“Azəristilik” ASC noyabrın 15-dən istilik mövsümünü açıq elan etsə də, paytaxtdakı bəzi binalara istilik verilməyib. “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyevin AzNews.az-a verdiyi məlumata görə, qurumun nəzdində 550 qazanxana var. Hamısı işə salınıb. Bəzi binalara istiliyin gedib çatmaması isə sadəcə qazın təzyiqinin aşağı olması ilə bağlıdır:

“Azəriqaz” qazın təzyiqini tədricən artırır. Çünki birdən- birə qaldırılan təzyiq problem yarada bilər. Qazanxanalar işə düşdükcə şəbəkədə qaz azalır. Buna görə də yenidən qazın təzyiqini mənbədən qaldırırlar. Biz “Azəriqaz”-dan xahiş etdik ki, bəzi qazanxanalar üçün qazın təzyiqini artırsınlar. Məsələn, Yasamal rayonunda bir xəttin üstündə 5 qazanxana var. Beşi də işə düşəndə təzyiq azalır. Narahatlığı başa düşürük. Bir-iki günə problem həllini tapacaq”.

“Azəriqaz” ASC-dən isə problemə cavab fərqlidir. Qurum bəyan edir ki, qazın təzyiqində heç bir problem yoxdur. “Azəriqaz” ASC-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev AzNews.az-a bildirib ki, bütün qazanxanalar lazımi həcmdə qazla təmin olunur:

“Qazın təzyiqi ilə bağlı problem var iddiası yalnışdır. Hansı qazanxanalara görə ki, “Azəristilik” bizə müraciət edib, həmin qazanxanalara da normaya uyğun qazın verilişi təmin olunub. Qazın təzyiqində heç bir problem yoxdur”.

Qeyd edək ki, “Azəristilik” ASC payız-qış mövsümünə tam hazır olduğunu açıqlayaraq, noyabrın 15-dən bütün binaların istiliklə təmin ediləcəyini vəd vermişdi.