Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Ölkədə heyvandarlıq sahəsində bir ilk: Embrion transferi… – FOTOLAR

Ölkədə heyvandarlıq sahəsində bir ilk: Embrion transferi… – FOTOLAR

“Azərsun Holdinq” 10 nəfərə yaxın jurnalistin iştirakı ilə Kürdəmir Heyvandarlıq və Süd Emalı Kompleksinə mediatur təşkil edib.

Musavat.com-un əməkdaşının da qatıldığı mediaturda məqsəd, ölkədə heyvandarlıq sahəsində ilk dəfə həyata keçirilən təcrübə barədə ictimaiyyətə məlumat vermək olub. Belə ki, kompleksdə uğurlu embrion transferi aparılıb və nəticəsi müsbət olub.

Kompleksdə ilk olaraq jurnalistlərə dəyirmi masa ətrafında mütəxəssislər tərəfindən gördükləri iş barədə detallı məlumat verilib. Əvvəlcə qeyd edək ki, embrion transferi azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçirilib.

Gördükləri iş barəsində jurnalistlərə məlumat verən Kürdəmir Süd Emalı Zavodunun müdiri Fuad Məmmədov bildirib ki, müəssisənin tikintisinə 2009-cu ildə başlanılıb: “2013-cü ildə cənab prezidentin iştirakı ilə zavodumuz istismara verildi. Zavodun qurulması ilə bölgədə heyvandarlığın inkişafında yeni mərhələ başladı. Müəssisəmiz qurulan zaman bunun paralelində müəssisə tərkibində heyvandarlıq kompleksi də yaradıldı. Cins heyvanlar gətirilir və burada dünyanın ən qabaqcıl texnologiyalarından istifadə edilərək, tam avtomatlaşdırılmış şəkildə modern süd kompleksi də yaradılıb. Hal-hazırda İtaliya, İsveç, Almaniya, Türkiyə istehsalı olan texnologiyalardan istifadə edirik. Müəssisəmiz 100 faiz təbii süddən, tam orqanik məhsul istehsalı ilə məşğuldur. Günlük 180 tona qədər imkan verən istehsal gücümüz var. Müəssisəmizdə müxtəlif çeşidlərdə qatıq, pendir, qatılaşdırılmış süd məhsulları ən yüksək keyfiyyətlə istehsal olunmaqdadır. Keyfiyyət bizim ana siyasətimizdir. Azərbaycanda qida təhlükəsizliyini təmin etməklə yanaşı, ölkəmizə keyfiyyətli məhsul vermək əsas hədəfimizdir. Bunun üçün daim araşdırma aparıb, yeni texnologiyalar tətbiq edirik. Heyvandarlıq kompleksimizdə də bu işlər sürətlə davam etdirilir. Heyvandarlıq sahəsində dünyada çox ölkələrin qazana bilmədiyi uğuru biz, qısa müddət ərzində əldə etmişik”.

Daha sonra çıxış edən kompleksin heyvandarlıq sektorundan məsul şəxs Saleh Tunc bildirib ki, kompleks 124 baş heyvanla fəaliyyətə başlayıb: “Artıq 700-ə yaxın heyvanımız var. Süd istehsalı sahəsində isə günlük heyvanbaşına  istehsalımız 34 litrdir. Ən önəm verdiyimiz fəaliyyət isə süni mayalanma və embrion transferdir. Cins heyvanları xüsusi yerlərdə saxlayırıq. Hazırda hər heyvandan günlük 34 litr süd əldə etmək Azərbaycanda bir rekorddur. Biz araşdırmışıq və görmüşük ki, Avropanın bir çox ölkələrindən də bu göstəricidə öndəyik. Əslində Azərbaycanın iqlimi bu heyvanlar üçün əlverişli deyil. Çünki hava istidir. Ancaq buna baxmayaraq fəaliyyətimiz nəticəsində artıq heyvanlar bölgəyə adaptasiya olublar. Nəticədə yüksək məhsuldarlıq əldə olunur”.

Heyvandarlıq sahəsindəki vəziyyət barəsində danışan Kürdəmir Rayon Baytarlıq İdarəsinin rəisi Mehman Nəsirov bildirib ki, sovetlər dönəmində belə bu cür uğurlar əldə olunmayıb: “Sovetlər birliyi bu cür heyvandarlıq kompleksi yaratmaq gücündə deyildi. O zaman xaricdən İsveçrənin heyvanlarını gətirirdilər, ancaq onu saxlamaq olmurdu. Heyvan xəstəlik tutub, ölürdü. Bu gün isə gətirilən holstein cinsləri heç bir parazitə tutulmayıblar. Kənd Təsərrüfatı Nazirliyinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq tədbirlər görürük. Ona görə də bu müəssisədə təmiz, təhlükəsiz məhsul istehsal olunur. Müqayisə üçün başqa müəssisələri götürsək görərik ki, Süd Emalı Zavodu MMC-nin heyvandarlıq kompleksində tələfat yox səviyyəsindədir. Burada yerli mütəxəssislərin əməyi yüksək qiymətləndirilmədir. Çünki temperaturun yüksək olduğu rayonda belə bir müəssisə yaradılıb və yüksək məhsul alınır. Həmçinin heyvandarlıq sahəsi də inkişaf etdirilir. Əmin edirəm ki, başladığımız işi uğurla davam edəcək”.

Fuad Məmmədov bildirib ki, hələ də insanlar düşünürlər ki, yəqin ölkədə  istehsalı olan südlər hansısa formada hazırlanır: “İnanmırlar ki, ölkədə bu qədər süd olar. Bizim məhsullarla bağlı da çox suallar verilir. Ona görə də bu istiqamətdə ciddi şəkildə maarifləndirmə işləri aparırıq. Heç bir süd tozundan və digər qatqıdan istifadə olunmur. Ölkəmizdə kənd təsərrüfatı sahəsinə ciddi investisiya qoyulur, ciddi təşviq var. Ölkə özünü südlə tam olaraq təmin edə bilmirdi. Artıq bu istiqamətdə ciddi işlər görülür. İnsanlarımız da bilməlidir ki, süfrəyə qədər keyfiyyət əsas prinsipimizdir”.

Saleh Tunc embrion transferi barəsində danışaraq bildirib ki, bu, ölkədə ilk dəfə həyata keçirilir: “Embrion transferi dünyada 100-də 5 faizə qədər paya sahibdir. Bunu da gerçəkləşdirən ölkələr texnologiya baxımından ən üst səviyyədədirlər. Məsələn, Amerika, Kanada, Almaniya kimi ölkələrdə bu işlər həyata keçirilir. Bizim də bu işə qoşulmaqda ən böyük məqsədimiz odur ki, heyvandarlıqda öz cinsimizi yaradaq. Nəticədə ən sağlam dişi və erkək heyvandan istifadə edərək, embrion transferini həyata keçiririk”.

Baytar Rəhim Məmmədov embrion transferinin necə həyata keçirildiyi barədə detallı danışıb: “Öncə deyim ki, embrion dişi yumurta hüceyrəsi ilə erkək spermasının görüşməsindən əmələ gələn 1 həftəlik canlıdır. Bu 1 həftəlik canlını seçdiyimiz heyvanlara transfer edirik. Bu istiqamətdə iki cür heyvan seçirik: daşıyıcı ana və donor ana. Əvvəlcə embrionları donor analardan əldə edirik. Bunlar da sağlıq cəhətdən yaxşı, yüksək süd verən heyvanlardır. Onların bundan öncəki doğuşlarını da izləyirik və bütün xırdalıqlar nəzərə alınır. Daha sonra növbəti prosesə keçirik və heyvanları ən sağlam buğa sperması ilə mayalandırırıq. Mayalanandan sonra 7-ci gündə  xüsusi mayelərlə balalıq yuyulur və oradakı embrionları əldə edirik.7-ci gün bu məsələdə çox önəmlidir. Çünki bu gündən sonra embrionlar balalığın divarına yapışır və oradan qidalanır. Ona görə də 8-ci günü bu prosesi yerinə yetirsək, embrionu çəkə bilmərik. Embrionu əldə etdikdən sonra daşıyıcı anaya köçürürük. Məqsədimiz qısa müddətdə sürünü yüksək süd verən heyvanlarla zəngin etməkdir. Süni mayalanma yolu ilə 7-8 nəslə alacağımız bir işi embrion transferi ilə 1 ilə edə bilirik. Bir heyvandan ortalama süni mayalanma zamanı ildə 1 bala ala biliriksə, embrion transferində 1 heyvandan 15-20 bala almaq olur. Həm də embrion transferinin bir üstün cəhəti də odur ki, sürü sağlam olur, xəstəliklərə tutulmur. İsti aylarda süni mayalanma zamanı ölümlər çox olur. Ancaq embrion transferində bu hal yoxdur. Həmçinin bu yenilik sahəsində heyvandarlıq sahəsində də inkişaf baş verəcək. Artıq embrion transferinin nəticəsi olaraq 2 bala əldə etmişik”.

Ardınca jurnalistlər heyvanların saxlanıldığı yerə aparılıb və görülən işlərlə əyani tanış olublar. Bildirilib ki, embrion transferi nəticəsində doğulan buzovlarla yanaşı, zavodda xeyli sayda süni mayalanmadan doğulan heyvanlar da var. Onlar da ölkənin süd ehtiyacını ödəməkdə istifadə edilir.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …