Şənbə , Dekabr 15 2018
Ana səhifə / Sosial / Paytaxtın sürüşmə bəlası: daha bir yamac çökə bilər

Paytaxtın sürüşmə bəlası: daha bir yamac çökə bilər

Ekspert: “Badamdarda hazırda kötüyü saxlayıb ”başı qırxırlar””

Badamdar sürüşmə zonasında ciddi aktivlik müşahidə olunmasa da, ərazidə müvafiq qurumlar tərəfindən aparılan işlər davam etdirilir. Məlumat üçün yada salaq ki, oktyabrın 12-də gecə saatlarında Səbayel rayonu Badamdar şosesində (Badamdar-20-ci sahəni birləşdirən yol) kəskin maili dağ yamacında, əvvəllər tikilən istinad divarının yaxınlığında torpaq qatının sürüşməsi baş verdi. 

Bu prosesin ardınca ərazidən keçən avtomobil yolu qapadıldı, təhlükəli zonada yerləşən 8 yaşayış evinin sakinlərinə köçmə xəbərdarlığı edildi. Sonrakı bir neçə gün ərazində ərazidə kiçik torpaq uçqunları baş verdi. Lakin nə ərazidən 8 evin sakinləri köçürüldü, nə də bağlanan yol açıldı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, ərazidən keçən avtomobil yolunun gündüz saatlarında açılması, hər hansı bir problem yaratmaz. Lakin yerli icra hakimiyyəti bu yolun açılmasına razı deyil. Hesab edirlər ki, yol açılarsa, sürüşmə daha da aktivləşə bilər. Vaxtilə bağlanan yoldan istifadə edən marşrutlar hazırda “Azneft” dairəsi istiqamətində hərəkət edirlər.  Nəzərə alaq ki, qarşıdan “Formula 1″ yarışları gəlir və bu dairə yarışlarla əlaqədar olaraq, bağlanacaq. Bəs belə olan halda alternativ kimi hansı yoldan istifadə ediləcək? Hələ ki suala müvafiq qurumların hər hansı biri konkret cavab vermir.

Bildirilib ki, hazırda ərazidə yalnız Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işlər aparırlar. Ciddi sürüşmə faktları isə müşahidə olunmur.

Ä°lgili resim

Bakıda yeni sürüşmə ocaqlarının yaranacağı istisna edilmir. Bu barədə “Yeni Müsavat”a danışan Bakı Tikinti İdarəsinin rəisi işləmiş Əzim Məsimov söyləyib ki, Sulutəpədən Müşfiq qəsəbəsinə qədər olan ərazidə yamaclarda çoxsaylı evlər tikilib ki, bu, həmin ərazidə sürüşməyə səbəb olacaq. Ekspertin fikrincə, həmin ərazidə hər hansı bir tikinti aparmaq olduqca təhlükəlidir. Çünki kəsilən yamac, yüklənən torpaq kütləsi bir müddət sonra Badamdardakı mənzərənin təkrarlanmasına səbəb olacaq: “Abutalıbov deyir ki, ”Azərsu” ASC-nin təklifi ilə 9 quyu qazılması nəzərdə tutulmuşdu və onlardan 7-si hazırlanıb, 2-sinin də üzərində iş gedir. Dedi ki, bu işlər də görüləndən sonra Bakının kanalizasiya problemi tam həll olunacaq. Onun bu açıqlaması məni vahiməyə gətirdi ki, adam indiyə qədər anlamayıb ki, Bakının 70 faizdən artıq ərazisinin kanalizasiya problemi həll edilməyib. Kanalizasiya probleminin həlli üçün milyardlarla xərci olan işlər aparılmalıdır. Şəhərin qərb zonasında yeni təmizləyici stansiya tikilməli, bu zonanın kanalizasiya şəbəkəsi yaradılmalıdır. Lakin qeyd edilən işlərin heç biri aparılmayıb. Müşfiq qəsəbəsinə qədər yolun sağı, solu hamısı tikilib. Bu evlərin heç birinin kanalizasiyası yoxdur, hamısına da içməli su çəkilib. Yamaclar dolacaq, sürüşmə baş verəcək. İndi Abutalıbov necə deyə bilər ki, Bakının kanalizasiya problemi həll edilib? Heç olmasa, fizika qanunları ilə problemləri anlamaq lazım idi. Bakının sərhədləri nə üçün müəyyənləşdirilməyib?

Məsələlər dəhşət doğurur. “Qurd qapısı” kimi adlanan ərazidə də vəziyyət eynidir. Badamdar dağının hər tərəfi tikilidir və bunların hamısı yaxın gələcəkdə sürüşəcək. Əraziyə milyon kub metr su yığılıb. Bu su harasa çıxmalıdır  və çıxacaq, sürüşmə olacaq, sonra da milyardlarla vəsait lazım gələcək ki, ərazidə təmir, yenidənqurma işləri aparılsın. 2007-ci ildə mətbuatda demişdim ki, Badamdar yaylasını bu şəkildə tikmək böyük faciədir. Lakin məhəl qoymadılar, nəticə də bəllidir. Badamdarda hazırda kötüyü saxlayıb “başı qırxırlar”. “Qanayan” yerlərə də “pambıq” basırlar. Lakin anlamırlar ki, əsas problem elə “kötükdə”dir. Kanalizasiya sistemi yoxdur və milyon kub metr su yığılıb. Bakıda kanalizasiya problemi kritik həddə çatıb. Bundan o tərəfi yoxdur. Abşeronun böyük ərazilərini kanalizasiya suları basıb. Çünki suyu veriblər, kanalizasiyanı çəkməyiblər. Badamdar hərtərəfli sürüşəcək. Yapon alimi bunun qarşısını necə alacaq? Niyə adi şeyi elmi problemə çevirib, hələ xaricdən də mütəxəssis çağırırıq. Kanalizasiya sistemini çəkmək lazımdır. Yapon gəlib kanalizasiya sistemi olmayan ərazidə nəyi, necə edəcək ki, sürüşmə dayansın? Suyun süxura oturduğu yerdə quyular qazmaq tamamilə əhəmiyyətsiz işdir. Kanalizasiya suları 17 kilometr dənizin dərinliyinə çəkilməlidir. Sovet dövründə bu işi yalnız bir şirkət həyata keçirirdi. Mən də Rusiyaya gedib, həmin şirkətlə razılaşdım ki, bu işi görsünlər. Lakin məndən sonra işlər aparılmadı. Azərbaycanda indi bütün texnikalar var. Lakin bu gün suyu 17 kilometrə buraxan yoxdur. Hamısı sahilə buraxılır. Problemlər belə xırda şeylərdən yaranır və böyüyür”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) ölkədə sürüşmə zonalarının ətraflı tədqiqatı üzrə dövlət proqramının hazırlanmasını təklif edib.

Məlumatda qeyd olunur ki, bu təklif Fövqəladə Hallar Nazirliyi və Nazirlər Kabinetinə təqdim edilib: “Biz Bayıl sürüşmə zonası üzrə ətraflı hesabat hazırlamışıq və AMEA Rəyasət Heyətinə təqdim etmişik. Bundan başqa, Əhmədli və Binəqədi zonaları, eləcə də Azərbaycanın digər rayonlarında sürüşmə zonalarının tədqiq olunmasını təklif etmişik. Bunun üçün dövlət proqramının hazırlanması təklif olunub”, – deyə bildirilir…

VIPedu.BIZ

Həmçinin oxuyun

Bəzi yaşayış evləri vulkan təhlükəsi altındadı – XƏBƏRDARLIQ

Keyrəki, Quşçu, Hökməli, Bozdağ, Qobu və s. vulkanların yaxınlığında yaşayış məntəqələrinin olması xüsusilə təhlükəlidir. Bunu …