Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Kölə kimi işlədildi, günlərlə quyuda gecələdi

Kölə kimi işlədildi, günlərlə quyuda gecələdi

18 yaşlı Lalə Əliyeva (təhlükəsizliyi məqsədilə adı dəyişdirilib – red.) ötən həftənin cərşənbə günü “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına gətirilib. Əllərində, ayaqlarında yara, kəsik, yanıq izləri var. Polis əməkdaşları onu tapana qədər dəmiryolu relslərinin yaxınlığındakı quyuların birində gizlənib.

Lalə başına gələnləri virtualaz.org-a danışıb. Deyir ki, gecə-gündüz Allahla söhbətləşir, hər gün başına gələnlərin hesabatını soruşur. Az qala ona dəli kimi baxırlar, amma o, nə vaxtsa bu suallara cavab tapacağına əmindir.

– Atamla anam ayrılıblar. Anam baxa bilmədiyi üçün məni və əkiz bacımı Mərdəkandakı uşaq evinə verib. Bacım anadangəlmə əlildir, sərbəst yeriyə bilmirdi. Anamı tanıyıram, amma harada olduğunu bilmirəm. 6 yaşım olanda atam məni uşaq evindən götürüb. O vaxtdan bacımla bağlı məlumatım yoxdur, heç kim maraqlanmadı, yaşayıb-yaşamadığını da bilmirəm. Atam sonradan evlənib, 3 uşağı var.

– Qollarındakı yara izləri…

– Bunlar nar çubuğunun izləridir, ayağımda da izlər var, tez-tez qaşınır, qanayır. Bu yaralar da quyuda qalanda cücü dişləmələrindən sonra yaranıb. Sol qolumdakı yanıq izi ütü ilə yandırılanda olub. Bircə bu yanığı atam etməyib.

 Atan səni niyə döyürdü?

– Məni internatdan analığımın istəyi ilə götürüb, amma bəzən fikirləşirəm ki, analığım belə atam qədər qəddar deyil. Məktəbə göndərmədilər, hərfləri tanımıram. Əvvəl onun uşaqlarına baxırdım, evi təmizləyirdim. 8 yaşımdan isə 5 baş mala, qoyun-quzuya baxıram. Evimiz Binəqədidədir, səhər tezdən axşama qədər küçələrdə olurdum. Mal palçığa batırdı, məni döyürdü, qonşular qoyun-quzuların ətrafı çirkləndirməsindən şikayətlənirdi, yenə mən döyülürdüm. Evə qayıdanda qazanda yemək olmurdu, qaçıb həyətdə gecələyirdim, axtarmırdılar. Atamın qohumları xəlvət mənə yemək gətirirdilər, amma heç kim onun qorxusundan öz evinə aparmaq istəmirdi.

 Bəs sığınacağa necə gəldin?

– Son aylar atam fəhləliyə gedəndə məni də özü ilə aparırdı, ağır daşları daşıyırdım. Daha gücüm çatmırdı, axı mən necə ev tikim, daş daşıyım? Sonuncu dəfə nar çubuğu ilə döydü, ayağım yaralandı. Evdən qaçdım. Amma başıma daha ağır iş gəldi.

 Nə iş?

– Tanımadığım bir qadınla tanış oldum, məni evinə apardı. Dedi ki, səni yedizdirəcəyəm, yatızdıracağam, amma qaçsan öldürəcəyəm. Sonra bildim ki, məni satmaq istəyir. Qaçmaq istəyəndə ütü ilə qolumu yandırdı. Bilirdi ki, axtarıb-soruşan olmayacaq. Həyətimizin bir küncündə daxma var, orada kirayəyə qalan qadın mənə bəzən yemək verirdi. Qadın baxıb ki, iki gündür məndən xəbər yoxdur, heç kim də maraqlanmır. Yaxınlıqdakılardan soruşa-soruşa gəlib bu qadıngilə çatıb. Beləcə onun köməyi ilə yenidən evə gəldim. Atam evdən qaçdığım üçün məni yenə döydü, bu dəfə də qaçıb quyuda gizləndim. Sonra qohumlardan biri vəziyyətimi görüb polisə şikayət edib. İndi polis araşdırma aparır, mənim izahatımı aldılar. Söz verdilər ki, o qadın da, digərləri də cəzalandırılacaq. İndi sığınacaqda qalıram.

…Təşkilatın rəhbəri Mehriban Zeynalova deyir ki, hazırda işlə bağlı istintaq gedir. “Qızdan izahat alınıb, o, qadından şikayətçidir. Amma atası ilə bağlı şikayət etmək istəmədi. Dedi ki, 3 uşaq yalnız atasının qazancı ilə dolanır, atası həbs olunarsa uşaqlar ac qalarlar”, – Zeynalova əlavə edib.

Ü.Xudiyeva

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …