəcə piyada üçün nəzərdə tutulmuş daşlar düzülür. Bu daşların çəkiyə davamlılıq limiti var. Yəni daşlar ancaq insan çəkisinə dözə bilir. Amma onların üzərində hər gün avtomobillər park edilir. Bu da yerləşə döşənən daşların vaxtından əvvəl sıradan çıxmasına səbəb olur ki, bu da büdcədən əlavə pulların dağılmış səkilərə xərclənməsi deməkdir.

“Mən də sürücüyəm və belə adamların sürücü adlandırılmasının əleyhinəyəm”

Bakı sakini Etibar Səfərəliyev deyir ki, o, bəhs edilən küçədə yaşayır, amma avtomobilini başqa yerdə saxlayır: “Çünki burada yer yoxdur, qardaş. Mən evimdən bir neçə yüz metr kənarda maşınımı saxlamalı oluram. Nadir hallarda burda yer tapmaq olur. Bir küçə o tərəfdə parkinq yeri var. Amma orada maşın saxlayan yoxdur. Çünki pul verməlidirlər. Burada 40, 50 qəpik nəzarətçilərə verirlər, saatlarla maşınları burada qalır. Səhər işə gedəndə baxıram ki, təkcə parkinq yeri yoxe, elə piyada yolu da tutulub. Ay vətəndaş, belə şey olar? Rusiyada belə “xam”lara qarşı kampaniya aparan qruplar var. Gedirlər maşının təkərlərini sökürlər, deşirlər, qapılarını cızırlar, üstünə boya ilə “xam” yazırlar. Bütün bunları da videoya çəkib, youtube-a qoyurlar. Bu da həm həmin adamlara, həm də digərlərinə dərs olur. Gərək biz də eyni addımı ataq. Mən də sürücüyəm və belə adamlara sürücü deyilməsinin əleyhinəyəm”.

Bəzi məhəllə sakinləri piyada yollarını belə sürücülərdən qorumaq üçün səkilərin kənarlarına metal borular vururlar. Beləcə rahat yolları ilə gedib-gələ bilirlər. Amma bu, çıxış yolu deyil. Aidiyyəti orqanlar bu işi görməlidirlər.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …